Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Hit.az xəbər verir ki, nazirliyin əməkdaşları faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edərək abidənin önünə gül dəstələri düzüblər.
Xocalı soyqırımı insanlıq tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı qələbə qazanılaraq, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınaraq tarixi ədalət öz yerini tapdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!



