Bu ilin yanvarında Bakıda həbs edilənlərin bu terror qruplaşması ilə əlaqələri üzə çıxmışdı
İslamabad və Kabil arasındakı gərginlik fonunda İŞİD-in sağ qalan, ən təsirli qanadı - “Vilayət Xorasan” (İŞİD-K) yenidən peyda olub. İŞİD-Xorasan, beynəlxalq mediada isə “İŞİD-K” kimi təqdim olunan qruplaşma hazırda İran, Əfqanıstan və Orta Asiya regionunu əhatə edən ərazidə fəaliyyət göstərən qruplaşmadır.
Bu qruplaşmanın adı son illərdə daha çox xarici ölkələrdəki terror aktları ilə xatırlanır. 2024-cü il yanvarın 28-də Türkiyədə “Santa Maria” kilsəsinə hücum, Moskvada “Krokus City” və İranda Şah Çıraq ziyarətgahına və Məşhəddə din xadimlərinə və Qasim Süleymaninin ildönümündə baş verən partlayışların məsuliyyətini onlar üzərlərinə götürüb. Bildirilir ki, Pakistanla “Taliban” arasında mövcud gərginlik bu terror qruplaşmasına təkcə bu regionda deyil, Orta Asiyada, ümumiyyətlə, İslamın olduğu bütün ölkələrdə yenidən boy göstərmək fürsətdir.
Bu ilin yanvarında xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yaymışdı. Bildirilib ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb. Adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hücumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Azərbaycanda xüsusi xidmət orqanlarının sərt və davamlı tədbirləri nəticəsində yüzlərlə vətəndaş bu təhlükədən qorunub, 200-dən çox şəxs vətəndaşlıqdan çıxarılıb. Burada vacib məqam odur ki, terror təşkilatları indi daha incə, daha hiyləgər metodlarla insanları cəlb edirlər. Virtual platformalar və sosial şəbəkələr - Telegram, WhatsApp, Discord və digər tətbiqlər vasitəsilə cəlb etmə davam edir. Bu qruplar fərdləri dini və ideoloji motivlərlə radikallaşdırır. Psixoloji manipulyasiya - qardaşlıq, dəyərli olmaq, əməkdaşlıq kimi emosional motivlərlə insanları cəlb edirlər. Terror qruplaşmaları, o cümlədən “Vilayət Xorasan” da Azərbaycan vətəndaşlarını cəlb etmək üçün əsasən ideoloji və psixoloji manipulyasiyadan istifadə edir. Onlar sosial problemləri olan insanları hədəf alır, onlayn təbliğat, saxta dini arqumentlər, maddi vədlər və tədrici radikallaşdırma üsulları ilə təsir göstərirlər. Bir ay əvvəlki həbs də təsdiq edir ki, Azərbaycan bu cür terror qruplaşmalarının hədəfi olmaqdan sığortalanmayıb.

Arzu Nağıyev
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, müasir terror artıq klassik silahlı dəstə modelindən çıxaraq “şəbəkəvari və hüceyrə prinsipi” ilə fəaliyyət göstərir: “Radikallaşma artıq fiziki məkanda deyil, virtual platformalarda baş verir. İdeoloji təsir mexanizmləri psixoloji manipulyasiya ilə birləşdirilir. Hədəf qrup əsasən sosial narazılığı və identiklik böhranı yaşayan gənclərdir. "Vilayət Xorasan"ın istifadə etdiyi metodlar - Telegram, WhatsApp, Discord kimi platformalarda qapalı kanallar, saxta dini arqumentlər, qardaşlıq və missiya hissinin yaradılması klassik terror təbliğatından daha incə və təhlükəlidir".
Arzu Nağıyev deyib ki, bu gün təhlükəsizlik artıq yalnız sərhəd qorunması deyil, informasiya və ideoloji təhlükəsizlik məsələsidir: “Pakistan-Taliban münasibətlərindəki ziddiyyətlər, Əfqanıstanda qeyri-sabitlik və İran daxilindəki təhlükəsizlik boşluqları "Vilayət Xorasan" üçün manevr imkanları yaradır. Terror təşkilatları məhz belə geosiyasi boşluqlardan istifadə edərək yeni üzvlər cəlb edir, regional dayaqlar formalaşdırır. Eyni zamanda xarici ölkələrdə səs-küylü aktlarla “mövcudluq siqnalı” verir".
Arzu Nağıyev bildirib ki, Azərbaycan həm tranzit-logistika xəritəsində, həm də beynəlxalq enerji və diplomatik mərkəz kimi diqqət mərkəzindədir: “Xarici səfirliklərə qarşı planlaşdırılan hücum cəhdi təsadüfi deyil. Bu, dövlətin beynəlxalq imicinə zərbə vurmaq və regionda destabilizasiya yaratmaq cəhdi idi. Bu gün terrorla mübarizədə üçpilləli strategiya tətbiq edilir. Operativ-preventiv tədbirlər - xüsusi xidmət orqanlarının qabaqlayıcı əməliyyatları gerçəkləşdirilir. Terror fəaliyyətinə görə sərt cinayət məsuliyyəti və vətəndaşlıq məsələlərinə dair qərarlar çıxarılır. Eyni zamanda ideoloji-profilaktik iş aparılır ki, bu da nəticə etibarilə dini radikalizmin qarşısının alınmasını hədəfləyir. Xüsusi xidmət orqanlarının sərt və davamlı tədbirləri nəticəsində yüzlərlə vətəndaş mümkün təhlükədən qorunub. Bu, həm də göstərir ki, təhlükə realdır, lakin nəzarət altındadır”.
Arzu Nağıyev vurğulayıb ki, “Vilayət Xorasan”ın aktivləşməsi region üçün ciddi siqnaldır: “Lakin Azərbaycan artıq 1990-cı illərin zəif təhlükəsizlik mühitində deyil. Dövlət strukturları koordinasiyalı şəkildə fəaliyyət göstərir, hüquqi baza möhkəmdir, operativ imkanlar genişdir. Buna baxmayaraq, müasir terrorla mübarizə yalnız güc strukturlarının işi deyil. Cəmiyyətin ayıq-sayıq olması, valideynlərin və müəllimlərin diqqəti, media və ictimai platformaların aktiv iştirakı, gənclərin radikallaşmasının qarşısının alınmasında həyati rol oynayır. Müasir terror həm ideologiya, həm də psixologiya müstəvisində vuruşur; dövlət güclüdür, amma cəmiyyət də həmrəy olmasa, təhdid tam nəzarət altına alınmayacaq. Burada sadəcə silah təhlükəsi yoxdur; psixoloji manipulyasiya, ideoloji təsir və tədrici radikallaşdırma təhlükəsi var. Bu, ənənəvi terror təbliğatından daha hiyləgər və təhlükəlidir. Azərbaycan cəmiyyəti ayıq-sayıq olmalıdır”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com