RU

Deputat: "Təxribat törədənlər Azərbaycana təhvil verilməlidir"

Bu il fevralın 19-da Vaşinqton şəhərində baş verən və təxribat xarakterli hərəkətlərlə müşayiət olunan radikal aksiya ətrafında diqqətçəkən məqamlar var. 

Belə ki, aksiyada iştirak edən şəxslərin əhəmiyyətli hissəsi Rusiya Federasiyası ilə sıx əlaqələrə malikdir. Onların bəziləri bu ölkənin vətəndaşıdır, digərləri uzun illər orada yaşayıb və ya intensiv səfərlər edib, daha sonra isə ABŞ-yə köçüb.

Bu əlaqələr sadəcə təsadüfdür, yoxsa əvvəlcədən planlaşdırılmış təxribatdır?

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a bildirib ki, fevralın 19-da Vaşinqtonda Azərbaycan Prezidentinə yönəlik bir tərbiyəsizlik çox təəssüf doğuran haldır.

Deputat vurğulayıb ki, bu  təxribat bütövlükdə Azərbaycan dövlətinə qarşı yönəlib: 

“Bu, fərdi olaraq hər birimizə,  Azərbaycan xalqına qarşı  təxribatdır. Şübhəsiz ki, bunun arxasında müəyyən qüvvələr dayanır və bu da sirr deyil. 2020-ci ildə İkinci Qarabağ savaşında möhtəşəm bir qələbə qazandıq. Sonrakı proseslərdə isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam şəkildə bərpa etdik.

Cənab Prezidentin bununla bağlı fikirləri var. O, çıxışlarında dəfələrlə vurğulayıb ki, biz yerindən elə daşları tərpətmişik, bunu bizə bağışlamayacaqlar. Bu, həqiqətən də doğru təsbitdir.  

Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, burada bir çox güclərin böyük planları var və biz həmin planları pozmuşuq. Biz dövlət və xalq olaraq da bunun fərqində olmalıyıq. 

Cənab Prezident zamanında çox doğru təsbit etmişdi ki, bunu bizə bağışlanmayacaqlar. Bu gün şahidi olduğumuz təxribatların arxasında da məhz həmin güclər dayanır”.

Arzuxan Əlizadənin sözlərinə görə, məsələnin ən təəssüf doğuran və ən iyrənc tərəfi ondan ibarətdir ki, həmin qüvvələr öz içimizdən olanlardan alət kimi istifadə edirlər:

“İstifadə olunanlar təxribatın, bilavasitə planın içində yer alanlar ya fərqində deyillər, amma inanmıram ki, tam fərqində olmayalar. Çox hallarda onlar nəyinsə müqabilində, məsələn, maddi vəsait, yaşamaq üçün sığınacaq veriləsi və ya digər vədlər müqabilində həmin rolları qəbul edirlər. 

Təbii ki, bunun arxasında birbaşa maliyyə dayanır. Həmin qüvvələr başıpozuqlardan bu təxribatlarda istifadə edirlər. Onlar fərqində olmalıdırlar ki, istifadə olunduqdan müəyyən müddət sonra heç kəsə lazım olmayacaqlar. 

Hər kəsin fərqində olmalı olduğu əsas məqam isə budur ki, bu, dövlət başçısına qarşı aparılan kampaniya deyil. Bu, bütövlükdə Azərbaycan dövlətinə, vətəninə, xalqına və millətinə qarşı yönəlmiş  kampaniyadır. Bundan böyük cinayət ola bilməz. Bu, açıq-aşkar xəyanətdir və elə də qiymətləndirilməlidir”.

Deputat  istisna etmir ki, bu məsələnin bir ucu Rusiyaya gedib çıxır:

“Avropa Parlamentində müəyyən fraksiyalar var ki, Azərbaycanla bağlı qərəzli sənədlərin qəbul edilməsində canfəşanlıq göstərirlər və nə qədər paradoksal olsa da, onlar Rusiyadan maliyyələşirlər. 

Bugünkü təxribatların arxasında da Rusiya izi birmənalı olaraq görünür. Araşdırmalar göstərir ki, həmin təxribatçıların içərisində bir neçəsi Rusiya ilə əlaqəli şəxslərdir. Belə ki, bəziləri Rusiya vətəndaşıdır, dırnaqarası azərbaycanlı adı daşısalar da Rusiya vətəndaşlığı olanlar var və onların Rusiyaya dəfələrlə gedib-gəlmə faktları müəyyən olunub.

Maraqlıdır ki, bu gün Rusiya və Qərb gücləri Ukrayna məkanında savaşdadırlar. Bundan əvvəlki bir çox məsələlərdə qarşı-qarşıya idilər. Amma Azərbaycanla bağlı məsələlərdə  bu tərəflərin maraqları toqquşur. 

Bu maraqlar toqquşması eyni zamanda Azərbaycana qarşı növbəti belə bir demarş kimi də qəbul edilməlidir. Davam etməsi mümkündür, amma biz hər birimiz ayıq-sayıq olmalıyıq. Dövlət başçımız Azərbaycan dövlətinin əsas atributlarından biridir. 

Ona qarşı yönələn hər bir təxribat isə bizim özümüzə qarşı yönəlmiş təxribat kimi qəbul edilməlidir və hər birimiz buna adekvat cavab verməliyik. Həmin xəyanətkarlarla bağlı həmin ölkələrin rəhbərliklərinə və hüquq mühafizə orqanlarına müraciət olunmalıdır ki, onlar Azərbaycana təhvil verilsin və Azərbaycan qanunları ilə məsuliyyətə cəlb edilsinlər”. 

Arzuxan Əlizadə bildirib ki, indi o cür şoularla Azərbaycanın adını ləkələmək və qaralamaq mümkün deyil:

“Azərbaycan bu gün regionun əsas lider dövlətidir. Artıq, nə qədər istəməsələr də, regionda Azərbaycanın liderliyini və qüdrətli bir dövlət olduğunu - həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan əsas əhəmiyyətli dövlət olduğunu qəbul etməyə məcburdurlar. Böyük güclər də artıq Azərbaycanla hesablaşırlar.

Danılmaz faktdır ki, regionda həyata keçirilən hər hansı layihədə mütləq Azərbaycan da iştirak etməlidir. Azərbaycansız hər hansı bir layihənin həyata keçirilməsi mümkün deyil və bunun fərqindədirlər. Bunun qəbullanmayan güclərdən biri də şimal qonşumuzdur. 

Həmin qüvvələr Azərbaycanın və ya digər şəkildə regionun maraqlarını hədəfə almaq və şər-böhtan kampaniyaları aparmaqda maraqlıdırlar. 19 fevralda Vaşinqtonda baş verən təxribat da elə həmin dairələrin növbəti addımı kimi qəbul edilməlidir. 

Amma bunlarla bizi doğru yolumuzdan sapdırmaq mümkün deyil. Azərbaycan dövləti qüdrətli dövlətdir, Azərbaycan xalqı isə yenilməz xalqdır. Biz siyasi iradəmizi ortaya qoymuşuq və dünya artıq Azərbaycanın xalqının nəyə qadir olduğunun fərqindədir. 

Bu cür təxribatlarla bizi yolumuzdan sapdırmaq mümkün deyil. Sadəcə olaraq, xalq olaraq, millət olaraq, siyasi mövqeyimizdən asılı olmayaraq, Azərbaycan dövlətinin və Prezidentinin yanında olmalıyıq”.

Избранный
25
1
cebheinfo.az

2Источники