RU

Beynəlxalq humanitar təşəbbüslərdə iştirak Azərbaycanın “yumşaq güc” komponentini formalaşdırır ŞƏRH

Bakı, 24 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Sülh Şurasına dəvət olunması və həmin platformada iştirakı Azərbaycanın beynəlxalq sistemdə artan siyasi çəkisinin göstəricisi kimi qiymətləndirilə bilər. Belə platformalar adətən qlobal təhlükəsizlik, münaqişələrin həlli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu məkanlardır və burada iştirak dövlətin diplomatik etibarlılıq səviyyəsini əks etdirir. Azərbaycanın son illərdə regional münaqişələrin həlli, xüsusilə postmünaqişə mərhələsində sülh gündəliyinin təşviqi istiqamətində atdığı addımlar bu dəvətin siyasi əsaslarını formalaşdırır. Bu baxımdan iştirak yalnız protokol xarakterli hadisə deyil, həm də Azərbaycanın regional aktordan daha geniş geosiyasi miqyasda qəbul edilməsinin indikatorudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

O bildirib ki Azərbaycanın Sülh Şurasına və ümumiyyətlə, qlobal sülh təşəbbüslərinə verdiyi töhfələr əsasən üç istiqamətdə təhlil oluna bilər: birincisi, münaqişədən sonrakı reabilitasiya və reinteqrasiya siyasəti, ikincisi, çoxtərəfli diplomatiya və vasitəçilik platformalarında aktiv iştirak, üçüncüsü isə enerji və nəqliyyat təhlükəsizliyi vasitəsilə sabitliyə töhfə. Xüsusilə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması fonunda Azərbaycanın kommunikasiya xətlərinin açılması, regional əməkdaşlıq formatlarının təşviqi və qarşılıqlı iqtisadi asılılığın artırılması istiqamətində mövqeyi sülhün institusional əsaslarını möhkəmləndirməyə yönəlib. Bu yanaşma hərbi-siyasi qələbəni uzunmüddətli siyasi sabitliyə transformasiya etmək strategiyası kimi çıxış edir.

“Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərdə iştirakı, müxtəlif dini və mədəniyyətlərarası dialoq platformalarına ev sahibliyi etməsi və inkişaf etməkdə olan ölkələrə göstərdiyi humanitar yardım da sülh siyasətinin “yumşaq güc” komponentini formalaşdırır. Sülh yalnız müharibənin olmaması deyil, həm də davamlı inkişaf, sosial rifah və qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Bu kontekstdə Prezident İlham Əliyevin Sülh Şurasında iştirakı Azərbaycanın özünü yalnız regional təhlükəsizlik aktoru deyil, həm də normativ və siyasi səviyyədə sülh təşəbbüslərinin tərəfdarı kimi təqdim etməsinə xidmət edir”, - deyə politoloq vurğulayıb.

Избранный
24
azertag.az

1Источники