Türkiyə–Ermənistan münasibətlərinin normallaşması birbaşa Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu proseslər paralel şəkildə aparılır:
“Ümid edirik ki, bütün bunlar çox sürətlə inkişaf edəcək və bölgənin gündəmi artıq münaqişələrlə deyil, sülh, rifah və inkişafla müəyyən olunacaq. Bundan sonra diqqətimizi daha çox gələcəyə yönəldəcəyik”.
TBMM komitə sədri bildirib ki, Ermənistan–Azərbaycan münasibətləri çərçivəsində istər Qazaxıstan və Rusiya üzərindən gətirilən buğdanın daşınması, istərsə də ticarət əlaqələrinin başlaması göstərir ki, Azərbaycan tərəfinin özünə inamını ifadə edir.
O qeyd edib ki, Azərbaycan hələ planlaşdırılan saziş rəsmi şəkildə imzalanmadan və üzərinə hüquqi öhdəlik düşmədən belə razılaşmanı faktiki olaraq mərhələli şəkildə həyata keçirməyə başlayıb:
“Bu çox mühüm göstəricidir və Azərbaycanın özünə olan inamını nümayiş etdirir”.