RU

Naxçıvana hücumun ŞOK DETALLARI: Qəsd, yoxsa təsadüf?

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda region ölkələrinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da dərinləşir. Son günlərdə İran ərazisindən müxtəlif istiqamətlərə pilotsuz uçuş aparatlarının göndərilməsi barədə yayılan məlumatlar vəziyyətin coğrafiyasının genişləndiyini göstərir. 5 mart tarixində İran tərəfindən Azərbaycan ərazisinə – konkret olaraq Naxçıvan Muxtar Respublikası istiqamətində dron hücumlarının həyata keçirildiyi bildirilir. Məlumata görə, hədəflər sırasında Naxçıvan Beynəlxalq Hava Limanı və digər mülki infrastruktur obyektləri də olub.

Regionda onsuz da həssas olan balansın belə bir şəraitdə pozulması ciddi siyasi və hərbi nəticələr doğura bilər. Rəsmi Bakının bu insidentə hansı formada reaksiya verəcəyi, hadisənin qəsdən yoxsa təsadüf nəticəsində baş verib-vermədiyi isə əsas müzakirə mövzusuna çevrilib. Bəs Naxçıvana yönələn bu hücum bölgədə yeni qarşıdurma mərhələsinin başlanğıcı ola bilərmi?

Hadisə ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa son günlər regionda artan gərginliyin narahatlıq doğurduğunu bildirib.

Xankəndidə

O, qeyd edib ki, baş verən hadisələr qınanılmalı və müharibə ritorikasından uzaq durulmalıdır:

“Biz nə ABŞ-ın İrana, nə də İranın hər hansı qonşu dövlətə hücum etməsini doğru saymırıq. Təəssüf ki, bölgədə savaş mühiti formalaşıb. İranla Körfəz ölkələri arasında gərginlik yaşanır. İran bəzi müsəlman ölkələrinə raket və dron zərbələri endirərkən bunu həmin ərazilərdə ABŞ hərbi bazalarının olması ilə əsaslandırır. Lakin bu yanaşma beynəlxalq hüquq baxımından məqbul hesab edilə bilməz”.

Politoloqun sözlərinə görə, əgər bir pilotsuz uçuş aparatı sərhədi keçsəydi, bunu texniki səhv və ya təsadüf kimi qiymətləndirmək mümkün olardı. Lakin hadisənin təkrarlanması məsələyə fərqli yanaşmanı zəruri edir:

“Bir neçə dronun göndərilməsi artıq təsadüf ehtimalını azaldır. Bu, ya təhdid mesajıdır, ya da düşünülməmiş hərbi qərarın nəticəsidir. Nə Azərbaycan, nə də Türkiyə bu cür hücumlara əsas verəcək addım atmayıb. Əksinə, rəsmi Bakı dəfələrlə İranın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib”.

Əli Mustafa vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, hər hansı dövlətin qonşu ölkənin mülki infrastrukturuna zərbə endirməsi qəbuledilməzdir:

“İran özünü hücuma məruz qalan dövlət kimi təqdim edir. Lakin bu, onun qonşu ölkələrə qarşı oxşar addımlar atmasına əsas vermir. Əgər bu cür hallar davam edərsə, regionda vəziyyət daha da gərginləşə bilər.

Azərbaycan diplomatik kanalları işə sala, beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıra və hava hücumundan müdafiə tədbirlərini gücləndirə bilər. Belə addımlar həm təhlükəsizliyin təmin olunması, həm də eskalasiyanın qarşısının alınması baxımından vacibdir”.

Ekspert sonda regionda müharibənin genişlənməsinin heç bir tərəfə fayda verməyəcəyini vurğulayıb və gərginliyin dayandırılmasına çağırış edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Избранный
65
50
konkret.az

10Источники