RU

20 il əvvəl Azərbaycandan gedən tenor: Küsməmişəm, amma məndən qorxduqlarına görə...

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu gün - 25 fevral Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, tenor, aktyor və vokal ifaçısı, səhnə mədəniyyəti ilə seçilən Tərlan Şahbazinin doğum günüdür. 

Hazırda fəaliyyətini Polşada davam etdirən sənətçi yaradıcılığını beynəlxalq müstəvidə inkişaf etdirir.

“Cebheinfo.az”-a müsahibəsində Tərlan Şahbazi Azərbaycan səhnəsinin bugünkü durumundan, musiqi zövqünün dəyişməsindən və sənətdə mədəniyyət anlayışının rolundan danışıb. 

Müsahibəni təqdim edirik:

- Tərlan bəy, hazırda Azərbaycan səhnəsini necə görürsünüz?

- Sözün açığı, hazırda səhnəmizdə bayağılıq həddindən artıq çoxalıb. İnsanların musiqi zövqü aşağı salınır. Biz bir vaxtlar qulaq asdığımız sənətkarların həm tərbiyəsi, həm də mədəniyyəti yüksək idi. Mən bunu Sovet dövrü ilə bağlamaq istəmirəm. Bu, bizim öz kökümüzdən, daxili mədəniyyətimizdən gələn  keyfiyyət idi.

Sadəcə, indi senzurasız, nəzarətsiz, kim gəldi səhnəyə buraxılır, nə istəyir oxuyur. Adlarını çəkmirəm. Elə hallar olur ki, kimisə çağırırlar canlı ifaya, həmin şəxs əsəri, mahnını tam öyrənmədən səhnəyə çıxır və notdankənar oxuyur. Əlbəttə ki, bərbad oxuyacaq. Onun milyonların qarşısına çıxmasına niyə imkan yaradılır? Bütün millət baxır, dinləyir. Bu, sənətə də hörmətsizlikdir.

Əvvəllər belə deyildi. Səhnəyə nümunəvi insanları çıxarırdılar. Onları şəhərdə görəndə davranışları, danışığı, mədəniyyəti ilə səviyyə idilər. Şitlik yox idi, arada pərdə vardı. Allah Fuad Poladova rəhmət eləsin. 

Son illər onunla dostlaşmışdım. Çox nümunəvi, özünə hörmət edən, davranışına fikir verən insan idi. Tək o deyil, bir çox böyük sənətkarlarımız, məsələn, mən Mirzə Babayevi, Lütfiyar İmanovu tanımışam. Onları görəndə çəkinirdim. İndikilər bir disk buraxan kimi özünü “ulduz” elan edir. Oxumaqları da çox zəif...

Böyük vokal məktəbi var. Demirəm ki, hər kəs gedib opera müğənniliyi oxusun. Amma estrada da səs, düzgün ifa, səhnə görkəmi və mədəniyyət tələb edir. Hər janrın öz üslubu, öz texnikası var. Məsələn, operada “forte” - yəni güclü, yüksək səslə oxuma üstünlük təşkil edir, “piano” isə sakit, yumşaq ifadır. Lirik, həzin mahnıları qışqırıqla oxumaq olmaz. Hər əsərin öz emosiyası və ifaçı bunu bilməlidir. İndi sənətə yox, başqa şeylərə üstünlük verirlər. 

- Bəs bunun səbəbi nədir? 

- Müğənnilər ancaq şəxsi həyatı ilə gündəmə gəlirlər. Sual versən tamaşaçı həmin müğənninin bir mahnısını belə bilməz, amma şəxsi həyatı ilə yaxından tanışdı. Əvvəllər sənətkarlar çox nadir hallarda ailə həyatından danışardılar. 

Sizin Polad Bülbüloğlunun həyatından xəbəriniz var? Söhbət “açım sandığı, töküm pambığı” məsələsidirsə, əlbəttə, tez maraqdan düşəcək. O vaxtı sənətkarlar şəxsi həyatlarını ictimailəşdirmirdilər. Bəlkə də on ildən bir hansısa məqamla bağlı nəsə deyərdilər, vəssalam. 

Bu gün Azərbaycan səhnəsi biabırçılıq və səviyyəsizlikdir. Sanki kimlərsə bilərəkdən bu millətin, cəmiyyətin zövqünü aşağı salmağa çalışır. Bütün bunlar özünü büruzə verir. Sabahısı şəhərə çıxırıq və tərbiyəsizliyi orada görürük. Bizim vaxtımızda bir çox şey vardı, amma bir çoxu da yox idi.

