RU

Omanın XİN başçısı İran-ABŞ danışıqlarının müsbət nəticələrini açıqlayıb

BAKI, 28 fevral. TELEQRAF

Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran və ABŞ arasında nüvə məsələsi üzrə keçirilən dolayı danışıqların “müsbət nəticələr” verdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, əl-Busaidi Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri ilə telefon danışıqları apararaq onları İran-ABŞ məsləhətləşmələrinin nəticələri barədə məlumatlandırıb.

O, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani, BƏƏ-nin vitse-premyeri və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyən, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud, eləcə də Küveyt və Bəhreyn XİN rəhbərləri ilə danışıb.

Nazir bildirib ki, dolayı danışıqlar mühüm müsbət nəticələr verib və regionda gərginliyin azaldılması, təhlükəsizliyin möhkəmləndirilməsi üçün dialoqun davam etdirilməsi vacibdir.

Bundan əlavə, tərəflər iqtisadi əməkdaşlığın inkişafı və təhlükəsizliyin təmin olunması məqsədilə “yeni regional dialoq mexanizmi”nin yaradılmasını müzakirə ediblər. Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin XİN rəhbərləri həssas mərhələdə sıx koordinasiyaya hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, Omanın xarici işlər naziri Tehran və Vaşinqton arasında vasitəçi rolunu oynayır. O, cümə günü ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşərək İranla nüvə məsələsi üzrə aparılan məsləhətləşmələrin gedişini və əldə olunan irəliləyişi müzakirə edib.

Xatırladaq ki, yanvarda ABŞ İranın danışıqlara başlamayacağı təqdirdə güc tətbiqini ciddi şəkildə nəzərdən keçirəcəyini bildirmişdi. Vaşinqton Tehrandan nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli razılaşma” gözlədiyini bəyan edib. İran isə atom bombası hazırlamaq niyyətində olmadığını dəfələrlə vurğulayıb.

Fevralın 19-da ABŞ administrasiyası İranla razılaşma üçün maksimum 15 gün vaxt ayırdığını açıqlayıb. Fevralın 26-da isə İran və ABŞ nümayəndələri Cenevrədə üçüncü raund məsləhətləşmələr keçiriblər.

Избранный
41
teleqraf.com

1Источники