RU

20-ci paket qəbul edilmədi

Macarıstan və Slovakiya “yox” deyir...

Ötən ilin oktyabrında Rusiyaya qarşı 19-cu sanksiya paketinin qəbulunun ardından növbəti 20-ci paketin anonsu səsləndirilmişdi. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, Aİ ölkələri Rusiyaya iqtisadi təzyiqi davam etdirmək məqsədilə ölkəyə qarşı artıq növbəti sanksiya paketinin tətbiqi ideyasını dəstəkləyib. O qeyd etmişdi ki, Aİ Rusiyaya iqtisadi təzyiqi gücləndirmək və Ukraynaya maliyyə və enerji yardımınıın təqdim edilməsini sürətləndirmək niyyətindədir. Hətta 20-ci paketin qəbul edilməsi ilə bağlı razılıq da əldə olunmuşdu - Kallas vurğulamışdı ki, üzv dövlətlər artıq 20-ci sanksiya paketi ideyasını dəstəkləyib. Bu müzakirələrin üzərindən 4 aydan artıq keçsə də, 20-ci sanksiya paketi ərsəyə gələ bilmir - qoyulan vetolar buna imkan yaratmır.

20-ci paket: çoxmərhələli və zəngin....

Budəfəki sanksiya paketi əvvəlkilərdən fərqlənir - bu paket həm olduqca “zəngindir”, həm genişmiqyaslıdır, həm də mərhələli şəkildə icra olunma tələb edir. Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiyalar paketi üçün təklifini hələ fevralın əvvəlində təqdim edib. Təkliflərə əsasən, digər məsələlərlə yanaşı, Aİ Rusiya neft ixracı üçün dəniz xidmətlərinə tamamilə qadağa qoymağı və Rusiyanın tankerlər əldə etməsini daha da çətinləşdirməyi planlaşdırır. Sanksiyaların ikinci mərhələsində Aİ Rusiya bank sisteminə təzyiqi artırır. Bu tədbirlərin sanksiya altında olan malların qanunsuz ticarətini asanlaşdıran üçüncü ölkələrdəki banklara da təsir edəcəyi gözlənilir.

Üçüncü mərhələ ticarət məhdudiyyətlərinin sərtləşdirilməsini nəzərdə tutur. Aİ rezin şinlərdən və traktorlardan tutmuş kibertəhlükəsizlik xidmətlərinə qədər 360 milyon avrodan çox dəyərində mal və xidmətlərin ixracına yeni qadağalar qoymaq niyyətindədir. Həmçinin, 570 milyon avrodan çox dəyərində metallar, kimyəvi məhsullar və vacib minerallar üçün yeni idxal məhdudiyyətləri, eləcə də partlayıcı maddələrin istehsalı üçün materiallar da daxil olmaqla, hərbi malların və texnologiyaların ixracına əlavə qadağaların tətbiqi nəzərdə tutulur.

Eləcə də, 20-ci paketdə Aİ ilk antisanksiya alətini işə salacaq və CNC dəzgahlarının, radioların Rusiyaya təkrar ixrac etmək imkanı olan olan ölkələrə ixrac qadağan ediləcək. Avropa Komissiyası həmçinin Aİ şirkətlərini sanksiyalar səbəbindən Rusiyada əqli mülkiyyət hüquqlarının pozulmasından və ədalətsiz müsadirədən qorumaq məqsədilə gücləndirilmiş hüquqi təminatlar təklif edir.

Yenidən veto qoyuldu  -  həm 20-ci paketə, həm də 90 milyardlıq yardıma

Qeyd edək ki, ənənəvi qaydaya görə, sanksiyaların tətbiqi bütün Aİ üzv dövlətləri arasında konsensus tələb edir. Fevralın 20-də keiçirilən müzakirələrdə isə Aİ səfirləri Rusiyaya qarşı 20-ci sanksiya paketi ilə bağlı da razılığa gələ bilmədilər. “Bloomberg” yazır ki, fikir ayrılığı Rusiya neft ixracında iştirak edən xarici limanlara və banklara qoyulan məhdudiyyətlərlə bağlıdır. İtaliya və Macarıstan Gürcüstandakı Kulevi limanına, Yunanıstan və Malta İndoneziyanın Karimun limanına qoyulan məhdudiyyətlərə, Madrid və Roma isə Kuba bankına qoyulan sanksiyalara qarşı çıxıblar.

Fevralın 23-də baş tutan iclas da öncəkindən fərqlənməyib - bu dəfə Slovakiya və Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə və Ukraynaya 90 milyard avro həcmində kreditin verilməsinə veto qoyub. Bolqarıstanın xarici işlər naziri Nadejda Nevinskayanın sözlərinə görə, Macarıstan nümayəndəsi vetoya əsaslı arqumentlər səsləndirib. “Yeni sanksiya paketinin müzakirəsi Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü kontekstində xüsusi əhəmiyyət kəsb edirdi. Biz onu dəstəkləyirik, lakin indiki mərhələdə o, Slovakiya və Macarıstan tərəfindən bloklanıb. Hadisələrin bundan sonra necə inkişaf edəcəyini görəcəyik”, - o, iclasın yekunlarına dair jurnalistlərə deyib.

