Dünya Bankının "Qadınlar, Biznes və Hüquq 2026" (Women, Business and the Law 2026 ) hesabatına əsasən, Azərbaycan hüquqi baza indeksi üzrə 72,18 bal toplayıb, dəstəkləyici tədbirlər indeksi 47,58, qanunların icrasının qavranılması indeksi isə 59,12 təşkil edib.
Day.Az xəbər verir ki, Dünya Bankının məlumatına görə, aparılan araşdırmalar artıq Azərbaycanda konkret islahatların həyata keçirilməsi ilə nəticələnib.
"Hesabatın "Qadınlar, Biznes və Hüquq 2026" məlumatları dünya üzrə qanunvericilikdə genişmiqyaslı dəyişiklikləri stimullaşdırıb. Məsələn, Azərbaycanda hesabatın nəticələri Əmək Məcəlləsinə edilən dəyişikliklərə gətirib çıxarıb və bu dəyişikliklər qadınların məşğulluğu sahəsində mövcud olan 674 məhdudiyyətin aradan qaldırılmasını təmin edib", - deyə hesabatda bildirilir.
Qeyd edək ki, "Qadınlar, Biznes və Hüquq 2026" hesabatında ilk dəfə olaraq yalnız dünya iqtisadiyyatlarında qanunların bərabərlik səviyyəsi deyil, həm də onların tətbiqinin effektivliyi qiymətləndirilir. Nəticələr formal hüquqi bərabərliklə real nəticələr arasında qlobal miqyasda ciddi fərqin mövcud olduğunu göstərir.
Orta hesabla iqtisadiyyatlar qadınların iqtisadi bərabərliyini dəstəkləyən qanunları ölçən indeks üzrə 100 mümkün baldan 67 bal toplayır. Lakin bu göstərici qanunların icrası qiymətləndirildikdə orta hesabla 53 bala, hüquqların həyata keçirilməsi üçün zəruri sistemlərin yetərliliyinin təhlili zamanı isə 47 bala qədər azalır.
"Hətta gender bərabərliyini təmin edən qanunların mövcud olduğu hallarda belə, qadınlar çox vaxt öz hüquqlarını həyata keçirmək üçün institusional dəstəkdən məhrum qalırlar. Məhkəmələr, tənzimləyici orqanlar və inzibati sistemlər qoruyucu mexanizmlərin real təsir göstərməsi üçün həddindən artıq zəif, kifayət qədər maliyyələşdirilməmiş və ya parçalanmış ola bilər. Bunun nəticələri yalnız ədalət məsələsi ilə məhdudlaşmır. Qlobal iqtisadi artımın zəiflədiyi və demoqrafik təzyiqlərin artdığı şəraitdə qadınların iqtisadi həyatdan kənarda qalması təkcə ədalətsiz deyil, həm də qeyri-səmərəlidir. Çoxsaylı tədqiqatlar göstərir ki, qadınlar işlədikdə, idarəetmədə iştirak etdikdə və innovasiyalar tətbiq etdikdə iqtisadiyyatlar daha məhsuldar olur, şirkətlər daha effektiv fəaliyyət göstərir, cəmiyyətlər isə daha dayanıqlı olur", - hesabatda qeyd edilib.
Dünya Bankı vurğulayır ki, gender inklüzivliyi əmək bazarlarını gücləndirir, məhsuldarlığı artırır və iqtisadi dinamikanı stimullaşdırır. Qadınların iqtisadi iştirakının genişləndirilməsi yalnız sosial məqsəd deyil, həm də iqtisadi zərurətdir:
"Bu, dünyanın bəzi regionlarında, məsələn Cənubi Asiyada iqtisadi potensialın artırılması üçün ən effektiv strategiyalardan biri ola bilər."