RU

Bacısı və 8 aylıq hamilə gəlini öldürülən, əsirlikdə ağır işgəncələr görən ata: Oğlum meyitlərin arasında məni axtarırdı

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı mühasirəyə alındıqda Abbasovlar ailəsi də minlərlə sakin kimi doğma yurdu tərk etməyə məcbur qalıb. O gecə Xocalıdan çıxan yol sadəcə bir qaçış yolu deyildi - Qarqar çayının buz kimi suyundan keçən, Kətik meşəsinin qaranlığında uzanan, Pircamal istiqamətində pusqular və güllə səsləri ilə davam edən ölüm-dirim mübarizəsi idi. Salman kişinin yaddaşında həmin yol həm ailəsinin parçalandığı, yaxınlarını itirdiyi faciə kimi, həm də əsir düşdükdən sonra yaşadığı amansız işgəncələrin başlanğıcı kimi qalıb.

Salman Abbasov o gecənin hər anını, meşədə keçirdikləri günləri, itirdiyi doğmalarını, girovluqda gördüyü zülmü və sağ qalmaq üçün son nəfəsinə qədər apardığı mübarizəni Oxu.Az-a danışıb.

Müsahibəni təqdim edirik.

- Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Xocalı faciəsini danışmağın sizə çətin olduğunu bilirəm, amma soyqırımının tarixdə yer alması, unudulmaması üçün bu müsahibəni etməliyik. Əvvəlcə özünüzlə bağlı qısa məlumat verin, zəhmət olmasa.

- Mən Salman Məşədi oğlu Abbasov 1940-cı il yanvar ayının 15-də Laçın rayonunun Arduşlu (əvvəlki adı: Ardıclı) kəndində anadan olmuşam. 1959-cu ildə Daşbulaq kəndinə, 1990-cı ildə isə Xocalıya köçmüşük. Daşbulaqda yaşayarkən fermada fəhlə işləmişəm. Xocalıya köçəndə ailəm fin evlərin birində məskunlaşıb. Xocalıda fərdi təsərrüfatla məşğul olmuşam.

- Ailədə neçə üzv var?

- Hadisə vaxtı ailəmiz doqquz nəfərdən ibarət idi. İki oğlum, üç qızım, gəlinim, yoldaşım Bəsti, mən və məndən böyük bir bacım var idi, Məryəm. O mənimlə yaşayırdı. Ən kiçik qızım Nərgizin doqquz yaşı var idi. Böyük qızım Məruzənin isə iyirmi bir. Bir oğlumu və bir qızımı soyqırımı günündən əvvəl axırıncı vertolyotla Xocalıdan çıxara bilmişdim.

- Salman baba, soyqırımından əvvəl hücum olurdu, atışma baş verirdi?

- Artıq aylardır ki, yuxu nədir, bilmirdik. Hər gecə gülləbaran olurdu. Ekskavatorla həyətdə yer qazdırmışdım, elə ilk güllə səsindən hamımız düşüb orada otururduq. Torpağın altını qazıb yer düzəltmişdim. Üstünə haradasa on "KamAZ" torpaq tökmüşdüm. Dərinliyi iki metr idi, amma uzun yer idi. Təxminən otuz nəfərə qədər adam yerləşərdi. Bütün ailə ora düşürdük, qohum-qonşu da gəlirdi.

- Hadisə baş verən günün səhərini təsvir edə bilərsiniz? Nə edirdiniz, gün necə başlamışdı?

- Fevralın 25-i adi gün kimi başlamışdı. Axşam saatlarına doğru vəziyyət dəyişdi. Eşitdik ki, atışma gedir, müharibə başlayıb. Saat 23-dən sonra artıq camaat evlərindən çıxmağa başladı. Hər tərəfdən tank səsləri, topların gurultusu gəlirdi. Kənd mühasirəyə alınmışdı. Deyirdilər ki, 366-cı alayın köməyi ilə hücum edilir.

