Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Naxçıvan, 24 fevral, N.Əsgərov, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırmasının ikinci mərhələsi 2026-cı ilin aprel–may aylarında keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci mərhələsi ilə bağlı media nümayəndələri üçün brifinqdə çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.
Onun sözlərinə görə, II mərhələsi Azərbaycan və rus bölmələri üzrə Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, İnformatika, Tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya, Texnologiya, İngilis dili, Rus dili, Fransız dili, Alman dili, Musiqi, Təsviri incəsənət, Fiziki tərbiyə, İbtidai sinif və Gənclərin çağırışaqədər hazırlığı fənləri üzrə müəllimlər cəlb olunacaq.
Nazir bildirilib ki, sertifikatlaşdırmanın test mərhələsində iştirak edəcək müəllimlərə Azərbaycan Respublikası Təhsil İnstitutunun müvafiq resurslarından istifadə tövsiyə olunur. Bununla bağlı “Test mərhələsinin qiymətləndirmə çərçivəsi” və İnstitut tərəfindən hazırlanmış videoresurslar təhsilverənlərin istifadəsinə təqdim edilib.
Elxan Nəcəfov əlavə edib ki, Naxçıvanda sertifikatlaşdırmanın ikinci mərhələsində 3 min müəllim iştirak edəcək: “Təhsilverənlərin sertifikatlaşdırma prosesindən azad olunanlar sırasında hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət başa çatdıqdan sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar (uşağını təkbaşına böyüdən şəxslər) yer alır. Dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən və 2021-ci ildə sertifikatlaşdırmadan uğur qazanan,
2021–2022-ci illərdə sertifikatlaşdırmadan uğur qazana bilməyən müəllimlər isə bu dövriyyədə iştirak edəcəklər”.
Nazir qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təhsilin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.