RU

Kubada təhlükəsizlik qüvvələri ABŞ-dan gələn qayıqdakı 4 nəfəri öldürüb

Kubada təhlükəsizlik qüvvələri ABŞ-dan gələn qayıqdakı 4 nəfəri öldürüb

Kuba təhlükəsizlik dəstələri ölkənin ərazi sularında "dayan" əmrinə tabe olmayan və polis qayığına atəş açan ABŞ mənşəli sürətli qayıqdakı 4 nəfəri zərərsizləşdirib.

AFN.az xəbər verir ki, Kuba Daxili İşlər Nazirliyindən verilən açıqlamada Floridadan gəldiyi müəyyən edilən "FL7726SH" qeydiyyat nömrəli qayığın Villa Klara əyalətinin Falkones adacığına yaxınlaşdığının təsbit edildiyi bildirilib.

Açıqlamaya görə, "dayan" xəbərdarlığına məhəl qoymayan qayıqdan atəş açılması nəticəsində tərəflər arasında silahlı qarşıdurma yaranıb. Atışma zamanı qayıqdakı 4 nəfər həyatını itirib, biri Kubanın təhlükəsizlik əməkdaşı olmaqla, ümumilikdə 7 nəfər yaralanıb. Kuba Prezidentliyinin sosial media hesabından edilən paylaşımda ölkənin suverenliyinin və regional sabitliyin qorunması məqsədilə ərazi sularının müdafiəsi iradəsi bir daha təsdiqlənib.

Kuba rəsmiləri qayıqdakı 10 nəfərdən çoxunun cinayət və zorakılıq keçmişi olduğunu, onların ABŞ-da yaşayan silahlı kubalılar olduqlarını və adaya sızaraq terror aktları törətmək istədiklərini irəli sürüb. Öldürülən dörd nəfərdən birinin Mişel Orteqa Kasanova olduğu, digər üç nəfərin kimliyinin isə hələlik müəyyən edilmədiyi bildirilib. Hökumət həmçinin qeyd edib ki, silahlı sızma əməliyyatı üçün ABŞ-dan göndərilən Duniel Hernandez Santos saxlanılıb və o, törətdiyi əməlləri etiraf edib.

ABŞ Dövlət Katibi Marko Rubio hadisə ilə bağlı araşdırmalara başladıqlarını bildirib. O, Daxili Təhlükəsizlik Nazirliyi, Sahil Mühafizəsi və digər qurumların məsələyə cəlb olunduğunu deyib. Rubionun sözlərinə görə, hazırda Havanadakı ABŞ səfirliyi həmin şəxslərin ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsi olan şəxslər olub-olmadıqlarını dəqiqləşdirməyə çalışır.

Dövlət katibi vurğulayıb ki, açıq dənizdə bu cür silahlı toqquşmaların baş verməsi son dərəcə nadir hadisədir və uzun müddətdir Kuba ilə oxşar gərginlik yaşanmamışdı.

Избранный
13
afn.az

1Источники