RU

Moskvanın NATO xofu: Real təhlükə, yoxsa bəhanə? – ÖZƏL

"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın NATO-nun genişlənməsi ilə bağlı səsləndirdiyi fikirlər və bu kontekstdə Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü şərtlər əslində Moskvanın uzun illərdir formalaşdırdığı strateji yanaşmanın növbəti ifadəsidir. Bu mövqe ilk baxışda təhlükəsizlik narahatlığı kimi təqdim edilsə də, mahiyyət etibarilə daha geniş geosiyasi məqsədlərin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Xatırladım ki, NATO-nun genişlənməsi məsələsi Rusiya tərəfindən daim öz milli təhlükəsizliyinə təhdid kimi qələmə verilib. Lakin nəzərə almaq lazımdır ki, Şərqi Avropa ölkələrinin NATO-ya üzvlüyü məhz onların öz təhlükəsizlik narahatlıqlarından doğan suveren seçimidir. Bu baxımdan, Moskvanın bu prosesi yalnız hərbi təhlükə prizmasından izah etməsi birtərəfli yanaşma kimi görünür".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. B. Quliyev qeyd edib ki, digər tərəfdən də Volodimir Zelenskinin Rusiyanı Budapeşt Memorandumunu pozmaqda ittiham etməsi də təsadüfi deyil. 1994-cü ildə imzalanmış bu sənədə əsasən Ukraynanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq təminatlar altına alınmışdı. Lakin sonrakı proseslər, xüsusilə Krımın ilhaqı və Ukraynanın şərqində baş verən hadisələr bu öhdəliklərin pozulduğunu açıq şəkildə ortaya qoydu. Bu kontekstdə Rusiyanın mövqeyi daha çox postsovet məkanında təsir dairəsini qorumağa yönəlmiş siyasətin davamı kimi dəyərləndirilə bilər.

"Hesab edirəm ki, Rusiya üçün bu region yalnız coğrafi yaxınlıq deyil, həm də tarixi, siyasi və iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Ona görə də Kreml bu ərazilərdə Qərbin, xüsusilə NATO-nun möhkəmlənməsini öz maraqlarına zidd hesab edir. Eyni zamanda, təhlükəsizlik arqumentinin tamamilə əsassız olduğunu demək də doğru olmaz. Böyük güclərin beynəlxalq münasibətlərdə öz təhlükəsizlik zonalarını qorumağa çalışması klassik geosiyasi davranış modelidir. Lakin burada əsas məsələ bu yanaşmanın digər dövlətlərin suveren hüquqları ilə nə dərəcədə uzlaşmasıdır. Düşünürəm ki, Rusiyanın NATO ilə bağlı mövqeyi həm real təhlükəsizlik narahatlıqlarının, həm də geosiyasi təsir zonasını qoruma strategiyasının sintezidir. Lakin mövcud şəraitdə bu siyasətin daha çox təsir dairəsini genişləndirmək və saxlamaq məqsədinə xidmət etdiyi aydın görünür. Bu isə regionda uzunmüddətli sabitliyin təmin olunmasını çətinləşdirən əsas amillərdən biri olaraq qalır", - deyə ekspert əlavə edib.

Xatırladaq  ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ukrayna böhranının həlli üçün əsas şərti açıqlayıb. O bildirib ki, NATO-nun hərbi və siyasi genişlənməsi dayandırılmadan münaqişənin aradan qaldırılması qeyri-mümkündür.
Zelenskinin Rusiyanı "Budapeşt Memorandumu"nu pozmaqda ittiham etməsinə cavab verən Zaxarova, Moskvanın əsas narahatlığının məhz Alyansın Şərqə doğru irəliləməsi olduğunu vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
olaylar.az

1Источники