RU

Adı qadağa siyahında olan Əli Mirəliyev: Mənə qaçaqmalçı deyəcəklər?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda televiziya məkanında aparılan islahatlar davam edir.

Son günlər bir sıra verilişlərin bağlanması və bəzi ifaçılara tətbiq olunan məhdudiyyətlərdən sonra efir siyasətində yeni mərhələnin başlandığı müşahidə olunur. Artıq proqramlara daha çox sənəti, peşəkarlığı, səsi və efir etikası ilə seçilən sənətçilər dəvət edilir.

Bu dəyişikliklər həm teleməkanın estetik səviyyəsinin yüksəlməsinə, həm də tamaşaçı zövqünün qorunmasına xidmət edir və cəmiyyət tərəfindən müsbət qarşılanır.

Məlumata görə, baş verən yeniliklər çərçivəsində ciddi musiqinin təbliğinə yetərincə önəm vermədikləri və efir məsuliyyətinə diqqətsiz yanaşdıqları iddia edilən daha bir qrup müğənni və sənət adamına efir qadağası tətbiq olunub. 

Qadağa siyahısında Vəfa Şərifova, Təranə Qumral, Musa Musayev, Pərvin Abıyeva, Əli Mirəliyev, Aytac Vidadi qızı, Samirə Yusifqızı (Meyxanaçı Samirə), Fərəh Samirəqızı, Ayan Babakişiyeva, Müjgan Ayxan, Aşıq Mübariz, Türkan Vəlizadə, Aytac Tovuzlu, Yaşar Qafanlı, Afaq Aslan, Sevil İsgəndərli, Elşən Xəzər, Cəmilə Elit Star, Rəqqasə Aygün, Luna, Arzu Abdulova, İsrail Məmmədov, Günel Ələkbərova (“Pişik Günel”), Səma Abdullayeva, Səbinə Abdullayeva, Firuzə Babayeva, Arzuxanım Həsənova, Aygül Səfərova, Niqa Yılmaz, Meydan Əsgərov yer alıb. 

Müğənni Əli Mirəliyev “Cebheinfo.az”-a açıqlamasında efir qadağası ilə bağlı xəbərlərin əsassız olduğunu bildirib:

“Əgər mənə efir qadağası qoyulubsa, o zaman rəhbərlik məni niyə işdən çıxartmır? Mən aparıcı kimi çalışıram. 76 yaşında kişinin nə qalmaqalı ola bilər? Mən bunlarla mübarizə aparıram. 

İndi hansısa siyahıdan danışırlar. Guya orada “müğənniciklər” var. “Müğənniciklər” mənim sözümdür. Onlarla  mən mübarizə aparıram. Nəhayət ki, 20 ildən sonra mənim səsimi eşitdilər və onları efirdən uzaqlaşdırırlar.  Amma hamısı yox, hələ də siyahıda “ara mahnısı” oxuyanlar qalır. Həmin siyahıda mənim də adımın olduğu deyilir, canları sağ olsun. Amma mən axı müğənni deyiləm, aparıcıyam. Müğənni kimi fəaliyyətdə deyiləm, aparıcıyam. Bu qərar müğənnilərə aiddir, aparıcılara yox”.

Müğənni əlavə edib ki, aparıcı kimi əsas vəzifəsi efirə dəvət olunan ifaçıları qiymətləndirməkdir:

“Mənim işim müğənnilərə dəyər vermək, onların ifasını qiymətləndirməkdir. Yəni oxuya bilir ya yox. Mənim vəzifəm budur. Efirə dəvət edirik, oxuyurlar, qulaq asırıq, oxuya bilirsə, “hə”, bacarmırsa, “yox” deyirik. 

76 yaşında kişiyə nə deyəcəklər, “qalmaqalçıdır”  deyəcəklər? Söhbət Azərbaycan mahnısını gözdən salan, onu unutdurmağa çalışan, səviyyəsiz “ara mahnıları” ifa edən şəxslərdən gedir. Bu, mənə aid deyil”.

Qeyd edək ki, müğənni Əli Mirəliyev ARB-dan sonra, Kanal S-də fəaliyyət göstərir. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
1
cebheinfo.az

2Источники