RU

İran dünyanın ən böyük neft-qaz obyektlərini vurur - Qiymətlər necə olacaq?

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının 3-cü günündə İran Yaxın Şərqdəki qonşularının enerji obyektlərinə zərbələr endirməyə başlayıb.

Musavat.com xəbər verir ki, SEPAH diqqəti regionun və dünyanın iki ən böyük enerji istehsalçısına - Səudiyyə Ərəbistanı və Qətərin istehsal obyektlərinə yönəldib. Bu gün səhər Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco-nun Ras Tanura neft emalı kompleksinə dron zərbəsi endirilib. Fars körfəzi sahilində yerləşən Ras Tanura kompleksi Yaxın Şərqin ən böyük neft emalı zavodlarından biridir və Səudiyyə neftinin əsas ixrac terminalıdır. Onun gücü gündə 550.000 bareldir.

İran

Hadisədən sonra zavodun kompleksin fəaliyyəti dayandırılıb.

İran bu gün həmçinin Qətərin Ras Laffan maye qaz istehsalı zavoduna hücuma cəhd edib. Hücum uğurlu olmasa da, QatarEnergy şirkəti onun fəaliyyətini müvəqqəti olaraq dayandırdığını elan edib. Zavod Qətərin ən böyük maye qaz emalı müəssisəsidir.

Bundan əlavə, İran regiondakı 2 neft tankerinə də zərbə endirib, bazar günü 3 tanker hücuma məruz qalmışdı.

İndilərdə isə məlum olub ki, İran Səudiyyə Ərəbistanının Fars körfəzindəki neft hasilatı platformasına dronla zərbə endirib.

İran

İranın bu cür indakarlıqla Yaxın Şərqin neft sənayesini hədəf almasının əsas səbəbi ABŞ-İsrail hücumlarına qarşı əks-hücum imkanlarının azalmasıdır: Tehran ehtiyatlarının tezliklə tükənəcəyini bilir, heç bir dövlətdən hərbi dəstək yoxdur. Eyni zamanda Yaxın Şərqdə ABŞ-İsraillə birlikdə hücumda iştirak etməsələr də, susqun dəstək nümayiş etdirən enerji ölkələri var. İran şənbə günü Hörmüz boğazını bağlı elan edib, 3 tankerə atəş açsa da, ABŞ-ın onun hərbi donanmasına güclü zərbələrindən sonra boğazdakı qüvvələrinin  çoxunu geri çəkməli olub. ABŞ tərəfinin iddialarına inansaq, İranın hərbi donanması böyük zərər görüb və artıq boğazı tam bağlaya bilmir. Məhz bu səbəbdən də neft bazarında hərraclar açılanda qiymətlər çox qısa müddətə 81 dollara qalxıb, yenidən 75-76 dollar həddinə qədər gerilədi. Hazırda İranın Yaxın Şərqin neft-qaz obyektlərinə zərbələri fonunda qiymətlər 78 dollara qədər yüksəlib.

İran

Boğazı bağlamaqla ABŞ-ı həssas yerindən - neft qiymətləri üzərindən zədələyə bilməyəcəyini görən Tehran daha radikal yola - regiondakı dünya əhəmiyyətli enerji obyektlərini sıradan çıxarmağa əl atıb. Lakin bu yolun da İran üçün nəticələri daha ağır ola bilər. Artıq Səudiyyə Ərəbistanı öz enerji obyektlərini daha bir zərbə olacağı təqdirdə, İranın neft-qaz hasilatı sisteminə zərbələr endirəcəyi barədə xəbərdarlıq edib. Bundan əlavə, həm Səudiyyə, həm BƏƏ, həm Qətər İran onların mülki obyektlərinə zərbələri dayandırmasa, İsrail-ABŞ hərbi əməliyyatına öz qüvvələri ilə dəstək verəcəklərini açıqlayıblar. Eyni zamanda İranın Yaxın Şərqdə bazalarını vurduğu Fransa və Böyük Britaniyanın da əməliyyata qoşulmağa hazırlaşdığı bildirilir. Bu isə İranın iki deyil, azı 5-6 hərbi potensialı güclü olan dövlətin hücumlarına məruz qalmasına gətirib çıxara bilər. Bu isə İranın çox qısa müddətdə müqavimət imkanlarının tam tükənməsinə səbəb olacaq.

