RU

İctimai Birlik sədri: Maarifləndirmədə innovativ və əlçatan metodlardan istifadəni prioritet hesab edirik MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 mart, AZƏRTAC

“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədr müavini Aytac Zülfüqarlı qadın və uşaqların maarifləndirilməsi istiqamətində həyata keçirilən işlərlə, rəqəmsallaşma və innovativ yanaşmaların genişləndiyi bir dövrdə tətbiq edilən yeni metodlarla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi qadın və uşaqların maarifləndirilməsi istiqamətində hazırda hansı əsas layihələri həyata keçirir və bu təşəbbüslər dövlət siyasətinin prioritetləri ilə necə uzlaşdırılır?

- “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi qadınların, uşaqların və həssas sosial qrupların sosial müdafiəsi və maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir. Təşkilatımız Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstək məktubu əsasında yaradılıb və fəaliyyətini dövlət siyasətinin prioritet istiqamətlərinə uyğun qurur. Hazırda Mingəçevir şəhərində əlilliyi olan uşaqlar üçün Reabilitasiya Mərkəzi və şəhid ailələrinin, eləcə də həssas qrupların övladları üçün Günərzi Qayğı Mərkəzi, Bakı şəhərində isə Ahıllar Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər Azərbaycan Respublikasının Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb. Layihələr ilkin olaraq 9 aylıq nəzərdə tutulsa da, müddət başa çatsa belə, təşkilat olaraq fəaliyyətimizi öz imkanlarımız hesabına davam etdiririk. Bununla yanaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə erkən nikahların qarşısının alınması, narkomaniya ilə mübarizə və sağlamlıq imkanları məhdud xanımlar üçün peşə kursları həyata keçirilib. Eyni zamanda, təşkilatımız dövlət maliyyəsindən əlavə, öz təşəbbüsü ilə də qadın və uşaqların maarifləndirilməsi istiqamətində davamlı layihələr icra edir. Ümumilikdə bu fəaliyyətlər dövlətin sosial müdafiə, gender bərabərliyi, ailə institutunun möhkəmləndirilməsi və həssas qrupların dəstəklənməsi siyasəti ilə uzlaşır və sosial rifahın artırılmasına xidmət edir.

- Rəqəmsallaşma və innovativ yanaşmaların genişləndiyi bir dövrdə qadın və uşaqların hüquqi, sosial və psixoloji maarifləndirilməsi sahəsində hansı yeni metod və alətlərdən istifadə etməyi planlaşdırırsınız?

- Rəqəmsallaşmanın genişləndiyi müasir dövrdə qadın və uşaqların hüquqi, sosial və psixoloji maarifləndirilməsi istiqamətində innovativ və əlçatan metodlardan istifadə etməyi prioritet hesab edirik. Artıq sosial media platformaları üzərindən maarifləndirici sosial çarxlar hazırlayıb, ictimaiyyətə təqdim etmişik. Bu çarxlar erkən nikah, ailədaxili münasibətlər, sağlamlıq imkanları məhdud xanımların peşə təhsilinə dəstək, narkomaniya ilə mübarizə, qadın hüquqları və sosial məsuliyyət kimi mövzuları əhatə edir və geniş auditoriyaya çatmaq baxımından effektiv alətə çevrilib. Gələcəkdə isə onlayn vebinarlar, interaktiv canlı yayımlar, rəqəmsal buklet və infoqrafikalar, həmçinin anonim onlayn hüquqi və psixoloji məsləhət mexanizmlərinin tətbiqini planlaşdırırıq. Məqsədimiz məlumatı daha sürətli, əlçatan və təsirli formada təqdim etməkdir. Bu yanaşmalar qadın və uşaqların məlumatlılığını artırmaqla yanaşı, onların sosial fəallığını və hüquqlarını müdafiə bacarığını gücləndirməyə xidmət edəcək.

- Qadın və uşaqların hüquqlarının müdafiəsi və onların sosial rifahının artırılması istiqamətində dövlət qurumları ilə əməkdaşlıq necə qurulur və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi ilə bağlı hansı hədəflər mövcuddur?

- Qadın və uşaqların hüquqlarının müdafiəsi və sosial rifahının artırılması istiqamətində dövlət qurumları ilə əməkdaşlığımız qarşılıqlı dəstək və layihə əsaslı şəkildə qurulur. Qeyd etdiyim kimi, təşkilatımız Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstək məktubu əsasında yaradılıb. Eyni zamanda, Azərbaycan Respublikasının Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə layihələr həyata keçirmişik. Əməkdaşlıq əsasən birgə layihələrin icrası, həssas ailələrin yönləndirilməsi, maarifləndirici tədbirlərin təşkili və sosial xidmətlərin göstərilməsi formasında həyata keçirilir.Gələcəkdə məqsədimiz bu əməkdaşlığı daha da genişləndirmək, regionlarda yeni layihələr həyata keçirmək və qadın və uşaqlara göstərilən sosial və maarifləndirici xidmətlərin əhatə dairəsini artırmaqdır. Əsas hədəfimiz dövlət qurumları ilə birlikdə daha çox insana dəstək olmaq və onların hüquqlarının qorunmasına töhfə verməkdir.

Müxbir - Günel Türksoy

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
2
azertag.az

3Источники