Sloveniyanın xarici və Avropa işləri naziri Tanya Fayon isə 20-ci paket ətrafında qızğın müzakirələrin getdiyini bildirib. “Hər bir tərəf, o cümlədən Macarıstan, Slovakiya və Ukrayna öz mövqeyini təqdim edib. Başa düşdüyüm qədər, razılığa gəlmək məqsədilə veto qoyan hər iki ölkə ilə danışıqlar aparılır. Mən də ən qısa zamanda razılığın əldə olunmasına çağırıram”, - Fayon deyib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə keçirilən Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün nəticələrinə əsasən bildirib ki, veto qərarına Ukrayna üzərindən “Drujba” boru kəməri ilə Rusiyadan Macarıstana neft tədarükünün dayandırılması səbəb olub. “Açıq şəkildə bildirdim ki, biz Ukraynanın 90 milyard avro dəyərində kredit almasına dəstək verməyəcəyik, çünki ukraynalılar bizi şantaj edirlər”, - macar nazir jurnalistlərə açıqlamasında qeyd edib.

Siyarto Macarıstana neft tədarükünün bərpasının Budapeştin mövqeyinin dəyişməsi üçün əsas şərt olduğunu vurğulayıb. “Bu bizim hazırkı mövqeyimizdir. Buna görə də bu gün nə sanksiyalar paketi, nə də Ukraynaya kredit verilməsi barədə qərar qəbul edilib”, - nazir əlavə edib.

Slovakiyanın Baş naziri Robert Fitso da “Drujba” boru kəməri ilə neft nəqlinin dayandırılmasını tənqid edib və Kiyevin tranziti bərpa etməməsi halında Ukraynaya elektrik enerjisi tədarükünü dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

Aİ narahatdır - 4-cü ilin ərəfəsində...

Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin dördüncü ildönümü ərəfəsində Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbul edilə bilinməməsindən təəssüfləndiyini bildirib. “Bu, uğursuzluqdur və göndərmək istədiyimiz mesaj deyil”. Avropa diplomatiyasının rəhbəri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, Macarıstan və Slovakiya rəhbərliyini bu tədbirlərin zəruriliyinə inandırmaq üzərində işləməyə davam edəcəyinə söz verib. “Biz artıq oxşar ssenari ilə qarşılaşmışıq və birlikdə həll yolları tapa biləcəyimizi gördük. Hazırda bu tədbirlər paketini irəli aparmaq üçün müxtəlif səviyyələrdə macar və slovak həmkarlarımızla qarşılıqlı əlaqədəyik”, - Kallas qeyd edib.

Onun sözlərinə görə, Aİ qonşusuna qarşı müharibəyə son qoymalı olan Rusiyaya davamlı dəstək və təzyiqin artırılması barədə aydın bir mesaj göndərməlidir.

Ukraynanın xarici işlər naziri Andriy Sibiha öz növbəsində Macarıstan və Slovakiyanı “konstruktiv əməkdaşlıq və məsuliyyətli hərəkətlər” etməyə çağırıb. O, hər iki ölkənin Avropa İttifaqını girov saxlamağı dayandırmalı olduğunu vurğulayıb.

Budəfəki qadağalar...

Bəzi ekspertlərin fikrincə, 20-ci sanksiya paketində Rusiya neftini daşıyan tankerləri ələ keçirmək üçün əsaslar formalaşdırmaq təşəbbüsü Rusiyaya ciddi ziyan vəd etmir. Xatırladaq ki, Avropa Komissiyasının 20-ci sanksiya paketi layihəsində Rusiya neftinin çatdırılması ilə bağlı dəniz xidmətlərinə tam qadağa təklif olunur. Bu, G7 ilə razılaşdırılmış Rusiya neftinə mövcud qiymət limitini əvəz etmək üçün nəzərdə tutulan əsas müdəəalardandır. Bildirilir ki, sahil dövlətləri ərazi və ya daxili sularına daxil olan gəmiləri yoxlamaq hüququna malikdirlər. Lakin xarici gəmi eksklüziv iqtisadi zonada (ərazi dənizinin xaricində) olarsa, yoxlama səlahiyyəti əhəmiyyətli dərəcədə məhduddur.

Yeni Aİ sanksiya paketinin bir hissəsi olaraq, Rusiya neftinin dəniz nəqliyyatına qadağa qoyulması isə ixracata olduqca sərt təsir göstərə bilər. Ekspertlər bildirirlər ki, beynəlxalq hesablamalara görə, bəzi ixrac məhsulları Yunanıstan gəmiləri vasitəsilə tranzit edilir - məhdudiyyətlərə məruz qala biləcək məqamın da bu olacağı proqnozlaşdırılır. Çünki Avropaya neft ixracının təxminən 30-40 faizi Avropa gəmiləri, xüsusən də Yunanıstan gəmiləri vasitəsilə tranzit edilir.

P.İSMAYILOV

Избранный
14
1
yeniazerbaycan.com

2Источники