Xarici işlər naziri Ceyhun Bayramov fevralın 27-də Türkmənistanın xarici işlər nazirinin müavini Ahmet Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində siyasi dialoqun dinamik inkişafı məmnunluqla qeyd olunub, ali və yüksək səviyyəli səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ötən il Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri və əldə olunmuş nəticələr məmnunluqla xatırlanıb.
Görüş zamanı, Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin xarakterinə uyğun olaraq, ticarət-iqtisadiyyat, enerji, nəqliyyat və logistika, o cümlədən Xəzər dənizində əməkdaşlıq, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib və perspektivləri müzakirə edilib.
Bu çərçivədə Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Ötən il Türkmənistanın Azərbaycanda, bu il isə Azərbaycanın Türkmənistanda mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti qeyd olunub, bununla yanaşı, xalçaçılıq və atçılıq kimi ortaq dəyərlərimizin təbliğatının vacibliyi diqqətə çatdırılıb.