RU

Tramp Konqresə müraciət edib: ABŞ, İran, Rusiya...

AzVision.az xəbər verir ki, Ağ Evdə ikinci dəfə fəaliyyətə başladığı ilk ildə “dövrün dəyişdiyini” açıqlayan Donald Tramp tarif siyasətini müdafiə edərək Konqresi seçicilərin vətəndaşlığının təsdiqi ilə bağlı“Amerikanı Xilas Et (SAVE America Act)”qanununu qəbul etməyə çağırıb. Amerika lideri bu qanunun seçki saxtakarlığına qarşı mübarizə aparmaq üçün zəruri olduğunu vurğulayıb. Demokratlar bəzi qanuni seçicilərin səsvermə hüququndan məhrum oluna biləcəyi riski barədə xəbərdarlıq edərək bu qanunun əleyhinə çıxırlar.

Özünü Co Baydenlə müqayisə edən Tramp“böhran içində olan bir ölkəni miras aldığını, heç kimin görmədiyi transformasiyaya və əsrlərlə davam edəcək dönüşə”nail olduğunu deyib.

- Bu, Amerikanın qızıl dövrüdür”,– Ağ Evin rəhbəri iddia edib.

Onun çıxışında ABŞ Ali Məhkəməsinin bu yaxınlarda rədd etdiyi tarif və rüsum siyasətinə xüsusi diqqət yetirilib. Donald Tramp ABŞ-də fırıldaqçılığa qarşı müharibənin başladığını bildirərək, bu səylərə rəhbərliyi vitse-prezident Cey Di Vensə tapşırıb.

“Mən rəsmi olaraq böyük vitse-prezidentimiz Cey Di Vensin rəhbərliyi ilə fırıldaqçılığa qarşı müharibə elan edirəm. O, istədiyinə nail olacaq. Yetər bu fırıldaqçılıq. Somali icmasının üzvləri Amerika vergi ehtiyatlarından təxminən 19 milyard dollar talan ediblər. Bizdə bütün məlumatlar var və faktiki rəqəm daha yüksəkdir. Kaliforniya, Massaçusets, Men və bir çox digər ştatlarda vəziyyət daha da pisdir”,– Amerika lideri vurğulayıb.

Tramp həmçinin İranla bağlı sərt açıqlamalar verib. O, İranın Avropanı və xaricdəki Amerika hərbi bazalarını təhdid edə biləcək raketlər hazırladığını və hazırda ABŞ-a çata biləcək raketlər üzərində işlədiyini iddia edib.

Ağ Ev rəhbərinin sözlərinə görə, “Gecəyarısı Çəkic” əməliyyatından sonra İrana silah proqramlarını, xüsusən də nüvə silahları ilə əlaqəli proqramları bərpa etməyə cəhd göstərməmək barədə xəbərdarlıq olunub. Lakin Tehran bunu davam etdirir və hər şeyi yenidən başlamaq istəyir. Bununla belə, ABŞ prezidenti problemi diplomatik yolla həll etməyə çalışdığını söyləyib.

- İran razılaşma istəyir, amma biz onlardan“Heç vaxt nüvə silahımız olmayacaq” sözlərini eşitməmişik. Bir şeyə əminəm: heç vaxt dünyanın aparıcı terror sponsorunun nüvə silahı əldə etməsinə imkan verməyəcəyəm. Mən buna icazə verə bilmərəm. Prezident kimi mən bacardığım hər yerdə sülhə can atacağam, amma lazım olduqda Amerikaya qarşı təhdidlərə qarşı çıxmaqdan heç vaxt çəkinməyəcəyəm”,- Amerika lideri xəbərdarlıq edib.

Sözsüz ki, Donald Tramp Konqresdə çıxışı zamanı Rusiya ilə Ukrayna arasındakı müharibə mövzusundan da yan keçməyib. O, xüsusilə Ağ Ev administrasiyasının Rusiya ilə Ukrayna arasındakı müharibəni həll etmək üçün fəal şəkildə çalışdığını vurğulayıb. Tramp prezident olsaydı, müharibənin heç vaxt başlamayacağına inandığını bir daha təkrarlayıb.

“Biz Rusiya ilə Ukrayna arasında hər ay iyirmi beş min əsgərin öldüyü qətl və qırğınlara son qoymaq üçün çox çalışırıq. Bir düşünün, hər ay iyirmi beş min əsgər ölür. Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi. Səylərimiz döyüşlərin dayandırılmasına və itkilərin sayının azaldılmasına yönəlib”,– Donald Tramp bildirib.

Çıxışında ABŞ prezidenti Şimali Karolinada həlak olan ukraynalı qaçqın İrina Zarutskayanı da xatırlayıb:“O, amansız müharibədən qaçdı, lakin öldürmək üçün azadlığa buraxılan qatı cinayətkar tərəfindən qətlə yetirildi”.Tramp qatilin qurbanının auditoriyadakı anasına müraciət edərək“Biz fəxr edirik ki, bu gün burada cəhənnəmdən keçən bir qadın – Anna Zarutskaya var”deyib.

Maraqlıdır ki, Amerika lideri bu çıxışında Qəzzadakı vəziyyətdən danışmayıb. O, həmçinin İsraillə münasibətləri müzakirə etməyib. Rusiya mövzusuna isə Donald Tramp Venesuelada Rusiya silahlarının mövcudluğu kontekstində qayıdıb. Venesuelanı xatırladan Ağ Ev rəhbəri bildirib ki, ABŞ bu ölkədən 80 milyon bareldən çox neft alıb.

- Biz yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən çox neft aldıq”,- ABŞ prezidenti orada keçirilən xüsusi əməliyyatın nəticələrini diqqətə çatdırıb.

Konqresə müraciətində Tramp onu da bildirib ki, ABŞ milli maraqlarının təminatı və ölkəni zorakılıqdan, narkotiklərdən, terrorizmdən və xarici müdaxilədən qorumaq üçün Qərb yarımkürəsində Amerika təhlükəsizliyini və dominantlığını bərpa edir. ABŞ prezidenti vurğulayıb ki, uzun illərdir Meksikanın böyük hissəsi də daxil olmaqla Latın Amerikasında“geniş əraziləri qaniçən narkotik kartellər”öz nəzarəti altında saxlayıblar.

Qeyd edək ki, Amerika liderinin Konqresdəki çıxışı başlamazdan əvvəl konqresmen El Qrin Nümayəndələr Palatasının iclas zalından çıxarılıb. Demokrat siyasətçi iclasda Trampın şəxsi sosial media səhifəsində yerləşdirilən Obamaların karikaturasının videosuna istinadla“Qaradərililər meymun deyil!” ifadəsi yazılmış plakat açıb.

Sahil İsgəndərov
AzVision.az

Избранный
30
50
azvision.az

10Источники