RU

Bakıda tanışlarına bıçaqlı hücum edən yeniyetmələrlə bağlı QƏRAR

Ali Məhkəmədə quldurluqda təqsirləndirilən T.Əliyev və S.Ağayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, yetkinlik yaşına çatmayan T.Əliyev 08 avqust 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhərinin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində tanışı, S.Ağayevlə birgə quldurluq cinayəti törətməkdə təqsirli bilinib.

 

Belə ki, təqsirləndirilən T.Əliyev tanışı, zərərçəkmiş Yusif Yusifovun (adı, soyadı şərtidir) “Samsung A9” markalı mobil telefonunu qaytarmaq adı ilə dayanacağa çağırıb. Daha sonra tərəflər park ərazisində yerləşən təmirdə olan kafenin yaxınlığına gəliblər.

 

Cinayət işi üzrə araşdırmalar göstərir ki, həmin məkanda təqsirləndirilən şəxslər əvvəlcədən razılaşaraq zərərçəkmişə qarşı zor tətbiq ediblər. S.Ağayev üzərində gəzdirdiyi mətbəx bıçağını nümayiş etdirərək Yusifi hədələyib və onun həyatı və sağlamlığı üçün təhlükə yaradan zorakılıq tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. Bundan sonra T.Əliyev zərərçəkmişin əllərini tutub, digər şəxs isə yumruq və təpik zərbələri ilə bədəninə xəsarətlər yetirib.

 

Məhkəmə ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə sağ dirsək oynağı nahiyəsinin səthi əzilmiş yarası və sağ bel nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirilib. Hücum nəticəsində Yusifin pul qabından 34 manat nağd pul, bank kartı, 60 manat dəyərində “Huawei Y5” markalı mobil telefon, eləcə də GSM nömrələri ələ keçirilib. Ümumilikdə zərərçəkmişə 654,47 manat maddi ziyan vurulduğu müəyyən edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar Cinayət Məcəlləsinin quldurluq maddələri üzrə təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Əvvəlki hökm və cəza müddətləri nəzərə alınaraq qəti cəza 8 il 5 ay 28 gün azadlıqdan məhrumetmə kimi müəyyən edilib. Hökmdə həmçinin mülki iddia qismən təmin olunub. Zərərçəkmiş tərəfə 654,47 manat maddi ziyan ödənilməsi barədə qərar qəbul edilib. Maddi sübutlar və digər prosessual məsələlər də hökm çərçivəsində həll olunub.

 

Birinci instansiya məhkəməsinin hökmündən T.Əliyev və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilərək bəraət istənilib. Eyni zamanda digər S.Ağayev də cəzanın yüngülləşdirilməsini tələb edib.

 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə S.Ağayevin apellyasiya şikayəti qismən təmin edilib. Qərara əsasən, onun həbsdə olduğu müddət nəzərə alınaraq cəza müddətində dəyişiklik edilib və qəti olaraq 8 il 5 ay 23 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökm digər hissələrdə qüvvədə qalıb.

 

Kamal Məmmədov

Tarix: 25 Fevral 2026, 09:53   
Избранный
19
pravda.az

1Источники