RU

Bu ərazilərdə EV TİKMƏYİN – Söküləcək!

Bakı şəhərinin Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsində dəmir yolu xəttinə yaxın sahədə yerləşən bəzi yaşayış evlərinin söküləcəyi ilə bağlı yayılan məlumatlar sakinlər arasında ciddi narahatlıq yaradıb. Yerli sakinlərin sözlərinə görə, ərazi artıq plana salınıb, ölçmə işləri aparılır, lakin onlara nə söküntünün konkret vaxtı, nə də kompensasiya mexanizmi barədə rəsmi məlumat verilib.

Sakinlər bildirirlər ki, əraziyə gələn nümayəndələr yalnız ölçmə aparıb ərazini tərk edirlər: “Deyirlər ki, işlər aprel ayından sonra başlaya bilər. Amma bizə heç bir rəsmi sənəd təqdim olunmayıb. Nə vaxt söküləcək, kompensasiya necə veriləcək – bilmirik”.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC açıqlama verərək bildirib ki, hazırda həmin ərazidə layihələndirmə prosesi davam edir. Rəsmi qurum söküntü ilə bağlı konkret tarix və ya kompensasiya şərtləri barədə əlavə məlumat açıqlamayıb.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abışov bildirib ki, dəmir yolu xəttinə yaxın ərazilərdə təhlükəsizlik və infrastruktur baxımından yenidənqurma işlərinin aparılması normal praktikadır:

“Lakin bu proses mütləq şəkildə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Əgər söhbət strateji infrastrukturun genişləndirilməsi və ya təhlükəsizlik zonasının formalaşdırılmasından gedirsə, bu halda dövlət həmin ərazidə yerləşən tikililəri sökə bilər. Amma bu, yalnız müvafiq qərar və kompensasiya mexanizmi ilə mümkündür”.

Ekspert qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, vətəndaşların mülkiyyət hüququ toxunulmazdır və söküntü yalnız dövlət ehtiyacları üçün həyata keçirilə bilər:

“Əgər evlər qanuni əsaslarla tikilib və çıxarış mövcuddursa, mülkiyyətçiyə bazar qiymətinə uyğun kompensasiya ödənilməlidir. Əgər sənədləşmə problemi varsa, vəziyyət fərqli ola bilər. Bu baxımdan hər bir obyekt ayrıca araşdırılmalıdır. Ölçmə aparılması layihələndirmə mərhələsinin bir hissəsidir. Amma vətəndaşlara yazılı bildiriş təqdim olunmadan və kompensasiya mexanizmi açıqlanmadan söküntü aparılması hüquqi baxımdan problemlidir. Dövlət qurumları şəffaflıq prinsipinə əməl etməlidir”.

Ekspert əlavə edib ki, dəmir yolu ətrafında təhlükəsizlik zolaqları beynəlxalq standartlara uyğun müəyyən edilir:

“Dəmir yolu xəttinin yaxınlığında tikinti məhdudiyyətləri mövcuddur. Əgər vaxtilə həmin ərazilərdə qeyri-qanuni tikililər salınıbsa, onların sökülməsi hüquqi baxımdan əsaslandırıla bilər. Lakin yenə də sosial həssaslıq nəzərə alınmalıdır. İnsanların illərlə yaşadığı evlər sökülürsə, onlara ya bazar dəyərində ödəniş, ya da alternativ yaşayış sahəsi təklif edilməlidir. Əks halda sosial narazılıq qaçılmazdır”.

Избранный
34
nocomment.az

1Источники