Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Fevralın 24-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib. Əvvəlcə çıxış edən spiker Sahibə Qafarova bildirib ki, Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törədiblər. Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir: “613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”.
S.Qafarova qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub və xalqımıza qarşı etnik təmizləmələrə və soyqırımı cinayətlərinə son qoyulub. Xocalı qurbanlarının qisası döyüş meydanında alınub.
Millət vəkilləri Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra deputatlar cari məsələlərlə bağlı çıxış ediblər. Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacağı gözlənilir ki, bu da işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının kifayət qədər yüksək olduğunu göstərir. Onun sözlərinə görə, uzun müddət işğal altında qalmış torpaqlarımız bərpa edilir və yenidən qurulur. 75 mindən çox vətəndaşımızın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir. Bu, ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə 150 mindən çox vətəndaşımızın yaşayacağı deməkdir.
Deputat Vüqar Bayamov isə çıxışı zamanı deyib ki, şanlı zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb: “Bu, o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla, zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir”.
Razi Nurullayev isə azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin özlərinin də ev tikmələrinə şərait yaradılmasını təklif edib.
Millət vəkili Elman Nəsirov çıxışında qeyd edib ki, yeni dünya nizamı ilə bağlı müxtəlif platformalar formalaşdırılır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu prosesdə fəal iştirak edir. Lakin bəzi dairələr Azərbaycanın bu uğurlarından çox narahat olur. “Son hadisə də bunu təsdiqləyir. Prezidentimiz Vaşinqtonda məlum toplantıdan sonra hotelə qayıdarkən törədilən təxribatın həm təşkilatçıları, həm də icraçıları bəllidir. Bu, məqsədyönlü və planlı şəkildə həyata keçirilən addımdır. Bu vəziyyətdə Azərbaycan Prezidentinin mühafizəçilərinin, eləcə də Birləşmiş Ştatlar polisinin atdığı addımlar adekvatdır. Belə də olmalıdır. Hər şey qanun çərçivəsində baş verib. Xatırlatmaq istəyirəm ki, cəmi iki-gün öncə Birləşmiş Ştatlarda Prezidentin Florida ştatındakı iqamətgahına bir nəfər basqın etməyə cəhd göstərib və yerindəcə güllələnib. Hesab edirəm ki, bundan sonra əlavə şərhə ehtiyac yoxdur”,-deyə millət vəkili vurğulayıb.
Cari məsələlərlə bağlı çıxışlardan sonra gündəlikdə olan qanun layihələri müzakirə edilib. Əvvəlcə Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb. Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik edilib. Qərara əsasən, Milli Məclisin Keniya, Qambiya, Laos, Maldiv parlamentləri ilə işçi qrupları yaradılıb.
Belə ki, Azərbaycan- Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ramid Namazov, Azərbaycan - Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eyvaz Qurbanov, Azərbaycan - Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Paşayeva, Azərbaycan - Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri isə Azər Allahverənov təyin edilib. Qərar layihəsində həmçinin vurğulanıb ki, Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Vasif Qafarov təyin edilib.
İclasda “İnvestisiya fəaliyyəti haqqında” Qanuna üçüncü oxunuşda dəyişiklik edilib. Qeyd edilib ki, hazırda investisiyalar investordan dövlət tərəfindən iki əsasla - dövlət ehtiyacları üçün və rekviziya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə cəmiyyətin mənafeləri üçün) alına bilər. Hər iki halda investisiyanın dəyəri bu Qanunun 13.3-cü və 13.4-cü maddələrinə uyğun olaraq kompensasiya ödənişinin edilməsi yolu ilə investora ödənilir.
Təklif olunan dəyişiklik isə investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edir. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya milli maraqlara zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır. Beləliklə, qanun layihəsi strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya respublikanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının hüquqi əsasını formalaşdırır. Qeyd olunan məqsəd üçün investisiyaların alınması ümumi qaydada, yəni investisiyaların dövlət tərəfindən alınması əvəzində investorlara kompensasiya ödənilməklə həyata keçirilə bilər.
Deputatlar “Yerin təki haqqında” Qanuna təklif edilən dəyişiklikləri isə birinci oxunuşda qəbul ediblər. Dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.
Bundan əlavə, “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişikliklər də birinci oxunuşda qəbul olunub. Qeyd edilib ki, son illərdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının bütün növləri üzrə ciddi islahatlar həyata keçirilib, qanunvericilik təkmilləşdirilib, son nəticədə daşımaların keyfiyyəti yüksəldilib. Görülən işlərin davamı olaraq avtomobil nəqliyyatı ilə daşımanın bir növü olan ölkədaxili sifarişli daşımalar (buraya taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla, qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aiddir) sahəsində, xüsusilə bu fəaliyyətə icazə verilməsi sahəsində təkmilləşdirilmənin aparılmasına ciddi zərurət yaranıb. Bir tərəfdən qeyri-müntəzəm sərnişin daşımalarına tələbatın artması, digər tərəfdən isə bu nəqliyyat vasitələrinin iştirakı ilə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin yüksək olması təklif olunan dəyişikliklərin edilməsini labüd edir.
Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyətli xidmətin göstərilməsinə xidmət edir, müxtəlif sığorta hadisələri zamanı sığortaolunanların, xüsusilə zərərçəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır.
Qeyd edək ki, iclasın gündəliyində olan digər qanun layihələri də qəbul olunub.
Sonra spiker Sahibə Qafarova parlamentin növbəti iclasının fevralın 27-də keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI