RU

Xocalıya qayıdış ədalətin təcəssümü

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 3 mart, Elmir Səftərov, AZƏRTAC

2021-ci il fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Xocalıya qayıdış məsələsini Azərbaycanın strateji məqsədi kimi təqdim etmişdi. O, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata istinad edərək bildirmişdi: “Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur”.

26 fevral 2024-cü il. Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Təməlqoyma mərasimində dövlətimizin başçısının “sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq” ifadəsi əslində həm də Azərbaycan xalqının ədalət uğrunda mübarizəsinin təcəssümü idi.

Xocalıda 32 il sonra reallaşan arzular

2026-cı il fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılışı və Prezident İlham Əliyevin Xocalıya səfəri həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Xocalı faciəsinin xatirəsinin yaşadılması milli yaddaşın qorunması baxımından vacibdir. 2020-ci ildə başa çatan Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, 2023-cü ildən sonra isə ölkənin suverenliyi tam təmin edilib. Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, yaşayış məntəqələri yenidən qurulur, sosial obyektlər istifadəyə verilir.

2024-cü ildən etibarən Xocalıya qayıdış prosesi də başlayıb. Düz 32 il sonra Xocalı şəhərində və ətraf kəndlərdə mərhələli məskunlaşma həyata keçirilir. Yeni məktəblər, uşaq bağçaları, tibb və mədəniyyət müəssisələri tikilir. Köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək üçün genişmiqyaslı mina təmizləmə işləri aparılır.

Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq işləri, bütövükdə Böyük Qayıdış prosesi ölkəmizdən xaricdə də maraqla izlənilir. Qısa müddətdə reallaşan nəhəng layihələr xüsusilə qardaş Türkiyədə yüksək qiymətləndirilir.

Bu barədə AZƏRTAC-a danışan jurnalist və siyasi ekspert Güngör Yavuzaslan bildirib ki, bütün bu işlərin əsasında Vətən sevgisi dayanır: “Azərbaycan işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Xocalıda da sistemli yenidənqurma strategiyası həyata keçirir. Bu irəliləyiş siyasi iradə, iqtisadi imkanlar və Vətən sevgisi sayəsində mümkün olub. Xocalı simvolik məkan kimi xüsusi əhəmiyyət daşıyır və burada aparılan işlər strateji xarakter kəsb edir”.

Gürcüstan Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə professoru Valeri Modebadze də bu fikirdədir: “Azərbaycan məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün bütün zəruri addımları atır. Şəhər və kəndlərin rekonstruksiyası, yeni yaşayış komplekslərinin tikintisi və infrastrukturun bərpası mərhələli şəkildə həyata keçirilir. Təhlükəsizliyin təmin olunması üçün minatəmizləmə işlərinin əhəmiyyəti də xüsusi vurğulanmalıdır”.

Ekspertlər azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər. Uzun illər dağıntılara məruz qalmış şəhər və kəndlər yenidən canlanır, insanlar öz doğma torpaqlarına qayıdaraq gələcəyə inamla yeni həyata başlayırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
azertag.az

2Источники