RU

Bakıda evin bir kv.m i 3000, İstanbulda 1100 manat...

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

2026-cı ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 mənzil alıb. 

Bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 mənzil və ya 8 faiz çoxdur. Yanvar ayında azərbaycanlılar Türkiyədə ən çox ev alan xaricilər arasında 7-ci yerdə qərarlaşıb. Maraqlıdır, Azərbaycan vətəndaşları ev almaq üçün niyə xarici ölkələr arasında məhz Türkiyəni seçirlər? 

İqtisadçı-ekspert Xalid Kərimli “Cebheinfo.az”-a bildirib ki, vətəndaşların əmlak almaq üçün Türkiyəyə üz tutmasının əsas səbəbi ölkələr arasında yaxın münasibətlərdir. “İnsanların uzaq ölkədə deyil, həm yaxın, həm də qardaş saydıqları Türkiyədə əmlak almağa üstünlük vermələri normal haldır”. Ekspert bildirir ki, strateji tərəfdaşlıq, rahat gediş-gəliş və mədəni yaxınlıq da bu seçimi şərtləndirir. 

Bəs mənzillər Türkiyədə yoxsa, Azərbaycanda daha bahadır? 

İqtisadçı- ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, faktiki bazar qiymətlərini müqayisə etsək, Bakı şəhərində mərkəz rayonlarda 1 kvadratmetr mənzilin 3000-5000 manat aralığında dəyişməsinin şahidi olarıq. Kənar ərazilərdə isə əsasən qiymət 1500-2000 manat arasında dəyişir. 

“İstanbulda hazırkı qiymətlə 1 kvadratmetr mənzilin qiyməti 25000TL türk lirəsidir, bu da təxminən 1100 manat civarında dəyişir. Bakı şəhərinin mərkəzində 1 kvadratmetrə görə qiymətlər İstanbulun mərkəzi ərazilərində olan qiymətlərdən təxminən 2-2,5 dəfə bahadır. 

Vətəndaşlar daha çox Ankara, İzmir, İstanbul şəhərlərində mənzil almağa üstünlük verirlər. Bunun bir sıra səbəbləri var. İstanbul, İzmir və Ankaranın mərkəzlərində yüksək kirayə tələbləri olduğuna görə Azərbaycan vətəndaşları kommersiya məqsədi ilə bu şəhərlərdən mənzil alırlar. 

Digər tərəfdən isə vətəndaşlıq alma, uzunmüddətli oturum icazəsinin əldə olmasına görə də daşınmaz əmlakın olması şərti var və buna görə də Türkiyənin əmlak bazarına azərbaycanlılar tərəfindən diqqət artır”. 

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları eyni zamanda bəzi hallarda leqal gəlirlərini də Türkiyə əmlak bazarlarına daşımaqla gələcək üçün müəyyən sığortalayıcı hal kimi istifadə edirlər: 

“Türkiyədə kirayə tələbinin yüksək olması Azərbaycan vətəndaşlarını oradan mənzil almağa sövq edən əsas amillərdəndir. Türkiyədə artıq mülkiyyət hüququ tanınan yaşayış binaları ilə bağlı dövlət standartları da qəbul olunub. 

Təəssüf ki, ölkəmizdə bu standartlar şəffaf və etibarlı şəkildə tətbiq olunmur”. Ekspert bildirir ki, Türkiyədə seysmoloji risklər yüksək olduğu üçün binalarla bağlı dövlət tərəfindən mütəmadi olaraq qiymətləndirmələr həyata keçirilir, monitorinqlər aparılır. 

Bu da Türkiyənin əmlak bazarına güvən yaradan hallardan biridir. Həmçinin, xarici ölkə vətəndaşlarını, o cümlədən Azərbaycan vətəndaşlarını Türkiyə amlak bazarından mənzil almağa sövq edən digər vacib məqamdır. Qeyd edək ki, 2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

evlər Xalid Kərimli Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
1
cebheinfo.az

2Источники