RU

Xocalıya Böyük Qayıdışın başlanması tarixi əhəmiyyət kəsb edən bir mərhələdir - ŞƏRH

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən və xüsusilə də bir günlük antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra, əlbəttə ki, işğal altında olan digər ərazilərimiz kimi, qan yaddaşımız olan Xocalının da geri qaytarılması və azad edilməsi xalqımız və müasir tariximiz üçün son dərəcə böyük əhəmiyyət daşıyan bir hadisə oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O bildirib ki, Xocalı faciəsi dünya miqyasında, bəşər tarixində bənzəri olmayan vəhşilik, ağır müharibə cinayəti idi. Bu hadisə insanlığa qarşı törədilmiş ən amansız və dəhşətli soyqırımlardan biri kimi yadda qaldı. Erməni silahlı birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş bu terror aktı və soyqırımı cinayəti uzun illərdir ki, Azərbaycan dövləti tərəfindən dünyanın bir çox ölkələrində və beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü və Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm rol oynayıb.

“Nəhayət, Azərbaycan dövlətinin və ordusunun gücü və qüdrəti nəticəsində torpaqlarımız işğaldan tam azad edildi. Xocalıya qayıdan Azərbaycan xalqı faciəsinin yaralarını nə qədər sarımağa çalışsa da, bu hadisə xalqımızın qan yaddaşında əbədi iz buraxıb. Bu baxımdan Xocalı faciəsi illər ərzində Azərbaycanın apardığı diplomatik fəaliyyət nəticəsində dünyanın bir sıra ölkələri tərəfindən müəyyən dərəcədə tanınıb və həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılıb.

Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın 26 fevral tarixində Xocalıda Memorial Kompleksin açılışında iştirakı, Xocalı sakinləri ilə görüşü, səmimi söhbətləri və çıxışı zamanı səsləndirdiyi qətiyyətli bəyanatlar böyük əhəmiyyət daşıyır. Prezidentin həmin görüş zamanı səsləndirdiyi fikirlər bu gün hər birimizdə xüsusi fəxarət və qürur hissi yaradır”, - deyə politoloq əlavə edib.

S.Kərimli Prezidentin Xocalıdakı çıxışı zamanı səsləndirdiyi “Xocalı Memorial Kompleksi xalqın əyilməz iradəsinin və ədalətin təntənəsidir” fikrini şərh edərkən bildirib ki, bu hadisə Azərbaycan Prezidentinin həm xalqımıza, həm də dünya ictimaiyyətinə ünvanladığı mühüm mesaj kimi qiymətləndirilə bilər.

“Bu gün biz həm Xocalı faciəsinin ağrılarını uzun illər yaşamış bir xalqıq, həm də qalib xalq kimi doğma torpaqlarımıza qayıtmışıq. Müəyyən mənada, Xocalının və digər faciələrin qisası döyüş meydanında alınıb. Bu baxımdan Xocalıya Böyük Qayıdışın başlanması tarixi əhəmiyyət kəsb edən bir mərhələdir”, - deyə ekspert qeyd edib.

Избранный
15
1
azertag.az

2Источники