İranın dünən Türkiyəyə, bu gün isə Azərbaycana qarşı etdiyi alçaq davranışlar ölkə və dünya gündəmini zəbt edib.
Bu xain təxribatlar özü ilə bərabər 2021-ci il 15 iyunda iki qardaş ölkə-Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsini gündəmə gətirib.
İki qardaş ölkənin birgə hərəkətə keçməsi mümkündürmü? Şuşa Bəyannaməsinin qüvvəsi bu vəziyyətdə işə düşəcəkmi? Artıq Tehran nə qədər uzağa gedə bilər və bu avantüraya qarşı Azərbaycan və Türkiyə hansı cavabı verəcək?

Əslən Naxçıvandan olan, AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-da yaranan suallar ətrafında çox maraqlı məqamlara toxundu:
“Dünən Türkiyə, bu gün də Azərbaycan vuruldu. İran rejimi görünən odur ki, ağlını itirib. Öz hava məkanını üçüncü ölkələrə qapadan dövlətlərə zərbə endirmək faktiki özünü hədəfə qoymaq deməkdir. Hələ bu Türkiyə və Azərbaycan olduqda, öz ayağına sıxmaq deməkdir. Sən faktiki olaraq, iki qardaş ölkəyə deyil, daxilindəki 40 milyonluq türkə qarşı da savaş açmış olursan. Təbii ki, Türkiyə əraziləri davamlı zərbə önünə çıxarılacaqsa, aktiv hərbi əməliyyatlar başlayacaqsa, Şuşa Bəyannaməsinin tələblərinə görə, Azərbaycan da bu və ya digər şəkildə proseslərə qoşulacaq. Burada Azərbaycan ərazilərinin vurulması faktiki Türkiyənin üzərinə götürdüyü öhdəliklərdən çıxış edərək proseslərə qoşulması anlamına gəlir. Bundan əlavə, Azərbaycan-Türkiyə-Pakistan arasında olan Bakı Bəyannaməsi də var. Onun da işə düşməsi istiqamətində addımlar atıla bilər. Təbii ki, bu proseslər davam edərsə. Söhbət burada Naxçıvandan gedirsə, unutmayaq ki, Qars və Naxçıvan müqaviləsinin şərtlərinə görə, Naxçıvanın müdafiəsi həm də Türkiyənin üzərinə götürdüyü öhdəlikdir. Bu gün bu məsələlərə İranın necə cavab verəcəyi olduqca maraqlıdır. Azərbaycan təkcə öz ərazisindən İranın vurulmamasına icazə verməyən ölkə deyil, həm də NATO, Amerika və İsrailin bazalarının yerləşdirilməsinə icazə verməyib. Sən bunu hədəfə alan əməliyyat keçirirsənsə, cavab verməyə də məcbursan. Burada həm də söhbət hərbi deyil, mülki obyektlərin vurulmasından gedir. Orta məktəbin yaxınlığına dron düşüb. Təsəvvür edin ki, 50 metr o tərəfə dron düşsəydi, dərs saatlarında hansı faciələr yaşanacaqdı, düşünmək belə ağırdır. İran əməliyyatlar başlayan ilk gün ərazisində orta məktəbə düşən raketin həyatına son qoyduğu azyaşlı uşaqları düşünməli idi. İran Türkiyəyə etdiyi kimi, bizə də təkzib mövqeyindən çıxış edəcəksə, bu bizi qane etməyəcək. Yox raket və dronlarına nəzarət edə bilmədiyini deyəcəksə, demək ordusuna, texnikasına nəzarət edə bilmədiyini də etiraf etmiş olacaq. Bununla da silahlarını yerə qoy, Yaxın Şərqin də canı qurtarsın”.
Cavanşir ABBASLI
Musavat.com