Cənab Prezident çıxışında 44 günlük müharibəyə xüsusi yer ayırdı. Bu, sadəcə hərbi əməliyyat deyildi. Bu, uzun illərin hazırlığının sınaq anı idi. Güclü iqtisadiyyat, müasir silahlanma, diplomatik əlaqələr - bütün bunlar bir məqsədə xidmət edirdi: ərazi bütövlüyünün bərpasına. Cəmi 44 günə başa çatan müharibə regionun siyasi xəritəsini dəyişdi. Ardınca 2023-cü ildə keçirilən qısa müddətli əməliyyatla suverenlik tam təmin olundu. Separatizm tarixə qovuşdu. Cənab Prezidentin çıxışında səslənən mesajlardan biri də gələcəyə yönəlmiş xəbərdarlıq idi: Azərbaycan artıq zəif dövlət deyil. Bu gün ölkə özünü müdafiə etməyə qadirdir və milli maraqlarından geri çəkilməyəcək. Amma bu güc aqressiya deyil. Bu güc məsuliyyətdir. Dövlət başçısının vurğuladığı kimi, müharibə müharibə qaydaları ilə aparıldı. Mülki əhaliyə qarşı əməliyyat aparılmadı. Bu prinsipial mövqe Azərbaycanın mənəvi üstünlüyünü daha da möhkəmləndirdi. Memorialın açılışında iştirak edən Xocalı sakinlərinin simasında bir xalqın dözümlülüyü görünürdü. Onlar doğmalarını itirdilər, illərlə köçkün həyatı yaşadılar. Amma inamlarını itirmədilər. Bu inam dövlətə, orduya və ədalətə idi. Bu gün ucalan memorial təkcə şəhidlərin xatirəsinə ehtiram deyil. O, həm də səbrin, iradənin və birliyin daşlaşmış ifadəsidir. Cənab Prezident çıxışında onu da qeyd etdi ki, müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətin son mərhələsi idi. Bu, həm hərbi, həm hüquqi, həm də mənəvi qələbənin tamamlanması deməkdir.
Dünyada nadir hallarda bir dövlət həm müharibədə qəti zəfər qazanır, həm də suverenliyini tam bərpa edir və məsul şəxsləri ədalət qarşısına çıxarır. Azərbaycan bunu bacardı. Xocalı artıq yalnız bir faciənin adı deyil. O, bir xalqın sınmadığını sübut edən rəmzdir. O, torpağın, yaddaşın və ədalətin qovuşduğu nöqtədir. Fevralın 26-sı Xocalıda açılan Memorial Kompleks təkcə keçmişi anmır. O, gələcəyə mesaj verir: Azərbaycan öz tarixini unutmur. Azərbaycan öz haqqını müdafiə edi və .Azərbaycan öz taleyini özü yazır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31