İçərişəhərdə indiki kimi saysız-hesabsız restoran və kafe yox idi, bir-iki yer vardı. İndi hara baxırsan, biri-birindən gözəl restoranlar, kafelər açılıb. Şəhərin özü çox gözəldir. Bakının səhərinin bir ayrı gözəlliyi, günortasının başqa ab-havası, axşamının özünəməxsus cazibəsi var.

Bunu qoruyib saxlamalıyıq. Bu şəhər, bu mədəniyyət bizə əmanət edilib və onu qorumaq bizim borcumuzdur”. 

- Bəs çıxış yolunu nədə görürsünüz? 

- İnsanları yenidən zövqlü sənətə qaytarmaq üçün zaman lazımdır. İndi cəmiyyət daha çox bayağı məzmunlara baxır. Vaxt var idi Müslüm Maqomayev və Rəşid Behbudov gedib bölgələrdə konsert verirdi. Repertuarlarında müxtəlif əsərlər olurdu, çoxu klassik və vokal idi. Bu konsertlərə böyük maraq vardı. 

Təsəvvür edin ki, Gəncədə Azər Zeynalov da konsert verir, hər hansı bayağı janrda çıxış edən müğənni də. İnanın həmin müğənnini dinləməyə daha çox adam gələcək, konserti anşlaqla keçəcək. Azər Zeynallıya isə gəlməyəcəklər. Bu onu göstərir ki, sənətin təbliğat maşını işləmir. 

Bizdə peşəkar menecerlər azdır. Bizə menecer məktəbi lazımdır, hansı ki, sənətkarı düzgün təqdim etmək, onu bazara çıxarmaq və auditoriya formalaşdırmaq üçün. Dünyanın müxtəlif ölkələrində, konservatoriya bitirən musiqi Sydney Opera House və ya Metropolitan Opera House kimi məkanlarda konsert verməyi arzulayır. 

Amma bizdə çox az sənətçi düşünür ki, gəlib Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və ya Heydər Əliyev Sarayında konsert versin. Çünki onları sistemli şəkildə təbliğ edən, tanıdan, bazarını quran menecerlər yoxdur. Bu gün də bizim insan tərbiyəsinə, mənəviyyatına müsbət təsir göstərə biləcək çox gözəl musiqilərimiz var. Sadəcə onların təbliği zəifdir.

Allah valideynlərimə rəhmət eləsin! Anam həmişə bizə “Leyli və Məcnun” tamaşasını, Zeynəb Xanlarovanı, Şövkət Ələkbərovanı dinlədərdi. Biz uşaqlıqda maraq göstərmirdik. Amma zaman keçdikcə anladım ki, Zeynəb Xanlarova və Şövkət Ələkbərova böyük sənətkarlardır. İndi onları dinləyir, zövq alır, ruhumu dincəldirəm.

Həmçinin, Avropa musiqisi də dinləmişik. Atam həmişə Avropa musiqisini dinləyirdi, amma anam milli musiqini üstün tutardı və çalışırdı ki, bunu bizim damarlarımıza yeritsin. Yəni demək istədiyim odur ki, bu məsələlərdə valideynlərin rolu çox önəmlidir, uşaqları düzgün yönləndirməlidirlər. Yəni Azərbaycanın gələcəyini formalaşdırmaq valideynlərin əlindədir.

- Son zamanlar internetdə azyaşlı uşaqların rəqs etdiyi videolar geniş yayılır. Bəzi görüntülərdə qızların oğlan, oğlanların isə əzilib-büzülərək oynadığı görünür. Bunlara münasibətiniz necədir? 

- Əvvəllər valideynlər uşaqların tərbiyəsinə daha çox vaxt ayırırdı. Uşaqların qarşısına telefon yox, kitab qoyulurdu. Nağıl kitabları oxunur, birlikdə vaxt keçirilirdi. Məsələn,  rəhmətlik atam böyük dünya xəritəsini yerə sərirdi, oyun qurur, göl və çayların yerini tapmağı tapşırırdı. Otururduq yerdə xəritənin üzərində axtarırdıq. Bununla həm bizlə oynayırdı, həm də öyrənirdik. 

İndi isə uşaq ağlayanda ona telefon verilir. İnternet onun azyaşlı olduğunu nəzərə almır. Nəticədə yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşırlar. Mən namaz qılmıram. Amma Qurandan məlumatım var. Orada uşaqlıqdan bizim inkişafımız, hər yaşda necə olacaq hər şey çox doğru qeyd olunub. Uşaqlıq, yeniyetməlik və yetkinlik dövrləri bir-birini əvəz etməlidir. Telefon və sosial media isə bu prosesi sürətləndirir, uşaqları vaxtından əvvəl fərqli təsirlərlə üz-üzə qoyur".

