RU

Texnatlar Bizə hazırlanan gələcək

Ayna saytına istinadən ain.az xəbər verir.

Texniki cəhətdən mükəmməl, mənəvi baxımdan boş bir dünya qurulacaq – Sürətli, səssiz və yad

1-ci yazı

Texnatlar... Bu söz hələ lüğətlərə düşməyib, amma gündəlik həyatda artıq istifadə olunur. Texnatlar bir peşənin, bir sinfin, texnologiyalarla məşğul olan insanların adı deyil. Bu, dünyaya baxışdır – dünyanın yalnız ölçülə bilən, hesablana bilən, kodlaşdırıla bilən hissəsini əsas sayan bir baxışdır.

Texnatlar texnologiyaların məntiqi ilə düşünən, yaşayan və qərar verən insanlar və ya qruplardır; onlar üçün texniki səmərəlilik humanitar, etik və mədəni dəyərlərdən üstün tutulur. Onlar üçün alqoritm insandan vacibdir.

Bu tip insanların əsas cizgiləri bunlardır: 

–Texnokratik düşüncə; 

–Alqoritmlərə, süni intellektə və avtomatlaşdırmaya universal həll kimi kor-koranə inam; 

–Ənənəyə, yaddaşa və mənəvi məsuliyyəti heçə saymaq; 

–Quru, funksional, idarəedici dil; 

–İnsanın şəxsiyyət kimi yox, resurs, məlumat və ya parametr kimi qəbul edilməsi.

Gördüyümüz kimi texnatlar klassik intellektual mövqenin əks qütbündə dururlar. Gələcəyi qururlar, amma o gələcəkdə kimin yaşayacağı onlar üçün maraqsızdır.

Daha konkret deyimlə, texnatlar hazırda Donald Tramp və onun arxasında dayanan qüvvələr tərəfindən təşviq edilən bir konsepsiyadır. Və Tramp texnat konsepsiyasının müasir dövrdə əsas hərəkətverici fiqurudur.

Konsepsiyaya bir qədər geniş perspektivdən baxanda texnat modern texnoloji və ən son elmimetodlardan istifadə etməklə idarə olunan avtonom və ya yarı-avtonom texnokratik dövlət (və ya şəhər) konsepsiyasıdır. Texnat ideyası elə ərazilərin yaradılmasını nəzərdə tutur ki, burada idarəetmə, iqtisadiyyat və sosial həyat ənənəvi siyasi sistemlərə deyil, səmərəlilik, rasionallıq və texnoloji tərəqqi prinsiplərinə əsaslansın.

Texnat konsepsiyası ABŞ, Kanada, Venesuela, Meksika və Qrenlandiyanın vahid bir texnat çərçivəsində birləşdirilməsini də ehtiva edə bilər…

***

Texnat ideyasının kökləri XX əsrin əvvəllərində formalaşmış texnokratik hərəkata gedib çıxır. Texnokratiya konsepsiyasına görə cəmiyyətin idarə olunması siyasətçilər tərəfindən deyil, texniki mütəxəssislər, alimlər və mühəndislər tərəfindən həyata keçirilməlidir.

1930-cu illərdə texnokratik hərəkat ABŞ və Avropada xüsusilə populyar idi və kapitalizm və sosializmə alternativ kimi təqdim olunurdu.

Müasir texnat ideyası avtonom texnoloji şəhər və ya dövlət modeli kimi XX əsrin sonu və XXI əsrin əvvəllərində inkişaf etməyə başladı. Süni intellekt, robot texnikası, “əşyaların interneti” (internet of things) və digər texnologiyalardakı irəliləyişlər bu ideyanın yayılmasına ciddi təkan verdi. 2000-ci illərdə “ağıllı şəhərlər” (smart cities) layihələri texnat ideyalarının reallaşdırılmasına doğru ilk addımlar oldular.

Texnat üçün dünya problemlər yumağıdır. Amma problem bir şəkildə həll olunmalıdır. Həllin estetikası, etikası, yaddaşı onu maraqlandırmır. Əsas olan işləməsidir. Sürətli, səmərəli, ölçülə bilən şəkildə. Texnat düşünür ki, əgər bir proses alqoritmə salınırsa, deməli, artıq nə sual qalır, nə də tərəddüd. İnsan da bu prosesin içində ya istifadəçi ya resurs ya da xam məlumatdır.

