RU

İsrailin Yaxın Şərq planı: Tehrandan Beyruta uzanan savaş, Livan od içində

Yaxın Şərq yenidən alov içindədir. İsrail ordusu Livanın cənubunda  Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. 
 İsrail Müdafiə Qüvvələri Baş Qərargah rəisi Eyal Zamir açıq mesaj verdi: “Biz sadəcə özümüzü müdafiə etmirik. İndi hücuma keçirik. Bir neçə günlük döyüşə hazırlaşmalıyıq”. Bu cümlə artıq regionda “müdafiə mərhələsinin” bitdiyini, yeni və daha genişmiqyaslı qarşıdurma mərhələsinin başladığını göstərir.

İkinci cəbhə: planlı genişlənmə, yoxsa qaçılmaz eskalasiya?
İsrailin eyni vaxtda həm İran ərazisinə hava zərbələri endirməsi, həm də Hizbullaha qarşı Livanın cənubunda genişmiqyaslı əməliyyatlara start verməsi təsadüfi addım deyil. Bu, hərbi-strateji baxımdan iki istiqamətli təzyiq mexanizmidir: bir tərəfdən Tehranın regional təsir rıçaqları zəiflədilir, digər tərəfdən onun əsas “proksi qüvvəsi” zərbə altına alınır.
İsrail hakimiyyətinin açıqlamasında deyilir ki, zərbələr “Tehranın Yaxın Şərqdəki əsas müttəfiqlərindən biri olan Hizbullahla əlaqəli hədəfləri” hədəfə alıb. Bu isə faktiki olaraq münaqişənin Livan-İsrail sərhədindən çıxaraq İran-İsrail geosiyasi toqquşmasının birbaşa tərkib hissəsinə çevrildiyini göstərir.

“Qisas” ritorikası və psixoloji müharibə
İsrail tərəfi əməliyyatları Hizbullahın İranın ali lideri Əli Xameneiə qarşı sui-qəsd iddiasına görə “qisas” motivli raket və PUA hücumları ilə əlaqələndirir. Bu, artıq hərbi əməliyyatdan çox, psixoloji müharibə və legitimlik savaşıdır. Hər iki tərəf öz ictimaiyyətinə və regiona mesaj verir:

“Biz geri çəkilmirik”.
Xəbərdarlıq mesajında açıq şəkildə bildirilir: “Təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli və kəndlərdən ən azı 1000 metr aralıda, açıq ərazilərə köçməlisiniz”. Bu çağırış yalnız hərbi deyil, humanitar böhranın dərinləşəcəyinə işarədir. Müharibə artıq cəbhə xəttindən çıxaraq mülki əhalinin gündəlik həyatına sirayət edib.

Beyrutun cənubu: simvolik və strateji hədəf
Beyrutun cənub ətrafları  Hizbullahın əsas dayaqlarından biri yenidən intensiv zərbələrə məruz qalıb. “Associated Press”in məlumatına görə,  Livanın Səhiyyə Nazirliyinə istinadən 31 nəfərin həlak olduğunu, 149 nəfərin yaralandığını bildirir. Bu rəqəmlər yalnız statistika deyil – regionun sabitliyinin necə sürətlə dağıldığının göstəricisidir.
Eyni zamanda “Al Hadath”ın məlumatına görə, Hizbullahın parlament fraksiyasının lideri Məhəmməd Raadın öldürülməsi iddiası səsləndirilir. Əgər bu təsdiqlənərsə, bu, artıq sıravi hərbi zərbə deyil, təşkilatın siyasi qanadına yönəlmiş strateji zərbə kimi qiymətləndirilə bilər.

Livan dövlətinin çarəsizliyi
Livan prezidenti Cozef Aun açıq şəkildə etiraf edir: “Bu gün səhər Livan ərazisindən raketlərin atılması Livan dövlətinin Livanı bölgədə baş verən təhlükəli hərbi toqquşmalardan uzaq tutmaq üçün bütün səylərinə zərbədir”.
Bu bəyanat faktiki olaraq onu göstərir ki, Livan dövləti öz ərazisində baş verən hərbi eskalasiyaya tam nəzarət edə bilmir. Dövlət strukturları ilə Hizbullah arasında balansın pozulması Livanı yenidən regional müharibənin episentrinə sürükləyir.

2024-cü il atəşkəsi – kağız üzərində qalan razılaşma?
Xatırladaq ki, İsrail və Livan arasında 2024-cü ildə ABŞ vasitəçiliyi ilə əldə olunan atəşkəs bir ildən artıq davam edən toqquşmalardan sonra nisbi sabitlik yaratmışdı. Lakin ABŞ və İsrailin İrana qarşı son hava hücumları fonunda bu atəşkəs faktiki olaraq mənasını itirdi.
Regionda indi sual budur: bu, məhdud lokal qarşıdurmadır, yoxsa çoxcəhətli regional müharibənin başlanğıcı?

Böyük mənzərə: Qlobal təhlükəsizlik arxitekturası sarsılır
İsrailin ikinci cəbhə açması artıq yalnız taktiki qərar deyil, strateji dönüş nöqtəsidir. İsrail bununla  həm Yaxın Şərqdə  daha üstün mövqeyə  sahiblənmək istəyir, həm də İranın Yaxın Şərqdəki bütün proksi güclərini tam sıradan çıxarmağa çalışır. İranın isə  buna birbaşa və ya dolayı cavabı regionu daha geniş müharibəyə sürükləyə bilər. Hizbullahın aktiv iştirakı isə Livanı yenidən dağıdıcı ssenariyə yaxınlaşdırır.
Bu prosesin davamı Yaxın Şərqi yalnız hərbi baxımdan deyil, enerji təhlükəsizliyi, qaçqın axını və qlobal güclərin toqquşması prizmasından da silkələyə bilər.
Bir tərəf “hücuma keçdiyini” bəyan edir, digər tərəf “qisas” mesajı verir. Diplomatiya isə səngərlərin səsi altında eşidilməz hala gəlir.
Yaxın Şərq yenidən tarixi bir yol ayrıcındadır – ya nəzarətli eskalasiya, ya da regionu illərlə geri atacaq genişmiqyaslı müharibə. Bu dəfə alovun harada dayanacağı isə artıq heç kimin tam nəzarətində görünmür.

 Mürtəza

Избранный
5
1
olke.az

2Источники