- Kənd camaatı nə etdi, ilk reaksiyanız nə oldu?

- Həmin gecə hamımız qazdırdığım yerə yığılmışdıq. Dəhşətli səslər gəlirdi. Nə qədər dərinlikdə idik, orada da torpaq tir-tir əsirdi. Arada çıxıb səmaya baxdım, elə bil göydən od tökülürdü. Necə yağış yağar, bax elə idi. Aylardır işıqsız qalan Xocalını bu gecə güllələr, mərmilər işıqlandırırdı. Elə bu vaxt Axıska türkü olan bir qadın qucağında körpəsi ilə həyətə girdi. Qadın çox təlaşlı idi. Dedi, niyə dayanmısınız? Nəyi gözləyirsiniz? Bizimkilərin hamısını tutdular, qaçın, durmayın. O bunu deyib körpəsini bağrına basdı, yola düzəldi. Mən də təlaşla dedim: "Tez olun, çıxmalıyıq! Mühasirədəyik!"

Bizə dedilər ki, artıq imkan yoxdur, qaçmaq lazımdır. Uşaqları götürdük, nə vardısa qoyub çıxdıq. Evimiz kəndin baş tərəfində idi. Mərkəzə çatana qədər cəmi 200-300 metr yol getmişdik. Amma həmin qısa məsafə belə çox ağır idi: evlər yandırılırdı, hər tərəfdən atəş açılırdı.

- Ən azından məlumatınız olar, həmin gecə kömək çağıranlar oldu?

- Elman Məmmədov o vaxt hər yerə zəng edirdi - şəhərə, müxtəlif ünvanlara. Ağdamdan cavab gəldi ki, kömək olacaq. Amma nə Ağdamdan, nə də Şuşadan kömək gəldi. Heç bir vasitəmiz yox idi. Telefonlara da cavab verilmirdi.

- İlk istiqamət kimi haranı seçdiniz və saat neçədə yola düşdünüz?

- Ailəlikcə yola çıxanda artıq gecə saat dördün yarısı idi. Hamı kimi Kətik meşəsinə tərəf qaçırdıq. Özümüzü Qarqar çayına atıb meşəyə çıxdıq. İslanmış ayaqla qara girəndə Nərgiz titrətməyə başladı. Məruzə bacısını kürəyinə aldı. Kətikdağın başına qalxana qədər səhər açıldı.

Meşənin başından Xocalını rahat görmək olurdu. Səhər açılanda baxıb gördük ki, şəhər od tutub yanır. Ətrafa meyitlər səpələnib. Adamlar yaxınlarını axtarır, nalə çəkirlər. Atəş səsləri qulaq batırırdı. Dağın başına sağ-salamat qalxa bilmişdik. Pis vəziyyətdə idik, amma hələ heç kimi itirməmişdik. Evdən rezin ayaqqabıda çıxmışdıq. Elə qara ilk ayağımızı basanda başmaq çıxıb qarda qaldı. Qarın içində ayaqyalın idik. Doqquz gün meşədə qaldıq. Qarın içində gəzib yol axtarırdıq. Sonra günlərin sayını itirdik, neçə gündür oradayıq, bilmirdik. Ağaclardan nə tapsaq, Nərgizə verirdik ki, ac qalmasın.

- Ailə üzvlərinizin hamısı yanınızda idi?

- Xeyir. İkinci oğlum Şakir polis idi, aeroportda Əlif Hacıyevin yanında işləyirdi, arxada qalmışdı. Sonra meşədə olanda başqa bir dəstə gəlib bizi tapdı. Oğlanlarım Mərkəzlə Çərkəzi meşədə itirdik. Atışmada qarışıqlıq düşdü, hərə bir tərəfə dağıldı. Sonra bir-birimizi tapa bilmədik. Əsir düşəndə yanımda bircə qızlarım var idi.

