Son illərdə bölgədə və dünyada sürətlə inkişaf edən proseslərin fonunda qardaş Türkiyənin regional siyasəti yeni mərhələyə daxil olmaqdadır. Artıq bu bölgə Ankara üçün təkcə tarixi və mədəni yaxınlıq məkanı deyil, həm də təhlükəsizlik, enerji, nəqliyyat və geosiyasi nüfuz baxımından strateji prioritetlərdən biri kimi formalaşmaqdadır.
Bəs bundan sonra Türkiyənin regionla bağlı siyasət kursu necə olacaq? Mövcud siyasətdə real dəyişikliklər gözlənilirmi, yoxsa Ankara indiyədək seçdiyi xətti daha da sərtləşdirərək dərinləşdirəcək?
Artıq Azərbaycanla müttəfiqlik münasibətləri, Zəngəzur dəhlizi perspektivi, Türk Dövlətləri Təşkilatının fəallaşması qardaş ölkəni bölgədə sadəcə iştirakçı yox, oyunqurucu aktora çevirməkdədir. Bu isə istər-istəməz suallar da meydana çıxarır.
Türkiyə regional liderliyə gedən yolda hansı riskləri və fürsətləri önə çıxarmalıdır?
Digər tərəfdən, Ermənistanla normallaşma cəhdləri, Gürcüstanla strateji tərəfdaşlıq və İran amilinin diqqətlə balanslaşdırılması Ankaradan daha çevik və çoxşaxəli diplomatiya tələb edir. Türkiyə üçün əsas çağırış yalnız hərbi və siyasi güc nümayiş etdirmək deyil, eyni zamanda iqtisadi inteqrasiya, kommunikasiya xətlərinin açılması və regional əməkdaşlıq mexanizmlərinin qurulmasıdır.
Bu kontekstdə Ankara qarşısında əsas bu sual dayanır ki, Türkiyə Cənubi Qafqazda təsirini sərt gücə söykənərəkmi artıracaq, yoxsa yumşaq güc, iqtisadi alətlər və diplomatik təşəbbüslərlə uzunmüddətli liderliyini möhkəmləndirəcək?
Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında diqqətimizə çatdırdı ki, hazırda Yaxın və Orta Şərqdə olan gərgin vəziyyət bütün dünyaya, o cümlədən Cənubi Qafqaza da sirayət edib: "Region kifayət qədər dəyişikliyə məruz qala bilər. Cənubi Qafqaz ölkələrinin Qərbə inteqrasiya prosesində də yeniliklərin olacağını gözləmək mümkündür. Təbii ki, bu prosesin önündə Türkiyənin dayanacağını demək mümkündür. Avropa İttifaqının bir mərkəz kimi nüfuzunun azalması, Birləşmiş Ştatlarla məsafənin uzaqlığı Türkiyəni önə çıxarır. Yeni dünya düzənində vahid super gücün qalacağı təqdirdə regional mərkəzlərin qurulacağını ehtimal etmək olar. Türkiyə bu mərkəzlərdən birinə çevriləcək. Çox güman ki, təkcə Cənubi Qafqaz deyil, Yaxın və Orta Şərq də Türkiyənin təsir dairəsində olacaq.
Türkiyənin indiki beynəlxalq siyasəti ona bu statusu qazanmağa haqq verir. Münaqişə və müharibələrə qoşulmadan, daha çox barışdırıcı missiyasını davam etdirməklə Türkiyə nüfuzunu qoruyub saxlamalı və artırmalıdır".
Cavanşir Abbaslı
Musavat.com