RU

Dünya çempionu: İdmançının ən böyük qüruru bayrağı zirvələrə ucaltmaqdır

Bakı, 2 mart, AZƏRTAC

Sərbəst güləş üzrə 3 qat dünya, 4 qat Avropa çempionu, 2 qat olimpiya mükafatçısı, Atletlər Komissiyasının üzvü, Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev “Məktəbdə...” layihəsinin qonağı olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki görüşü paytaxtdakı 47 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində məktəbdə qonaq olan Hacı Əliyev şagirdlərlə təhsil müəssisəsinin idman zalında görüşüb. Qonaq həm məktəblilərlə səmimi söhbət edib, həm də şagirdlərin müxtəlif idman növləri üzrə məşq prosesini izləyib.

Hacı Əliyev sağlam həyat tərzinin təbliği, idmanın gənclərin fiziki və mənəvi inkişafındakı rolu, peşəkar idmançı olmağın məsuliyyəti və uğura aparan yol barədə danışıb. Sərbəst güləşçi məqsədyönlü çalışmanın və nizam-intizamın əhəmiyyəti, təhsil və idmanın paralel şəkildə inkişaf etdirilməsinin vacibliyindən söz açıb.

Qonaq vurğulayıb ki, hər bir nailiyyətin arxasında uzun illərin zəhməti dayanır və idmançı üçün ən böyük qürur Azərbaycan bayrağını zirvələrdə görməkdir. O, həmçinin şagirdlərə zərərli vərdişlərdən uzaq olmağın və sağlam seçimlər etməyin əhəmiyyəti barədə tövsiyələr verib.

“Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

 

Избранный
9
5
azertag.az

6Источники