İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfəri çərçivəsində İslam İnkişaf Bankı (İİB) Qrupunun rəhbər şəxsləri ilə görüşüb.
"Report" nazirliyə istinadən xəbər verir ki, E. Əliyev İslam İnkişaf Bankı (İİB) Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casirlə görüşüb. Görüşdə Azərbaycan və İİB Qrupu arasında əməkdaşlığın səmərəli şəkildə inkişaf etdiyi vurğulanıb. İİB-nin dəstəyi ilə ölkəmizin Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığının daha da dərinləşdiyi və prioritet infrastruktur layihələri üzrə əlaqələrin gücləndiyi diqqətə çatdırılıb.
Azərbaycanın 16 ildən sonra bu il yenidən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcəyi məmnunluqla qeyd edilib və bu mötəbər tədbirin ölkəmizin beynəlxalq maliyyə institutları ilə tərəfdaşlığının möhkəmlənməsinə əlavə töhfə verəcəyi bildirilib.
Görüşdə ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən "Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi" layihəsi üzrə İİB ilə imzalanmış tərəfdaşlıq sənədinin regionun dayanıqlı inkişafı və aqrar potensialının reallaşdırılmasında əhəmiyyəti qeyd edilib. Tərəflər enerji, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, su resurslarının idarə olunması və digər istiqamətlərdə potensial layihələr və investisiya imkanlarını müzakirə ediblər.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İİB-nin vitse-prezidenti Rami Əhmədlə görüşüb.
Görüşdə İslam İnkişaf Bankı və onun üzv olduğu Ərəb Koordinasiya Qrupunun digər qurumları ilə birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmi qeyd edilib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər müzakirə edilib.
E. Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupu tərəfindən təşkil olunmuş sərgi ilə tanış olub. Tədbirdə İİB Qrupuna daxil olan qurumlar tərəfindən maliyyələşdirilən layihələr və tərəfdaşlıq imkanları təqdim olunub. İqlim maliyyələşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.
E. Əliyev səfər çərçivəsində İİB-nin 50 illiyinə həsr olunmuş sənədli filmin rəsmi təqdimat mərasimində iştirak edib. Sənədli filmdə Bankın tarixi, əsas fəaliyyət prinsipləri və həyata keçirdiyi layihələr vasitəsilə üzv ölkələrin sosial-iqtisadi inkişafındakı rolu əks etdirilib.
Azərbaycan ilə İslam İnkişaf Bankı (IsDB) arasında prioritet layihələrin sürətləndirilməsi, dayanıqlı, yüksək təsirə malik nəticələrin əldə olunması ilə bağlı müzakirələr aparılıb.
"Report" banka istinadən xəbər verir ki, müzakirələr IsDB-nin prezidenti Məhəmməd Əl-Casir ilə Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev arasında keçirilən görüşdə aparılıb.
Görüşdə İslam İnkişaf Bankı ilə Azərbaycan arasında tərəfdaşlığın dərinliyi bir daha təsdiqlənib.
M. Əl-Casir həmçinin 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcəyi üçün Azərbaycana təşəkkürünü bildirib və bankın Azərbaycanın uzunmüddətli inkişaf və artım hədəflərinə dəstəyini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən IsDB-nin üzvüdür və bankın kapitalında 0,13 %-lik paya malikdir.
2024-cü ilin sonuna IsDB Qrupunun Azərbaycana ayırdığı maliyyələşmənin ümumi məbləği 1 milyard 298 milyon ABŞ dollarına çatıb və 81 layihəni əhatə edir. Bu vəsaitin böyük hissəsi - 1 milyard 106 milyon ABŞ dolları - 35 təşəbbüs üzrə layihə maliyyələşməsinə yönəldilib. 185,8 milyon ABŞ dolları 20 ticarət maliyyələşməsi əməliyyatına, 4,4 milyon ABŞ dolları 23 texniki yardım layihəsinə, 1,6 milyon ABŞ dolları isə üç xüsusi yardım təşəbbüsünə ayrılıb.
IsDB Qrupu 2026-cı il iyunun 16-dan 19-dək Bakıda Müdirlər Şurasının 51-ci İllik Toplantısını və bir sıra tədbirlər keçirəcək.