RU

Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına ən ağır səhifələrdən biri kimi həkk olunub. Bu hadisə təkcə hərbi əməliyyat epizodu deyil, həm də Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, mülki əhaliyə qarşı sistemli və məqsədli zorakılıq aktıdır. Xocalı soyqırımı siyasi, hüquqi və mənəvi müstəvidə həm regional, həm də qlobal miqyasda ciddi nəticələr doğuran bəşəri cinayətdir. Milli Mıclisin deputatı Əli Hüseynli qeyd edib ki, Xocalıda dinc əhaliyə qarşı törədilmiş qətliam beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının və onların Əlavə Protokollarının kobud şəkildə pozulmasıdır. Yüzlərlə mülki şəxsin qətlə yetirilməsi, əsir və girovların işgəncəyə məruz qalması, qadın və uşaqların xüsusi qəddarlıqla öldürülməsi müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kateqoriyasına daxildir: "Bu hadisələr həm də 1948-ci il "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın ruhuna və mahiyyətinə zidd əməllər kimi qiymətləndirilir. Xocalıda baş verənlər etnik mənsubiyyətə görə azərbaycanlı mülki əhalinin hədəfə alınması ilə müşayiət olunduğundan, hadisənin soyqırımı kimi tanınması istiqamətində Azərbaycan dövləti sistemli diplomatik və hüquqi fəaliyyət aparır. Beynəlxalq hüquqa görə belə cinayətlərə görə məsuliyyət həm fərdi, həm də dövlət məsuliyyəti formasında tətbiq oluna bilər. Bu baxımdan Ermənistanın siyasi-hərbi rəhbərliyinin və əməliyyatda iştirak etmiş silahlı birləşmələrin məsuliyyəti məsələsi daim gündəmdə saxlanılır. Məsələyə faciənin baş verdiyi dövrdəki daxili siyasi böhran prizmasından baxdıqda digər aspektə də nəzər yetirilməsinin zəruriliyi ortaya çıxır. Belə ki, həmin mərhələdə hakimiyyət uğrunda mübarizə, dövlət idarəçiliyində koordinasiyanın zəifliyi və silahlı qüvvələrin mərkəzləşdirilmiş komandanlıqdan məhrum olması cəbhə xəttində vəziyyətin ağırlaşmasına gətirib çıxarmışdı. Bu kontekstdə o dövrdəki iqtidarın siyasi səbatsızlığı ilə yanaşı AXC-Müsavat tandeminin xəyanətkar fəaliyyəti də ciddi tənqid hədəfidir. Məhz bu səbəbdən dövlət institutları zəiflədilməsi, siyasi ambisiyaların milli təhlükəsizlik maraqlarından üstün tutulması və informasiya manipulyasiyaları cəmiyyət daxilində parçalanma dərinləşmişdi. Nəticədə düşmənə qarşı vahid və effektiv müdafiə mexanizmi formalaşdırıla bilməmişdi".
Onun sözlərinə görə, Xocalı faciəsi fonunda baş verən hakimiyyət böhranı milli təhlükəsizlik sisteminin zəifliyini üzə çıxardı və bu, sonrakı mərhələdə dövlətçiliyin möhkəmləndirilməsi zərurətini gündəmə gətirdi. 1993-cü ilin iyun ayında Heydər Əliyevin hakimiyyətə tarixi dönüşündən sonra bu məsələlərə dovlətçilik təfəkkürü prizmasından yanaşılaraq yeni inkişaf mərhələsinin təməlinin formalaşmasına doğru tarixi addımlar atılmağa başlandı: "Xocalı faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi də məhz bundan sonra mümkün oldu.1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi və 26 fevral "Xocalı soyqırımı günü" elan olundu. Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəyan edən Ulu Öndərin imzaladığı sərəncamlar və müraciətlərlə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin prioritet istiqamətinə çevrildi. Son onilliklər ərzində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş siyasi kurs çərçivəsində faciənin hüquqi-siyasi qiymətləndirilməsi, sənədləşdirilməsi və beynəlxalq müstəvidə tanıdılması istiqamətində sistemli iş vüsət almış və müharibə cinayətlərində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə nəticələnən hüquqi proseslər başlanmışdır. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində ABŞ-ın müxtəlif ştatları Xocalı hadisələrini soyqırımı və ya kütləvi qətliam kimi tanıyıb, 57 müsəlman ölkəsini birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalı hadisələrinə dair xüsusi qətnamə qəbul edib". 

Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsindən və Qarabağda həyata keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi tam bərpa edildi və uzun illər separatçı fəaliyyət göstərmiş şəxslər hüquq-mühafizə orqanlarının nəzarətinə götürüldü: "Onların arasında Xocalı qətliamında birbaşa iştirakda ittiham olunan şəxslər də var. Azərbaycan qanunları ilə bu şəxslərin mühakimə olunması beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Onlara qarşı irəli sürülən ittihamlar arasında müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələr yaratma kimi ağır maddələr yer alır. Bununla əlaqədar keçirilən məhkəmə prosesləri təkcə fərdi məsuliyyətin müəyyən edilməsi deyil, həm də tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Hüquqi müstəvidə aparılan araşdırmalar konkret faktlara, sübutlara və beynəlxalq hüquq normalarına əsaslanır. Separatçıların və müharibə cinayətlərində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması cəmiyyət üçün mühüm psixoloji və siyasi ismarıcdır: cəzasızlıq dövrü başa çatıb. Hüquqi dövlət prinsipi tələb edir ki, istənilən ağır cinayət  zamanından və törədənlərin statusundan asılı olmayaraq  obyektiv araşdırılsın və ədalətli qərar qəbul edilsin.
Xocalı soyqırımı təkcə keçmişin faciəsi deyil, həm də beynəlxalq hüquq, dövlət suverenliyi və milli həmrəylik mövzusunda mühüm dərsdir. Ermənistanın məsuliyyəti, daxildə baş vermiş siyasi zəifliklər və separatçı cinayətkarların mühakiməsi məsələləri bir bütöv kontekstdə dəyərləndirilməlidir. Bu gün Azərbaycan hüquqi və siyasi müstəvidə Xocalı həqiqətlərinin tanıdılması və günahkarların cəzalandırılması istiqamətində ardıcıl siyasətini yürütməkdə davam edir. Bu isə həm beynəlxalq ədalət prinsipinə, həm də milli yaddaş qarşısında tarixi məsuliyyətə söykənən bir mövqedir".
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
1
olaylar.az

10Источники