RU

QƏZƏLLƏR

Pandemiyadan sonra dünya səhiyyə sistemi təkcə virusun özünü deyil, onun uzunmüddətli təsirlərini də daha dərindən anlamağa başlayıb. COVID-19 artıq sadəcə kəskin respirator infeksiya kimi qiymətləndirilmir. O, immun sistemindən başlayaraq böyrəklərə, ürəyə və ağciyərlərə qədər bir çox orqana təsir göstərən kompleks xəstəlik kimi araşdırılır. Bu fonda həm qoruyucu tədbirlər, həm də xəstəlikdən sonrakı reabilitasiya üsulları elmi gündəmin əsas mövzularına çevrilib.

Son qərarlar və araşdırmalar göstərir ki, COVID-19 ilə mübarizə yeni mərhələyə qədəm qoyur. Bu istiqamətdə mühüm addımlardan biri Avropa Dərman Agentliyi tərəfindən atılıb. Qurum ABŞ-nin biotexnologiya şirkəti "Moderna" tərəfindən hazırlanmış COVID-19 və qripə qarşı birləşdirilmiş peyvəndin Avropada satışını təsdiqləyib. Bu qərar səhiyyə tarixində yeni mərhələ hesab olunur, çünki söhbət Avropada təsdiqlənmiş ilk mRNT əsaslı kombinasiya peyvəndindən gedir.

Yeni peyvənd həm koronavirus, həm də mövsümi qrip virusuna qarşı eyni vaxtda immun cavab formalaşdırmaq üçün hazırlanıb. Təsdiq 50 yaş və yuxarı şəxsləri əhatə edir. Klinik tədqiqatların nəticələrinə əsasən, kombinasiyalı peyvənd qəbul edən şəxslərdə yaranan immun reaksiya COVID-19 və qrip peyvəndlərini ayrıca qəbul edənlərdə müşahidə olunan səviyyə ilə müqayisəolunandır. Bu isə o deməkdir ki, effektivlik baxımından iki ayrı vaksinlə eyni nəticə əldə olunur.

Mütəxəssislər hesab edirlər ki, belə birləşdirilmiş peyvəndlər xüsusilə risk qrupuna daxil olan yaşlılar üçün mühüm üstünlüklər yaradır. Bu halda həm vaxt itkisi azalır, həm də immunizasiya prosesinin əhatəliliyi artır. Bununla belə, peyvəndin Avropa bazarında geniş tətbiqinə başlamazdan əvvəl Avropa İttifaqı Komissiyasının yekun təsdiqi də tələb olunur.

COVID-19-la bağlı aparılan tədqiqatlar göstərir ki, virusun təsiri yalnız ağciyərlərlə məhdudlaşmır. ABŞ-də üç milyondan çox insanın məlumatlarının təhlil olunduğu genişmiqyaslı araşdırma olduqca narahatedici nəticələr ortaya qoyub. Məlum olub ki, koronavirus keçirmiş şəxslərdə böyrək zədələnməsi riski qriplə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Statistik göstəricilərə əsasən, COVID-19 keçirmiş insanlarda kəskin böyrək zədələnməsi riski 2,3 dəfə, xroniki böyrək xəstəliyi riski 1,4 dəfə, böyrək çatışmazlığının inkişaf ehtimalı isə təxminən 4,7 dəfə çox olub. Araşdırmanın diqqətçəkən tərəfi ondan ibarətdir ki, artıq böyrək xəstəliyi diaqnozu qoyulmuş şəxslər təhlilə daxil edilməyib. Bu yanaşma infeksiyadan sonra yaranan yeni halların daha dəqiq qiymətləndirilməsinə imkan verib.

Müşahidə müddəti orta hesabla ilkin xəstəlikdən sonra təxminən bir il davam edib. Qripin böyrəklərə təsiri əsasən qısamüddətli və nisbətən yüngül xarakter daşıdığı halda, COVID-19-un həm kəskin, həm də uzunmüddətli orqan zədələnməsi riski yaratdığı müəyyən edilib. Alimlər bunu virusun hüceyrələrə daxil olmaq üçün istifadə etdiyi reseptorların böyrək toxumalarında da mövcud olması ilə izah edirlər.

Xüsusilə diabet və hipertoniyadan əziyyət çəkən xəstələr üçün əvvəlki COVID-19 infeksiyası əlavə risk faktoru kimi qiymətləndirilməlidir. Həkimlər bu kateqoriyaya daxil olan şəxslərdə böyrək funksiyasının daha tez-tez monitorinqini tövsiyə edirlər. Erkən mərhələdə aşkarlanan dəyişikliklər ciddi fəsadların qarşısını almağa kömək edə bilər.

