ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Vaşinqton administrasiyası hesab edir ki, Tehranla danışıqlarda yalnız İranın nüvə proqramı deyil, həm də ölkənin malik olduğu silahlar, o cümlədən raketlər müzakirə olunmalıdır.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marco Rubio bildirib.
Onun sözlərinə görə, İran hazırda, xüsusilə qısa mənzilli olmaqla, çoxlu sayda ballistik raketlərə malikdir. Karib hövzəsində yerləşən Sent-Kits və Nevisdə səfərdə olarkən jurnalistlərin suallarını cavablandıran Rubio iddia edib ki, İranın hərbi-dəniz qüvvələri də dəniz nəqliyyatına təhlükə yaradır və ABŞ Hərbi Dəniz Qüvvələrini hədələməyə cəhd göstərir.
Dövlət katibi vurğulayıb ki, nüvə proqramı ilə yanaşı, İranın ənənəvi silahları da diqqət mərkəzində olmalıdır: “Bu məsələlər həll edilməlidir”, – deyə o, Tehranla gələcək məsləhətləşmələrin mümkün mövzularına işarə edib.
Rubio qeyd edib ki, fevralın 26-da Cenevrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının növbəti raundu əsasən nüvə proqramına həsr olunacaq. Bununla belə, o əlavə edib ki, İran ballistik raketlər mövzusunu nə ABŞ, nə də digər tərəflərlə müzakirə etmək istəmir və bu, ciddi problemdir.
ABŞ dövlət katibi həmçinin iddia edib ki, İran tərəfi nüvə proqramının bəzi elementlərini “daim bərpa etməyə çalışır”. Onun fikrincə, hazırda uranın zənginləşdirilməsi aparılmasa da, Tehran gələcəkdə bunu edə bilmək üçün zəmin yaratmağa çalışır.
Yanvar ayında Ağ Ev İslam Respublikasına qarşı hərbi güc tətbiqi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi. Vaşinqton ümid etdiyini ifadə etmişdi ki, Tehran danışıqlar masasına əyləşərək nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” saziş bağlayacaq. İran rəsmiləri isə dəfələrlə atom bombası yaratmaq niyyətlərinin olmadığını bəyan ediblər.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.