AZ

ABŞ və İsrailin “kürd kartı” – Hədəf

“Kürdlər İran rejiminin devrilməsində əsas rol oynaya bilərlər”. Bunu İsrail xarici işlər nazirinin müavini Şaren Haskel bildirib. Haskel kürdləri tərifləyərək onları Qərbin ən etibarlı tərəfdaşlarından biri adlandırıb və “İŞİD-in məğlub edilməsində həlledici rollarını” qeyd edib. O, İsrail-Amerika hava qüvvələrinin və yerdəki kürd qırıcılarının birləşməsinin Tehrana təzyiqi əhəmiyyətli dərəcədə artıra biləcəyini söyləyib və əlavə edib ki, Qərb demokratiyasının “kürdlərə böyük borcu” var və “ayətullahların vaxtı tükənir”. Türkiyə Müdafiə Nazirliyinin bəyanatında isə deyilir ki, PJAK terror təşkilatı kimi etnik separatizmi qızışdıran qrupların fəaliyyəti təkcə İranın təhlükəsizliyinə deyil, həm də regionun ümumi sülhünə və sabitliyinə mənfi təsir göstərir. “Biz PJAK-ın İrandakı fəaliyyətini və regiondakı hərəkətlərini dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə yaxından izləyirik”, - qeyd olunur.

Bəs Qərb, İsrail niyə məhz kürdlərə “stavka” edir?

BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi, analitik Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, ümumiyyətlə, Yaxın və Orta Şərq coğrafiyasında kürd etnosu amilindən istifadə uzun müddətdir bir sıra Qərb dövlətlərin siyasətində aparıcı istiqamətlərdən biridir. Onun sözlərinə görə, kürd etnosu amilindən daha çox Türkiyəyə qarşı istifadə olunub. “PKK-nın yaranması və Türkiyəyə qarşı silahlı mübarizəsi məhz bununla əlaqədardır. Ötən əsrin sonlarından etibarən kürd etnosu amilindən həm də digər dövlətlərə qarşı istifadəyə başlandı. Erməni millətçiləri “Böyük Ermənistan” xəstəliyinə tutulduqları kimi, kürd millətçilərinin əksədiyyəti də “Böyük Kürdüstan” xəstəliyinə tutulublar. “Böyük Kürdüstanın” xəyali xəritəsi Suriya, İraq, Türkiyə, Güney Azərbaycan və Azərbaycan Respublikasının bir neçə rayonunu əhatə edir. “Böyük İsrail”-i dövlət siyasəti səviyyəsinə yüksəltmiş İsrailin hazırkı hakimiyyəti və onun güclü tərəfdaşı olan ABŞ da bundan yararlanmaq siyasətini həyata keçirirlər. İsrail hərbçiləri tərəfindən irəli sürülən və şərti olaraq “yeni Orta Doğu” layihəsi adlandırılan bir layihə mövcuddur”,- deyə Q.Əlibəyli bildirib.

qaynarinfo.az

Mütəxəssisin fikrincə, bu layihəyə görə dünya xəritəsinə Suriya, İraq və Güney Azərbaycanın hesabına yaradılan yeni bir dövlət – kürd dövləti çıxmalıdır: “Təbriz də həmin dövlətin tərkibinə daxil olmalıdır. Yaradılması nəzərdə tutulan yeni kürd dövlətinin güman olunan coğrafiyası da diqqəti çəkir. Həmin coğrafiyada yeni kürd dövlətinin yaranması ilə Türkiyənin Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri ilə birbaşa əlaqəsi kəsilir və Türkiyə faktiki ona düşmən olan və uzun müddət ona qarşı silahlı mübarizə aparan qüvvələrlə tam əhatə olunur.

ABŞ-İsrail tandemi bu layihənin praktiki icrasına da başlayıb. İraqda demək olar ki, müstəqil dövlət olan kürd muxtariyyəti artıq yaradılıb. Urmiyə və Güney Azərbaycanın Türkiyə ilə həmsərhəd olan bölgələrinə çoxlu sayda kürd ailələri köçürülüb. Bir müddət bundan əvvəl Azərbaycanın da bəzi rayonlarına kürd ailələrinin köçürülməsi haqqında məlumatlar getdi. Türkiyənin gücü ilə Suriyada proses hələlik dayanıb və əsas diqqət İrana yönəldilib. Keçən il İsrailin və ABŞ-ın İrana hücumu ilə əlaqədar kürd silahlıları hazırlıq vəziyyətinə gətirilmişdi. Bu il isə kürd silahlıları ilə ABŞ və İsrail rəhbərlərinin danışıqları haqqında mediada kifayət qədər etibarlı məlumatlar gedir”.

Q.Əlibəyliyə görə, indiki şəraitdə görünən budur ki, ABŞ və İsrailin raket və aviasiya zərbələri öz məqsədinə tam şəkildə çatmayıb:” Rejimin rəhbəri və əsas hərbi başçıları öldürülsə də, rejimi məhv etmək və ya əsaslı şəkildə sarsıtmaq mümkün olmadı. İranın hazırkı rejiminin tam məğlubiyyətindən danışmaq hələ tezdir. Ona görə də İran rejiminin daxildən parçalanması taktikasına üstünlük verilir və kürd silahlılarından istifadəyə cəhd edilir. Təbii ki, bunun əvəzində kürd silahlılarına müəyyən geosiyasi vədlər verilir. Bu vədlərin dairəsi kürdlərə İranda siyasi muxtariyyət verilməsindən müstəqil kürd dövlətinin yaradılmasına qədər əhatə edə bilər. Hər 2 hal Güney Azərbaycan üçün təhlükə vəd edir. Belə ki, kürdlərə həm muxtariyyətin verilməsini və həm də müstəqil kürd dövlətinin yaradılmasını Güney Azərbaycanın əraziləri hesabına etmək nəzərdə tutulur. Bütün hallarda ABŞ və İsrailin öz geosiyasi maraqlarının müəyyən hissəsini kürdlərin əli ilə təmin etmək niyyəti açıq-aydın görünür. Yəni məşhur Azərbaycan atalar sözü ilə desək “İlanı Seyid Əhməd əli ilə tutmaq” istəyirlər”.

Emil Salamoğlu
Musavat.com

Seçilən
22
29
musavat.com

10Mənbələr