İran

Digər tərəfdən, İranın Hörmüzü bağlamaq cəhdi, boğazdan keçən tankerlərə hücumları onun öz neftinin əsas alıcısı olan Çinə böyük zərbə vura bilər. Artıq Yaxın Şərqdən Çinə neft daşıyan tankerlərin icarə qiymətlərində 30 faizdən yuxarı bahalaşma var və proses davam edir. Sığorta şirkətləri mümkün təhlükə səbəbilə qiymətləri kəskin artırıblar. Bu isə İran neftinin 90 faizindən çoxunun alıcısı olan Çinə ciddi zərər vuran bir prosesdir.

İranın Yaxın Şərq enerji strukturlarına zərbələri fonunda bu vəziyyətin Rusiyaya mümkün müsbət təsirləri barədə müzakirələr açılmaqdadır. Bildirilir ki, Rusiya yüksək qiymətlər fonunda hasilatı artırmaqla neftdən gəlirlərini kəskin artıra bilər. Lakin artıq 6 aydan çoxdur ki, Rusiya neft hasilatını artıra bilmir. O, heç aylardır OPEC+ sazişi çərçivəsində kvotasına əməl edə bilmir. Bunun əsas səbəblərindən biri budur ki, hazırda neft hasilatını artırmaq üçün Rusiyanın texniki imkanları yoxdur: Qərb avadanlıq və texnologiyalarını alması qadağan edilib, özünün başı hərbi istehsala qarışıb deyə belə texnologiyaları əldə etməsi mümkün deyil.

RUS

İkinci məsələ Rusiya neftinə qarşı sanksiyalardır. Sanksiyalar üzündən Rusiyanın neft ixracı getdikcə azalır. Aydın məsələdir ki, Yaxın Şərq neftinin bazara yolunun böyük ölçüdə bağlanması qısamüddətli olacaq və bu dövr üçün Avropanın Rusiya nefti üzərindən sanksiyaları qaldıracağı ehtimalı belə yoxdur.

Yaxın Şərqdən enerji ixracının azalması fonunda bazarda yaranacaq çatışmazlığı önləmək üçün ABŞ, Braziliya, Meksika, Kanada da daxil olmaqla, kənar ölkələr müəyyən addımlar ata bilərlər. Xüsusilə ABŞ-ın 2022-ci ildə olduğu kimi öz ehtiyatlarından müəyyən hissəni bazara çıxarmaqla tarazlığı qoruya bilər.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, ABŞ-İsrail-İran münaqişəsinin neft bazarına təsiri qısamüddətli olacaq: “Dünyada neft bolluğu var, dünən OPEC+ aprel ayından yenə hasilatı artırmaqla bağlı qərar verdi, yəni, fundamental səbəblər qiymətin enəcəyi yönündədədir. Təbii ki, geosiyasi gərginliklər, neft hasilatı və daşınması ilə bağlı bölgədə hərbi əməliyyatlar psixoloji olaraq qiymətləri artırır. Amma səhər saatlarında 80 dolları keçən qiymət, indi 78 dollara geri döndü – bazar, birja qısa müddətli emosional davransa da, qalıcı trendləri formalaşdırmaq üçün təməl məsələlərə önəm verir.

İranla anlaşma olacaq, İran da, Venesuela kimi neft bazarına geri dönəcək, ona görə də, emosialar yatanda, anlaşmalar baş verəndə qiymətlərdə enmə müşahidə olunacaq. Bu ilin yayına qiymətlər, çox güman, 55-60 dollar koridoruna yerləşəcək”.

DÜNYA,
Musavat.com

Избранный
14
11
musavat.com

10Источники