Pandemiyanın digər mühüm nəticələrindən biri də ağciyər toxumasının zədələnməsi və uzunmüddətli tənəffüs problemləridir. Bu istiqamətdə Rusiya alimləri yeni və perspektivli metod hazırlayıblar. Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Tomsk Milli Tədqiqat Tibb Mərkəzinin E.D.Qoldberq adına Farmakologiya və Regenerativ Tibb İnstitutunun tədqiqatçıları ağciyərlərin ventilyasiya və diffuziya ehtiyatlarını qiymətləndirmək və bərpa etmək üçün yeni metod təqdim ediblər.

Ağciyərlərin funksional vəziyyəti iki əsas göstərici ilə qiymətləndirilir: ventilyasiya və diffuziya qabiliyyəti. Ventilyasiya ehtiyatı ağciyərlərin normal nəfəs həcmindən əlavə qəbul edə biləcəyi hava miqdarını göstərir. Bu göstərici orqanizmin fiziki yükə və stresə uyğunlaşma qabiliyyətini əks etdirir. Diffuziya qabiliyyəti isə inhalyasiya olunan havadan oksigenin qana ötürülməsi və karbon qazının xaric edilməsi prosesinin effektivliyini müəyyən edir.

Yeni metodun əsasını ksenon-oksigen qarışığının inhalyasiyası təşkil edir. Tədqiqat çərçivəsində əvvəlcə xəstələrdə spirometriya aparılır. Spirometriya tənəffüs həcmlərini və tezliyini ölçməyə imkan verən funksional diaqnostik üsuldur. Daha sonra ağciyərlərin diffuziya qabiliyyətini qiymətləndirmək üçün qızıl standart hesab olunan DLCO testi həyata keçirilir. Bu test alveollardan qan dövranına oksigen daşınmasının səmərəliliyini ölçür.

Prosedur zamanı xəstə üç dəqiqə ərzində 30 faiz ksenon və 70 faiz oksigen qarışığını nəfəs alır. Bir saat sonra testlər təkrar olunur və əldə edilən göstəricilər müqayisə edilir. Xüsusilə dərin nəfəsvermədən sonra ağciyərlərdə qalan hava miqdarı  ilə diffuziya qabiliyyəti arasındakı nisbət hesablanır. Bu nisbət ağciyər ehtiyatının səviyyəsini müəyyən etməyə imkan verir.

Mütəxəssislər bildirirlər ki, metod həm diaqnostik baxımdan yüksək dəqiqliyə malikdir, həm də praktik tətbiq üçün əlçatandır. Artıq bu yanaşma klinik praktikada istifadə olunur və koronavirus infeksiyasından sağalan xəstələrin reabilitasiyasında effektiv nəticələr göstərir.

COVID-19 pandemiyası səhiyyə sisteminə iki əsas dərs verdi. Birincisi, peyvəndin hələ də ən güclü qoruyucu vasitə olması, ikincisi isə infeksiyanın uzunmüddətli təsirlərinin vaxtında aşkarlanması və düzgün reabilitasiyasının həyat keyfiyyətini qorumasıdır. Birləşdirilmiş peyvəndlərin tətbiqi isə immunizasiyanı daha sistemli və rahat edə, eyni zamanda böyrək və ağciyər funksiyalarının diqqətli monitorinqi post-COVID sindromunun ağır nəticələrinin qarşısını almaqda mühüm rol oynaya bilər.

Elmi tədqiqatlar davam etdikcə aydın olur ki, COVID-19, sadəcə, keçmiş bir pandemiya deyil, uzunmüddətli sağlamlıq çağırışıdır. Müasir tibbin qarşısında duran əsas vəzifə isə həm xəstəlikdən qorunma, həm erkən diaqnostika, həm də effektiv reabilitasiya mexanizmlərini paralel şəkildə inkişaf etdirməkdir. Bu istiqamətdə atılan hər yeni addım - istər mRNT əsaslı kombinasiya peyvənd, istər böyrək risklərinin erkən aşkarlanması, istərsə də ağciyər reabilitasiyasında innovativ metodlar pandemiyanın görünməyən izlərinin silinməsinə doğru atılmış mühüm addımdır.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Избранный
30
azerbaijan-news.az

1Источники