Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra qlobal enerji bazarlarında ciddi dalğalanma başlayıb. Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Avropada təbii qaz qiymətləri kəskin yüksəlib.
Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, strateji əhəmiyyət daşıyan Hörmüz boğazı vasitəsilə tanker hərəkətinin böyük ölçüdə dayanması enerji bazarlarında təchizatla bağlı narahatlığı artırıb. Nəticədə Avropada qazın fyuçers qiymətləri bir gün ərzində 25%-ə qədər bahalaşıb. Bu, 2023-cü ilin avqustundan bəri qeydə alınan ən böyük gündəlik artım hesab olunur.Hörmüz marşrutu dünya üzrə mayeləşdirilmiş təbii qaz (LNG) ixracının təxminən 20%-nin daşındığı əsas enerji nəqliyyat dəhlizidir. Burada yaranan hər hansı fasilə həm qaz, həm də neft bazarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb olur. Analitiklər bildirirlər ki, mövcud vəziyyət Rusiyanın Ukraynaya hücumundan sonra qlobal enerji ticarətində yaranmış şokdan bəri qaz bazarları üçün ən ciddi risklərdən birini yarada bilər.Asiya ölkələri Yaxın Şərqdən ixrac olunan LNG-nin əsas alıcılarıdır. Təchizatda mümkün pozulma alternativ mənbələr uğrunda rəqabəti gücləndirə və nəticədə Avropa da daxil olmaqla dünya üzrə qiymətləri daha da artıra bilər.Xüsusilə Avropa üçün vəziyyət həssasdır. Regionun qaz ehtiyatları hazırda aşağı səviyyədədir və qarşıdakı qış mövsümünə qədər anbarların doldurulması üçün yay aylarında böyük həcmdə LNG idxalına ehtiyac var. “Goldman Sachs”ın qiymətləndirməsinə görə, əgər Hörmüz boğazı vasitəsilə daşımalar bir ay müddətinə dayandırılarsa, Avropada qaz qiymətləri iki dəfədən çox arta bilər.Eyni zamanda bölgədə hərbi əməliyyatların genişlənməsi enerji logistikasına birbaşa təsir göstərib. Qətər və Birləşmiş Ərəb Əmirliklərində yükləmə planlaşdıran bəzi LNG tankerlərinin marşrutlarını dəyişdiyi və ya səfərləri təxirə saldığı bildirilir. Bundan əlavə, İsrail bəzi qaz yataqlarında hasilatı dayandırıb ki, bu da iri idxalçı Misirin əlavə LNG tədarükü axtarışına çıxmasına səbəb olub.İran Hörmüz boğazını bağlamaq niyyətində olmadığını bəyan etsə də, qarşıdurma başlayandan sonra bir sıra gəmi operatorları təhlükəsizlik səbəbindən marşrutdan çəkinməyə üstünlük verib. Qətər isə müəyyən müddətə bəzi dəniz əməliyyatlarını dayandırdığını açıqlayıb.Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.