RU

“ABŞ İsrail cütlüyü İrana qarşı savaşda son nöqtəni daxili qüvvələrin əliylə qoyacaq...”

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

“...Məqsəd əsasən İran rejiminin radikal qanadını sıradan çıxarmaq və boşalan siyasi liderin yerini doldurmaq üçün komanda arasında amansız rəqabət yaratmaqdır. İrana hücumlar hələ də səngimədiyi üçün bu rəqabətin təzahürləri açıq-aydın görünmür...”

“İranı idarə edənlər öz 3 minillik tarixlərinə güvənib “biz şir biləkli dövlətik, bizə bir şey olmaz” rahatlığına qapılmasınlar. İran tarixi dəfələrlə bu özünəarxayınlığın ağır bədəllərini ödəyib...”

“İranla müharibə 4 gündür başlamayıb. Mən 1979-cü ildən bu yana İran rejiminin ABŞ və İsrailə qarşı ritorik savaşını bir kənara qoyuram. Son aktiv isti müharibə belə, keçən ilin iyun ayından başlayıb. Cəmi 12 gün davam edən iyun savaşı ABŞ-ın İranın nüvə obyektlərinin ağır bombardmanı ilə müvəqqəti dayanmış, üzərindən 9 ay keçəndən sonra yenidən aktivləşmişdir. 9 aylıq fasilənin səbəbi isə hər iki tərəfin daha aktiv döyüşlərə hazırlaşmaq məqsədi daşıyırdı. 12 gün ərzində öz hərbi ehtiyatlarını müəyyən qədər tükəndirən və zəif nöqtələrini təsbit edib gücləndirən tərəflər hazırda daha aktiv mübarizə mərhələsinə qədəm qoyublar.”

Siyasi analitik Heydər Oğuz bunu Moderator.az-a açıqlamasında “Artıq 4-cü gündür İran ətrafında baş verən savaş olaylarını necə dəyərləndirirsiz? İran hakimiyyətinin və dövlətçiliyinin(!) bundan sonrakı taleyini necə görürsüz?” suallarını cavablandırarkən söyləyib. 

Şərhçi hesab edir ki, qeyd edilən 9 aylıq fasilədə ən çox qazanan məhz İsrail-ABŞ olub: 

“Çünki İranın 12 günlük müharibədə gözləniləndən daha artıq reaksiya verdiyini gördükdən sonra müharibə sahəsinə ən ağır silahlarını toplaya bilib. Hazırda 2 təyyarədaşıyan gəmi, onlarla hücum gəmisi, 100-lərlə tanker və qırıcı təyyarələr, nüvə raketləri ilə təchiz olunmuş sualtı qayıqlarla regiondakı bazalarını gücləndirən ABŞ və İsrail orduları növbəti hücumlarına başladılar. 12 günlük müharibə adlandırdığımız ilk mərhələdə ABŞ və İsrail qoşunlarının hədəfi yalnız İran hərbi qüvvələri ilə məhdudlaşırdısa, hazırkı mərhələdə İranın siyasi xadimləri də nişangaha alındılar. Hücumun ilk günü İranın dini lideri və 10-larla hərbi komandanlığa daxil olan yüksək rütbəli zabiti zərərsizləşdirildi. Hücumlar indi də davam edir.” 

“Görünən budur ki, ABŞ-İsrail cütlüyü İranın bütün təhlükəli raketlərini və siyasilərini məhv etmədikcə, İranı kapitulyasiya aktı imzalamağa məcbur etmədikcə bu hücumlarını dayandırmayacaq. ABŞ-İsrail cütlüyünün ikinci mərhələdə əsasən siyasi xadimləri sıradan çıxarması səbəbsiz deyil. ABŞ prezidenti açıq şəkildə bəyan etmişdir ki, onun məqsədi İranda rejim dəyişikliyinə nail olmaqdır. Rejim dəyişikliyi üçün isə İranı daxildən qarışdırmaq və mövcud siyasi hakimiyyəti içəridən dağıtmaqdır. Görünür, bu səbəbdən də məqsəd əsasən İran rejiminin radikal qanadını sıradan çıxarmaq və boşalan siyasi liderin yerini doldurmaq üçün komanda arasında amansız rəqabət yaratmaqdır. İrana hücumlar hələ də səngimədiyi üçün bu rəqabətin təzahürləri açıq-aydın görünmür. Zaman keçdikcə, İran rejimi öz yaralarını sardıqca rəqabət açıq müstəviyə keçəcək, radikallarla islahatçılar arasında böyük qarşıdurmalar yaranacaq. Təbii ki, ABŞ-İsrail cütlüyü rejimin daxilində də özləri ilə əməkdaşlıq edən qruplar tapmağa çalışacaq və son nöqtəni daxili qüvvələrin əliylə qoyacaq. Təəssüflər olsun ki, İran rejiminin daxilində də ABŞ-İsrail cütlüyü ilə əməkdaşlığa can atan xeyli sayda qüvvələr var və son illər İrana hücumların effektiv alınmasında “MOSSAD”-a bağlı bu qüvvələrin düşmənə verdikləri informasiyalar da həlledici rol oynamışdır. Açığı, gəlinən bu nöqtədən sonra İranın müqavimətinin nəticə verəcəyinə inanmıram.” 

Davamında bu fikirləri ifadə edən Heydər Oğuzun fikrincə, İran üçün bu vəziyyətdən ən uğurlu çıxış yolu danışıqlara getmək və bəzi güzəştlər müqabilində müharibəni dayandırmaqdır. “Əks halda, müharibənin uzanması və İranın həyata keçirdiyi müdafiə strategiyası onun daha da zəifləməsi və sonunda parçalanması ilə nəticələnə bilər. Ən pisi isə odur ki, İran mövcud hərbi qüdrətilə dirəniş göstərdikcə, ikinci Əfqanıstana da çevrilə bilər”, –deyə davamında bildirən analitik tarixin ibrət dərslərinə də diqqət çəkib: 

“İranı idarə edənlər öz 3 minillik tarixlərinə güvənib “biz şir biləkli dövlətik, bizə bir şey olmaz” rahatlığına qapılmasınlar. İran tarixi dəfələrlə bu özünəarxayınlığın ağır bədəllərini ödəyib. Əhəmənilər kralı Daranın say baxımından müqayisəolunmaz səviyyədə gücsüz olan Makedoniyalı İsgəndərə dəfələrlə uduzması, Sasanilərin bir ovuc ərəb qarşısında məğlubiyyətə uğraması və nəticədə 14 əsr müxtəlif millətlərin əsarətində qalması ibrətamiz tarix dərsi olmalıdır. Eyni vəziyyətlə üzləşmək İranın bir daha ayaq üstə dura bilməməsi perspektivi da yarada bilər. Bu fəlakətlərə qatlanmaq qəhrəmanlıq deyil və İran rejimi də bunu nəzərə almalıdır”.

Təqdim etdi:

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
1
moderator.az

2Источники