RU

“Azərbaycan həm diplomatik, həm də informasiya cəbhəsində mübarizəni davam etdirir” - Nigar Məmmədova

Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə fəaliyyət davam edir. Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Kompleksinin inşası da bu fəaliyyətin tərkib hissəsidir. Bu abidə ilk növbədə milli tarixi yaddaşın daha da möhkəmlənməsi, eyni zamanda Azərbaycanın yeni mərhələdə öz gücünə və siyasi iradəsinə əsaslanan inkişaf yolunun simvoludur.

Prezident İlham Əliyevin Xocalı Memorial Kompleksinin açılışında səsləndirdiyi bəyanatlar da dövlət siyasətinin prioritet istiqamətlərini bir daha nümayiş etdirdi. Belə ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüquq əsasında tarixi ədaləti bərpa etmiş oldu.

Dövlət başçımız Ermənistanın, həmçinin işğal və soyqırım cinayətlərinə göz yuman qərəzli dairələrin bu qanlı faciəni ört-basdır etmək cəhdlərini bir daha xatırlatdı.

Erməni havadarlarının Azərbaycanı bu faciədə günahlandırmağa çalışması isə riyakarlığın pik həddi idi. Bu illər ərzində görülən işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” kampaniyası Xocalı həqiqətlərini dünyaya tanıtdı.

1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olması sübuta yetirildi.

Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Rəsmi Bakı bu xüsusda həm diplomatik, həm də informasiya cəbhəsində mübarizəni paralel şəkildə aparır.

Cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini xüsusi vurğuladı. “Son 80 ildə bizim qədər tam və mütləq qələbə qazanan ikinci dövlət olmayıb”, – deyən dövlət başçımız bu kontekstdə 2020-ci ildə başa çatan Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra yaranmış yeni geosiyasi reallıqlara diqqət çəkdi. Xocalıda Memorial Kompleksin məhz azad edilmiş torpaqlarda ucaldılması isə dövlətin siyasi iradəsinin göstəricisidir.

Beləliklə, Azərbaycan artıq post-münaqişə mərhələsində qalib və suveren dövlət kimi mövqelərini möhkəmləndirir.

Избранный
13
aznews.az

1Источники