RU

Tramp: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında tankerləri müşayiət edəcək...

Vaşinqton enerji daşımalarının təhlükəsizliyini təmin etmək üçün hərbi və maliyyə mexanizmlərini işə sala bilər...

Poliqon xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb. ABŞ prezidenti bildirib ki, zərurət yaranacağı təqdirdə ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçən neft və qaz tankerlərini müşayiət etməyə başlayacaq. O qeyd edib ki, bu qərar yaxın vaxtlarda qəbul oluna bilər.

Ağ Evin rəhbəri həmçinin Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasına (DFC) tapşırıq verib ki, Fars körfəzi vasitəsilə həyata keçirilən bütün dəniz ticarəti, xüsusilə enerji daşıyıcıları üçün siyasi risklərə qarşı sığorta və maliyyə təhlükəsizliyi zəmanətləri “çox münasib qiymətlərlə” dərhal təmin edilsin. Bu addımın məqsədi regionda artan təhlükəsizlik riskləri fonunda qlobal enerji bazarlarında sabitliyi qorumaqdır.

Martın 3-də “Politico” nəşri mənbələrə istinadən yazıb ki, Tramp administrasiyası enerji qiymətlərini sabitləşdirmək məqsədilə Hörmüz boğazından keçən neft və qaz tankerlərinə hərbi mühafizə təqdim olunması imkanını nəzərdən keçirir. Ekspertlərin fikrincə, bu boğaz dünya üzrə neft daşımalarının əhəmiyyətli hissəsinin keçdiyi strateji su yoludur və burada hər hansı eskalasiya qlobal bazarlara dərhal təsir göstərə bilər.

Eyni gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri İbrahim Cəbari bəyan edib ki, SEPAH Hörmüz boğazından keçməyə cəhd edən istənilən gəmini yandırmağa hazırdır. Onun sözlərinə görə, İran zərurət yaranacağı halda Yaxın Şərqdəki bütün boru kəmərlərinə zərbələr endirməyə və regiondan neft ixracını bloklamağa da hazırdır.

Bölgədə qarşılıqlı bəyanatlar və hərbi ritorikanın sərtləşməsi beynəlxalq enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Analitiklər hesab edirlər ki, Hörmüz boğazında mümkün hərbi müşayiət mexanizminin tətbiqi həm riskləri azalda, həm də gərginliyi daha da yüksəldə bilər.

Poliqon.info

Избранный
39
50
poliqon.info

10Источники