- Nələr görürdünüz həmin anlarda?

- Günlər keçirdi, hava soyuyurdu, islaq paltarlar donurdu, insanlar acından taqətlərini itirirdilər. Danışmaq istəyəndə dişlərimiz bir-birinə dəyir, titrəyirdik. Yol axtararkən güllədən, dondan ölən meyitlərin yanından çox keçmişdik. Kətikdağın arxasında ermənilərin yaşadığı kəndlər var idi. O tərəfə gedəndə açılan atəşdən geri qayıtdıq. Araya sakitlik çökəndən sonra geri dönüb baxanda gördük ki, adamlarımızın xeyli hissəsi ölüb. Başqa istiqamətə üz tutduq, yenə eyni vəziyyət oldu. Hər dəfə düşmənlə rastlaşanda dəstədən bir neçə adam azalırdı. Mən əmin oldum: "Hər tərəfdən mühasirədəyik. Ağdam tərəfə keçmək heç cür mümkün deyil!" Elə donmuşduq ki, qarın üstündə hərəkət daha da çətinləşmişdi.

Əsgəranın Pircamal kəndinə yaxınlaşdıq. "Ya indi, ya da heç vaxt" deyib diqqət cəlb etmədən buradan Ağdama keçmək istəyirdik. Elə bu vaxt balaca Nərgiz acdığı üçün ağlamağa başladı. Uşaq səsi ilə atəş səsləri sanki eyni vaxtda eşidildi. Üstümüzə hər tərəfdən güllə yağırdı. Bu qarışıqlıqda yenə pərən-pərən düşdük. Dağın başında yetmiş nəfərəcən idik: yarısı qadın, yarısı kişi, haradasa on uşaq da var idi. Nərgizin səsinə bizi mühasirəyə salıb güllələdilər. Hərəmiz yıxıldıq qaldıq bir tərəfdə. Kolun arxasından tökülüb gəldilər, nə qədər adamı tutdular. Elə iyirmi beş nəfəri oradaca güllələdilər. Bizim ailədən bacım Məryəmi güllələdilər, 60 yaşı var idi. Həmçinin gəlinim Gülzar 21 yaşında qətlə yetirildi. Səkkiz aylıq hamilə idi.

- Sizə hansı fiziki şiddətləri göstərirdilər?

- Atışma başlayanda pərən-pərən düşdük. Qaçanda yarımız yuvarlandıq çalaya. Üzüstə düşmüşdüm, tərpənməyə heyim yox idi. Azacıq başımı qaldırıb gördüm adamları necə döyürlər. Əl-ayağı donmuş, aclıqdan, yorğunluqdan taqətsiz adamları amansızcasına döyərək, təhqir edərək aparırdılar.

- Dəstənizdən kimlər qalmışdı?

- O dəstədən mən, yoldaşım, üç qızım, iki nəfər yaşlı qadın və təxminən on cavan oğlan qaldı. Biz çalanın elə yerində idik ki, bizi görmədilər. Oğlanlarımı tapmadıq. Yoldaşımla qarın içi ilə sürünərək meyitlərə baxdıq. Oğlanlarım yox idi. Dedik, yəqin, onları da apardılar. Çarəsiz qaldıq. Dedim, kəndin qırağı ilə getsək, postlar var, bizi tutacaqlar. Gəlin gecə vaxtı kəndin içinə girib sakitcə gedək. Allah kərimdir, şübhələnməzlər. Rast gəlsələr də, siz susun, mən danışaram. Erməni dilini yaxşı bilirəm, onlarla çox işləmişəm axı.

Daşla-qaya ilə sürüşə-sürüşə endik. Aşağı çatanda baxdım ki, qızlarımın ikisi yoxdur. Qayıtdım geri, ayaq barmaqlarımı artıq şaxtadan çürümüşdü, donmuşdu, o vəziyyətdə heç nə hiss etmirdim. Sıldırım tərəfə qalxdım, gördüm iki qızım bir-birinə söykənərək yatıblar. Uşaqlar yorulmuşdu. "Ay qızım, durun", deyib oyatdım, yenə yola davam etdik.

