AZ

“Mənfur rejimə Azərbaycan türkləri son qoyacaq VHP dən sərt bəyanat

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vətəndaş Həmrəyliyi Partiyası İranın Naxçıvan Muxtar Respublikasına hava hücumu ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Azərbaycan İrana qarşı dost və mehriban qonşuluq münasibəti bəsləsə də, İran hər zaman bunun əksini nümayiş etdirib. Bu gün xarici dövlətlərin hərbi müdaxiləsi ilə üz-üzə qaldığı bir zamanda belə fars-molla rejimi Azərbaycana qarşı riyakar davranır.

Bölgədə hərbi münaqişə başlayandan bəri Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb, bizim ərazimizdən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyini rəsmən bəyan edib.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali rəhbəri Xameneinin öldürülməsi ilə bağlı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub. Prezident İranın Azərbaycandakı səfirliyini şəxsən ziyarət edib və başsağlığı verib.

Bütün bunlara baxmayaraq, molla rejimi bu gün hədəfləri arasına Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını daxil edib, Naxçıvan şəhəri və aeroportunun ərazisinə dron zərbələri endirib.

Baş vermiş hadisənin heç bir izahı və bəhanəsi yoxdur. Naxçıvan Muxtar Respublikasında mülki təyinatlı obyektlərin heç bir əsas olmadan hədəf alınması molla rejiminin mahiyyətini, düşmənçilik xislətini və nankorluğunu bir daha ortaya qoyur.

Sonunun gəldiyini görən fars-molla rejimi qonşuluqdakı müsəlman dövlətlərinə zərbə endirməklə özünün dini mahiyyətinin çirkli maskadan başqa bir şey olmadığını göstərir.

Dünən Türkiyəyə, bu gün Azərbaycanın ərazisinə zərbə endirən rejim mənsubları, fars şovinizmi xəstəliyinə yoluxmuş SEPAH təmsilçiləri unudur ki, İran adlanan dövlətin əhalisinin milli mənsubiyyətinin böyük əksəriyyəti türkdür.

İllərlə Arazın Güneyində yaşayan soydaşlarımızın milli və insani haqlarının pozulmasına, onların ana dilində təhsil almaq hüquqlarının belə tanınmamasına qonşuluq münasibətləri naminə yumşaq münasibət göstərilib.

Artıq sonuna gəlib çatmış İran adlanan dövlət və onun xəstə təfəkkürlü idarəçiləri bütün qırmızı xətləri keçiblər.

Vətəndaş Həmrəyliyi Partiyası bəyan edir ki, Güney Azərbaycan türklərinin istiqlal uğrunda ayağa qalxmasının zamanı çatıb. Artıq nə Xiyabani, nə də Pişəvəri dönəmi deyil. Güney Azərbaycan türklərinin haqq davasının arxasında ona dəstək olacaq dövləti və yol göstərəcək üçrəngli bayrağı var.

Artıq bu nankor molla rejimini tarixin arxivinə göndərməyin vaxtıdır. Azərbaycan türkləri təşkilatlanmalı və öz hürriyyəti, istiqlalı uğrunda mübarizəyə başlamalıdır.

Yaxın və Orta Şərqin dini imperializminə çevrilən, təhdid və təhlükə mənbəyi olan mənfur rejimə məhz Azərbaycan türkləri son qoyacaq.

Tehran Təbrizin bir yumruğu ilə dağılacaq!”

Bakı şəhəri, 05 mart 2026-cı il

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
4
azpolitika.info

10Mənbələr