- Azərbaycan gənclərinin opera və klassik musiqiyə marağını necə qiymətləndirirsiniz?

- Mən bu yaxınlarda Yusif Eyvazovun ustad dərsində iştirak etdim. Orada xüsusilə diqqətimi çəkən məqam dərsin Azərbaycan dilində keçirilməsi oldu. Əvvəllər bu cür dərslər əsasən rus dilində təşkil olunurdu. Mən ana dilimizə böyük önəm verirəm və bu yanaşma məni sevindirdi.

Ustad dərsi zamanı səhnəyə xorda oxuyan artistlər dəvət olundu. Onlardan biri tenor, digəri isə soprano idi. Sevindirici haldır ki, xordan birbaşa solist vəzifəsinə dəvət edildilər. 

Bu, gənc ifaçılar üçün ciddi motivasiyadır. Ölkəmizdə güclü səslər çoxdur. Lakin “Koroğlu”muz, “Otello”muz yoxdur. Düzdür, istedadlı tenorlarımız var, amma bütün yükü bir nəfərin üzərinə qoymaq olmaz. 

Digər tərəfdən, Azərbaycan üçün bir Filarmoniya və bir Opera Teatrı kifayət deyil. Ən azı beş opera teatrı fəaliyyət göstərməlidir və bu mədəniyyət ocaqları yalnız paytaxtla məhdudlaşmamalıdır, bölgələrdə də yaradılmalıdır. Bu gün dinləmirlərsə, beş ildən sonra dinləyəcəklər. Əsas məsələ davamlı təbliğat və infrastrukturun qurulmasıdır.

Məsələn, Mingəçevir kimi gözəl bir şəhərdə, kanal kənarında möhtəşəm konsert salonu inşa etmək mümkündür. Düzgün təbliğat aparılsa, dünya səviyyəli sənətkarlar da orada konsert verə bilərlər. Azərbaycanda vokal sənətində çox görülməli işlər var. İş həddindən artıq çoxdur, amma işi bilənlər azdır. Bu, təkcə musiqiyə aid deyil, kino sahəsi də elədir. 

- Tərlan bəy, hazırda Polşada yaşayırsınız. Siz öz sənətinizə sevgini daha çox Azərbaycanda gördünüz, yoxsa xaricdə? 

- Mən Azərbaycandan 2005-ci ildə getdim. Öncə Türkiyəyə getdim və orada iki-üç il orada qaldım. Daha sonra Moksvaya getdim. Bilirsiniz, mənim üçün musiqi və teatr müqəddəsdir. Mən heç kimdən küsməmişəm, ölkədə çox gözəl teatrlarımız var. Sadəcə yaşamaq var, məvacib məsələsi var. Görürsən ki, bu, səni dolandırmır, bu bir. 

İkincisi, mən dünyanı görmək, dünya səhnəsində olmaq istəyirdim. Burada otursaydım çətin o səhnələrə çıxa bilərdim, filmlərə çəkilərdim. Allah insan üçün imkanlar yaradıb. Biz onlardan istifadə etməliyik. Sonra yaşlananda peşman olmayaq ki, mən bu dünyadan nakam getdim. 

Bəzi şeylər var ki, qəlbimə dəyir, amma bura mənim Vətənimdir. Sadəcə zamanında bəzi layihələrdə önümü kəsdilər. Yenə də bu, məni küsdürmür. Hesab edirəm ki,  məndən qorxub bunu ediblər. Şükür ki, mən özümü tapmışam, yenə sənətimi davam etdirirəm. 

Mən öz sənətimə sevgini daha çox xaricdə gördüm. Bu yolu gedəndə böyük risk etdim, amma özümə inanım da çox idi. Düzü, tamaşaçı sevgisini orada tapdım. Bu sevgi artıq pul ilə bağlı bir şey deyil. 

- Bəs siz öz sevginizi Azərbaycan tamaşaçısına verirsiniz yoxsa, xarici?

- Bunu zaman göstərəcək, indi deyə bilmərəm, gözləyirəm. Amma Avropa tamaşaçısını daha çox sevirəm. Mənə sevgi verən tamaşaçını sevirəm. Amma Vətənimi çox sevirəm. İki disk buraxmışam. Orada iki Azərbaycan mahnısı var. 

Bunu qəsdən etmişəm ki, məni italyanlarla, ispanlarla səhv salmasınlar. İkinci diskim isə sırf Azərbaycan dilindədir. Sevinirəm ki, məni İtalyana bənzədirlər. Amma mən Azərbaycanı təbliğ edirəm. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

musiqi Tərlan Şahbazi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
cebheinfo.az

2Источники