- Yolun vəziyyəti necə idi?

- Asfalt yoldan söhbət gedə bilməzdi, Qar bəzi yerlərdə dizə qədər idi, bəzi yerlər buz bağlamışdı. Ayağımız sürüşürdü. Qarın üstündə iz gördük. Elə bildik bizdən qabaq qaçanlardandır. Dedik ki, bu izin dalınca gedək, bəlkə, öz adamlarımızdır.

Bir az gedəndən sonra yumru bir təpə göründü. Oradan erməni dilində səsləndilər. Mən ermənicə bildiyim üçün dərhal cavab verdim. Fikirləşdim şübhələnməzlər. Adımı da dəyişdim, dedim Vartanam. Amma mümkün olmadı, bildilər ki, azərbaycanlıyıq. Üç qızım, iki qadın və mən - altı nəfər idik. Üstümüzə töküldülər. Soruşdular: "Haradansınız, kimsiniz?" Guya Xocalıda olanlardan xəbərləri yox idi. Yalvardım ki, qadınları və uşaqları buraxsınlar. Dedim məni aparın, məni öldürün, amma onlara toxunmayın.

- Reaksiyaları nə oldu?

- Evdən çıxanda tüfəngimi götürmüşdüm. Bir də səkkiz yüz manat pulumu cibimə qoymuşdum. Qızıl götürmədik, qızların üstündə nə var idisə, o idi. Meşədə dəstəmizi atəşə tutanda tüfəngi də, patrondaşı da tulladım ki, silahlı tutmasınlar. Tutulanda pulu çıxardıb verdim ki, al, götür, qadınları burax. Dedi: "Olmaz! Əgər bilsələr ki, buradan türk buraxmışam, məni güllələyərlər. Əllər yuxarı, düşün qabağıma!"

Bizi Pircamal kəndində mal tövləsinə saldılar. Orada nə zülm verdilər, nə müsibətlər çəkdik, Allah bilir. Yeddi cavan oğlanı gözümüzün qabağında güllələdilər. Əsirlikdə mənə də işgəncələr verdilər: avtomatın qundağı ilə, dəmir armaturlarla, təpiklə vururdular. Qabırğalarımın üçünü sındırdılar. Dişlərimi kəlbətinlə çəkdilər. Doqquz dənə üst çənəmdə, yeddi dənə alt çənəmdə olan qızıl dişlərimi dartıb tökdülər yerə. Qardaşım oğlunun qollarını qırdılar. Onun öldüyü, qaldığı bilinmədi. Məni döyəndə deyirdilər ki, sən bizim qadınların yanında mahnı oxuyub özünü göstərmisən. Konsertlərdə oxumuşam. Elə səsimə görə də mənə daha artıq işgəncələr verirdilər. Avtomatın qundağı ilə boğazımdan vurandan sonra şiş əmələ gəldi. Səsim artıq itib.

- Sonra sizi hara apardılar?

- Yeddi gün işgəncələr verdikdən sonra Əsgərana milis bölməsinə apardılar. Orada yük maşınında olan 30-40 nəfər qadın-uşağı saxladılar, 40 nəfər kişini isə yerə tökdülər. Bizi dörd-dörd kameralara saldılar. Məni ən çox orada döydülər. Ona görə ki, Daşbulaqda yaşayanda gedib Ağcabədi rayonundan silah alıb gətirmişdim: bir tapança, bir lüləsi kəsik tüfəng, bir də qoşalülə. Həmin vaxt ruslar gəlib silahımı evdə tapmışdılar. Məni Əsgərana həbsxanaya aparmışdılar. Elə o vaxtdan yadlarında qalmışdım.

