RU

Tayvanın Aİ-yə yatırımları on ildə 7,5 dəfə artıb

Son on ildə sərmayələrin həcmi 13,88 milyard dollara çatıb, ticarət dövriyyəsi 68 milyard dolları ötüb...

Tayvan şirkətlərinin Avropa İttifaqına yatırımları son on il ərzində təxminən 13,88 milyard dollar təşkil edib. Bu göstərici 2006–2015-ci illərlə müqayisədə 650 faiz, yəni 7,5 dəfə çoxdur. Həmin dövrdə yatırımların həcmi 1,85 milyard dollar səviyyəsində olmuşdu.

Poliqon xəbər verir ki, bu barədə Focus Taiwan nəşri Tayvanın Beynəlxalq Ticarət İdarəsinin məlumatlarına istinadən yazıb.

Məlumata görə, COVID-19 pandemiyasına qədər Tayvanın Aİ-yə yatırımları nisbətən məhdud olub. Tayvan şirkətləri əsasən vəsaitlərini Çin və Cənub-Şərqi Asiya ölkələrinə yönəldirdi. Lakin təchizat zəncirlərinin şaxələndirilməsi, risklərin bölüşdürülməsi və qlobal iqtisadi inteqrasiyanın güclənməsi fonunda yeni bazarların mənimsənilməsi prosesi sürətlənib.

Nəşr qeyd edir ki, pandemiyadan sonrakı dövrdə Tayvan ilə Aİ arasında əməkdaşlıq həm məzmun, həm də qarşılıqlı əlaqə səviyyəsi baxımından daha da dərinləşib və tərəfdaşlığın miqyası genişlənməkdə davam edir.

Hazırda Avropa İttifaqı Tayvan üçün dördüncü ən böyük ticarət tərəfdaşı hesab olunur. 2024-cü ildə tərəflər arasında ümumi ticarət dövriyyəsi 68,64 milyard dolları ötüb. Eyni zamanda, Aİ Tayvan üçün ən böyük xarici investisiya mənbəyinə çevrilib.

Qeyd olunur ki, pandemiyanın başlanmasından bir il sonra, 2021-ci ildə tərəflər arasında ticarət həcmi kəskin şəkildə, 32,51 faiz artaraq 68,76 milyard dollara çatıb. Bu artım qlobal iqtisadi çətinliklər fonunda tərəflər arasında iqtisadi əlaqələrin gücləndiyini göstərir.

Ekspertlərin fikrincə, Tayvan şirkətlərinin Aİ bazarına marağının artması həm texnologiya, həm də sənaye sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir və qarşıdakı illərdə sərmayə axınının davam edəcəyi gözlənilir.

Poliqon.info

Избранный
3
1
poliqon.info

2Источники