RU

Elçin Qaliboğlu: Azərbaycan ruhunda od təkcə fiziki istilik və işıq mənbəyi deyil

Bakı, 3 mart, AZƏRTAC

Novruzla bağlı düşüncə minilliklərin dərinliyinə, təxminən 6–7 min il əvvələ gedib çıxır. Bu torpaqlarda yaşayan əcdadlarımızın hələ sistemli dünyagörüşü formalaşmamışdı, lakin ilkin təsəvvürlər, mifoloji baxışlar mövcud idi. Bəşər tarixinin inkişaf xəttinə baxdıqda görürük ki, bu ilkin təsəvvürlər zamanla zənginləşərək formalaşıb və Novruz kimi bütöv bir bayram anlayışına çevrilib. Əcdadlarımızın düşüncəsində qışdan yaza keçid sadəcə təbiət hadisəsi deyildi. Bu, kosmik və mənəvi yenilənmə kimi qəbul olunurdu. Qışın ən sərt dövrü olan böyük çillə 40 gün davam edir, ardınca kiçik çillə gəlir və nəhayət, yazın nəfəsi hiss olunan boz ay başlayır. Boz ay artıq oyanışın, torpağın canlanmasının, günəşin güc toplamasının müjdəçisi sayılırdı. Mart ayının “bayram ayı” kimi qəbul olunması da məhz bu düşüncədən qaynaqlanır.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu deyib.

Novruz ənənəsində odla bağlı inancların xüsusi yer tutduğunu vurğulayan alim deyib: “Azərbaycan ruhunda od təkcə fiziki istilik və işıq mənbəyi deyil. O, mənəvi oyanışı, paklanmanı, daxili təmizlənməni ifadə edir. Əcdadlarımız üçün od müqəddəs idi; o, həm qoruyucu, həm də saflaşdırıcı güc sayılırdı. İnsanlar odun üzərindən atılmaqla ağırlıqlarını, xəstəliklərini, mənfi enerjini geridə qoyduqlarına inanırdılar. Bu inamın kökləri qədim od mədəniyyətinə dayanır və Azərbaycan düşüncəsində odun əsas simvol kimi qəbul olunmasının səbəbi də budur. Bu baxımdan Novruz anlayışı təkcə təqvim dəyişikliyi deyil, həm də ruhun yenilənməsi, insanla təbiət arasında harmoniyanın bərpasıdır. Səməni isə bu yenilənmənin canlı rəmzidir. Cücərən buğda dənəsi torpağın diriliyini, həyatın davamlılığını və bolluq arzusunu ifadə edir. Səməni süfrədə yazın gəlişini, torpağın oyanışını simvolizə edir”.

 

Избранный
23
azertag.az

1Источники