Kamerada mülki geyimdə, qalstuklu bir erməni gəlib dedi: "Abbas Salmanov kimdir?" Başımı silkələdim ki, mənəm. Taqətim yox idi ayağı üstə durmağa. Su yerini göstərib dedi: "Sürünə-sürünə get üzünü yu, səni azad edəcəyik. Amma kiməsə desən ki, səni erməni bu gün salıb, səni harada olsan, tapıb öldürəcəyəm".

Qollarını, ətəklərini kəsib qızlarımın ayağına saldığım paltomu götürüb çıxdım. Milis bölməsinin qarşısından icra nümayəndəliyinə asfalt yol çıxırdı. Yolda 10-12 erməni əsgəri həmin qalstukluya dedi ki, onu bura gətirin. Məni əhatəyə aldılar. Təpiklə döyməyə başladılar.

Sonra məni əvvəl bizi gətirdikləri yük maşınına mindirdilər. Yük maşınına çıxanda gördüm ki, üstündə əsgər geyimi var. Meşədə oğlumun əynindən həmin geyimi çıxarıb qızıma geyindirmişdim. Başımın altına qoyanda saatın çıqqıltısını eşitdim. Əmin oldum ki, böyük oğlumun saatıdır. Bildim ki, qızımın əynindəkidir. Elə bildim qızlarımı Xankəndiyə aparıblar. Sən demə, aparıblar dəyişməyə. Sonradan dörd nəfəri də maşına gətirdilər. Məni dəyişəndə eşitdim: "Tez götürün, vurarlar..." Sonra huşumu itirdim.

- Ailə üzvləriniz sizi necə tapdılar?

- Ayıldım ki, xəstəxanadayam. Gözümü açanda gördüm bir həkim üz-gözümü, o biri ayaqlarımı təmizləyir. Sonra gördüm ki, balaca oğlum Qabil meyit gəzir. Məni tanımadı. Dedim: "Atanam, bəri gəl". Ağdamda bir gün qaldıqdan sonra Bakıda üç ay müalicə aldıq.

Həyat yoldaşım Bəsti dəyişilərkən yolda dayanıb. Allahverdi Bağırov səbəbini soruşanda deyib ki, yoldaşım Əsgəranda qalıb, ya məni aparın ora, ya da onu çıxarıb gətirin. Bundan sonra Allahverdi Bağırov mənim adımı öyrənib və ermənidən Abbas Salmanov adlı əsirin də azad edilməsini tələb edib.

Oğlum Şakirin (rəsmi sənəddəki adı: Çərkəz) yoldaşı Gülzar 8 aylıq hamilə idi. Biz əsir düşən vaxtı o meşədə şəhid oldu. 60 yaşımda bacım Məryəmi də ermənilər güllələdilər. Bir neçə aydan sonra gəlinimizin şəhid olduğu yeri bizimkilər aldılar, oğlum döyüş yoldaşları ilə gedib onun meyitini tapdı.

- Ayaqlarınızı donvurmadan amputasiya etdilər?

- Özümün, həyat yoldaşımın və qızlarımın ayaqları soyuqdan donduğu üçün pəncədən aşağı amputasiya edilib. Xocalı soyqırımını, həmin müsibətli günləri sözlə izah etmək çətindir. Ana balasını itirirdi, hər kəs öz canının hayında idi.

- O günləri tez-tez xatırlayırsınız?

- O gecə nə yaşandısa, insan ömründən silinmir. Unutmaq mümkün deyil. Heç vaxt da unudulmamalıdır.

- Sonda bir arzunuz varmı?

- Çox şükür ki, torpaqlarımız işğaldan azad edildi. Allah Prezidentimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Amma mən çox istərdim ki, dağılmış evimi bərpa edib mənə versinlər, qalan günlərimi ailəmlə orada başa vurum.

Daha çox foto burada: PhotoStock.az

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
oxu.az

2Источники