Bu baxış yeni deyil. Texnologiya qədimdir. Ancaq texnat düşüncə XX əsrin ikinci yarısından sonra, xüsusilə də rəqəmsal dövrdə dominant mövqeyə keçdi. Əvvəllər texnika vasitə idi. İndi məqsəddir. Əvvəllər alət insanın əlində idi. İndi insan alətin daxilindədir.

Texnat dünyanı xəritə kimi yox, sxem kimi görür. Xəritədə tarix var, qatlar var, səhvlər var, unudulmuş adlar var. Sxemdə isə yalnız əlaqələr var: giriş–çıxış, səbəb–nəticə, siqnal–reaksiya. Sxem yaddaş istəmir. Xəritə isə yaddaşsız mövcud ola bilməz.

Bu nöqtədə humanitar düşüncə ilə texnat baxışı üz-üzə gəlir. Humanitar üçün insan mərkəzdir, texnat üçünsə sistem. Humanitar sual verir: “Niyə?” Texnat soruşur: “Necə daha sürətli?” Humanitar keçmişə baxmadan gələcəyin qurula bilməyəcəyini bilir. Texnat isə keçmişi arxiv problemi sayır…

Burada texnokratla texnat arasındakı fərqi də görməkdə fayda var:

Texnokrat idarəçi, sistemin içində rəsmi mövqe, peşə və status bildirir.Texnat isə peşə yox, şüur formasıdır, vəzifə yox, dünya baxışıdır, təkcə hakimiyyət yox, mentalitet deməkdir…

Borxes bu fərqi çoxdan görmüşdü. Onun labirintləri texniki baxımdan mükəmməl qurulmuş strukturlar deyildi; onlar yaddaşın, ehtimalın, çaşqınlığın məkanlarıdır. Borxes üçün bilik heç vaxt tam deyil. Hər kitab başqa kitabın kölgəsidir. Hər cavab yeni sual yaradır. Texnat isə labirinti sevmir. O, düz xətləri sevir. Çünki düz xətt optimallaşdırılır.

Vitgenşteyn deyirdi ki, “dilimin sərhədləri dünyamın sərhədləridir”. Texnat bu fikri başqa cür oxuyur: “Modelimin sərhədləri dünyamın sərhədləridir”. Modelə düşməyən hər şey ya səhvdir ya da mövcud deyil. Halbuki insanın böyük hissəsi modelə düşmür: hiss, qorxu, vicdan, peşmanlıq, xatirə, səssizlik. Texnat bunları “səs-küy” adlandırır.

Süni intellekt bu qarşıdurmanı daha da kəskinləşdirdi. Çünki süni intellekt texnat düşüncənin zirvəsidir. O, statistik olaraq düzgün cavab verir. Amma “doğru” ilə “haqlı” arasında fərq qoymur. O, mətni tanıyır, amma mənanı yaşamır. Yaddaşı var, amma xatirəsi yoxdur. Tarixi bilir, amma taleyi anlamır.

Texnat üçün bu kifayətdir. Çünki məqsəd anlamaq yox, proqnozlaşdırmaqdır. Amma insan yalnız proqnozdan ibarət deyil. İnsan sürprizdir. Yanlışdır. Ziddiyyətdir. Texnat isə ziddiyyəti sistem xətası sayır.

Ən təhlükəli məqam da budur. Texnatlar gələcəyi qururlar, amma o gələcəkdə insanın hansı formada yaşayacağını sual etmirlər. Onlar üçün ideal cəmiyyət problemsiz işləyən mexanizmdir. Halbuki problemsiz cəmiyyət cansız cəmiyyətdir. Yaşayan hər şeydə çat var.

Humanitar düşüncə bu çatları qorumağa çalışır. Çünki çatdan işıq düşür. Ədəbiyyat, fəlsəfə, tarix məhz bu çatların içində yaranır. Texnat isə çatları bağlamaq istəyir. Çünki çat optimallaşdırmaya mane olur.

Bu yazı texnologiyaya qarşı deyil. Texnologiya lazımdır. Amma texnologiyanı məqsədə çevirən düşüncəyə qarşıdır. 

İnsan alqoritmə sığışmır. 

Sığışdırılanda isə insanlıq itir.

Gələcək texnatların olacaq – bu, qaçılmazdır. Amma əgər humanitar yaddaş, dil və etik refleksiya bu gələcəkdə yer tapmasa, o zaman texniki cəhətdən mükəmməl, mənəvi baxımdan boş bir dünya qurulacaq – Sürətli, səssiz və yad.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
ayna.az

1Источники