RU

Tənzilə Rüstəmxanlı: “Azərbaycan Prezidenti İran səfirliyinə gedib başsağlığı verməklə əxlaq dərsi verdi”

“İran parçalanacaqsa, qoy orada ikinci bir Azərbaycan dövləti də olsun. Bunu kim istəməz? Hər halda bu dəqiqə məsələ İranı həm içdən parçalamaq, həm də kənardan müdaxilə ilə yox etməkdir. Düşünmək lazımdır. Bu bizə də xeyir verməz. Amerikanın elə bir dərdi yoxdur ki, orada Azərbaycan dövləti yaratsın. Bunu istəməzlər”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Cənubi Azərbaycan məsələsinə münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, regionda baş verən müharibə, gərginlik bütün bölgəni maraqlandıran və ətraf ölkələrə təsir edən hadisədir: “Kaş bu bölgədə bütün bunlar yaşanmasaydı. Bir faktı etiraf etmək lazımdır ki, əlbəttə, İran Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı tamam başqa, düşmən mövqeyində idi, ermənidən daha betər mövqe nümayiş etdirmişdi. Biz Dünya Azərbaycanlıları Konqresi olaraq hər zaman fəaliyyətimizdə İranın daxildə soydaşlarımıza etdiyi haqsızlıqları tənqid etmişik, ona qarşı çıxmışıq. Bu, indi də davam edir. Başqa millətlərdən fərqli olaraq İran Azərbaycan türklərinə hər zaman ən xırda insani, mədəni haqlarını tanımayıb. Bu, İranın bizim millətə qarşı olan çox böyük mənfi yanaşmasıdır. Hazırda isə həqiqət budur ki, Amerikanın işğalçı siyasəti dünyanı idarə etmək iddiasındadır, idarə edir də. İsraillə iş birliyi nəticəsində çox çirkin hücumları, Qəzzada yaşananlar müsəlman toplumu olaraq bizi də narahat etməlidir. Şəxsən öz adıma deyirəm, hər zaman bunun əleyhinə olmuşam. Neçə illərdir, Amerika, İsrail haqqında mif yaradılıb ki, onlar məğlumedilməzdir. İran bu dəqiqə Amerika ilə də, İsraillə də təkbaşına savaşır. Amerikanın okeanın o tayından gəlib, illərdir, münaqişə bölgəsinə, yuvasına çevirdiyi ölkələrə baxın. Bölgəmizdə, Şərqdə, Orta Şərqdə apardığı siyasətə baxın ki, ya müsəlmanları bir-biri ilə savaşdırır, ya da fitnə-fəsad əkib özü birbaşa savaş açır. Təəssüf ki, müsəlman dövlətləri Amerikanın apardığı bu siyasətin qarşısında susmaq məcburiyyətindədirlər. İran müəyyən müsəlman ölkələrində Amerikanın hərbi bazalarını vurur, onlara qarşı savaş açmayıb. Amerika həmin müsəlman dövlətlərində öz hərbi bazalarını yerləşdirib və bunlar da susmaq məcburiyyətindədirlər. Çoxunun ordusu yoxdur, varsa da, təhlükəsizliyi təmin edəcək qədər deyil, çox az səviyyədədir. Hansısa xarici müdaxiləyə qarşı vuruşacaq hərbi gücləri yoxdur. Ərəb Əmirliklərinin hansı əsgəri gücü var? Bəhreyn, Qətər... Vəziyyət budur. Amerikanın bu gün bölgəmizi - Yaxın Şərqi qan gölünə çevirməsinin, bir müsəlman olaraq, müsəlman coğrafiyasında savaş açmasının əleyhinəyəm. Amerika bütün cizgiləri aşıb. Öz pisliyini, "Epşteyn məsələsi"ni gündəmdən düşürmək, yox etmək üçün İsraillə birlikdə İrana hücum etdi. Çünki dünyanın gözü önündə insanlıq səhvi edib, uşaqların naləsi insanın qulağından getmir, yuxusunu qaçırır... Bunun səbəbkarı Amerikanın başında duran siyasi liderdir. Adam bu dəqiqə o çirkabı gizlətmək üçün müsəlman dövlətlərinə, o cümlədən İrana savaş açıb. Əlbəttə, İran da savaş ortamını hazırladı. Amma yenə də İran bizim qonşumuzdur, müsəlman dövlətidir. Amerika İranın dini liderini evində körpə nəvəsi ilə birgə vurdu. İran xalqına başsağlığı verirəm. Çox istəyərdim ki, Azərbaycanımız bu savaşın içindən sağ-salamat çıxsın. Amerikanın iç üzü budur, qızlar məktəbinə hücum edir, raket atır, yox edir. Düşünürəm, dünyada heç kimin yəhudi xalqına etməyəcəyi bir pisliyi bu gün birinci Netanyahu olmaqla onun başında duran siyasi liderlər edir. Ya fərqindədirlər, ya da deyillər, bütün dünyanı yəhudi millətinə qarşı qaldırıblar. Bütün bunlar İsrailin şovinist siyasi liderlərinin apardığı siyasətin nəticəsidir. Amerika da onun dəstəkçisidir. Bu məsələ qısa zamanda sülh yolu ilə öz həllini tapmalıdır. Əlbəttə, bu bölgədə Azərbaycan və Türkiyənin üzərinə də böyük işlər düşür. Bu gün cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz bu siyasi və işğalçı xarakteri olan savaşda özünü qoruyub saxlaya bilir. Cənab Prezident İlham Əliyev İrana bir dövlət əxlaqı dərsi verdi. İran səfirliyinə gedib başsağlığı verməklə İlham Əliyev göstərdi ki, dövlət əxlaqı, ənənəsi nə coğrafiyasının, nə əhalisinin çoxluğundan asılıdır. Dövlət ənənəsi və əxlaqı onun başında duran liderin apardığı uğurlu siyasətin, dik duruşun nəticəsidir".

 

Aytəkin Qardaşova

Tarix: 5 Mart 2026, 12:11   
Избранный
38
pravda.az

1Источники