RU

Putinin ordusunda ŞOK itkilər - SİYAHI, RƏQƏMLƏR

4 il əvvəl Kreml Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adlandırdığı işğala başlayanda Rusiya cəmiyyətinə qısa qələbə vəd edilirdi. Bu gün isə həmin vədin yerində yalnız bitib-tükənməyən nekroloq siyahıları, adsız məzarlar və gizlədilən statistika qalıb.

Turkustan.az xəbər verir ki, BBC, Mediazona və açıq mənbələri araşdıran könüllülərin hesablamaları göstərir ki, Ukraynanın işğalının 4 ili ərzində ən azı 200 min 186 rus hərbçisi həlak olub.

Bu, yalnız adı müəyyən edilə bilənlərdir. Real rəqəm daha böyükdür. Bu rəqəm Kremlin öz vətəndaşlarına münasibətinin göstəricisidir. Çünki ölənlərin 57 faizi peşəkar hərbçi deyildi. Onlar cəza koloniyalarından çıxarılan məhkumlar, kasıb rayonlardan toplanan könüllülər, müqavilə ilə cəlb edilən işsizlər və həyatın dalana dirədiyi insanlardır. Başqa sözlə, Kreml müharibəni ilk növbədə cəmiyyətin ən müdafiəsiz təbəqələrinin qanı hesabına aparır.

Kreml gizlətsə də, nekroloqlar “danışır”

Son bir ayda siyahıya 35 min yeni adın əlavə edilməsi müharibənin miqyasını açıq şəkildə ortaya qoydu. Bu artım cəbhədə qəfil baş verən döyüşlərlə deyil, illərlə gizlədilən ölüm faktlarının dövlət reyestrlərində üzə çıxması ilə bağlıdır. Miras sənədləri, yerli qəzetlərdə dərc olunan nekroloqlar və regional məlumat bazaları Kremlin susqunluğunu pozan əsas mənbəyə çevrilib. Bu siyahılar bir həqiqəti təsdiqləyir: Rusiyada müharibənin rəsmi statistikası ilə real itkilər arasında uçurum var. Dövlət televiziya kanalları “irəliləyiş” reportajları yayımlayarkən, ölkənin ucqar kəndlərində ard-arda tabutlar torpağa tapşırılır.Araşdırmalar göstərir ki, 2025-ci il Rusiya ordusu üçün ən qanlı il olub. Artıq on minlərlə ölüm təsdiqlənib və yekun rəqəmin 90 min nəfəri keçəcəyi ehtimal olunur. Bu, müharibənin əvvəlində Kremlin təsəvvür etdiyi “qısa kampaniya”nın çoxdan bitdiyini göstərir. Maraqlıdır ki, bu itkilər diplomatik danışıqlar, sülh mesajları və beynəlxalq təzyiqlər fonunda baş verib. Yəni Kreml masada sülhdən danışsa da, cəbhədə insan dalğaları göndərmək taktikasından imtina etməyib.

Volqoqraddan olan 46 yaşlı Aleksey Sitnikovun hekayəsi bu müharibənin simvoluna çevrilə bilər. Ayaqlarının bir hissəsi amputasiya olunmuş, normal yeriməkdə çətinlik çəkən bu adam müqavilə imzaladı, qısa hazırlıq keçdi və cəbhəyə göndərildi. Üç gün sonra öldürüldü. Bu, istisna deyil, sistemdir. Çoxsaylı məlumatlar göstərir ki: tibbi yoxlamalar formal xarakter daşıyır; təlim müddəti bəzən bir neçə günlə məhdudlaşır; yeni gələnlər birbaşa ən təhlükəli hücum bölmələrinə göndərilir; ordunun əsas “insan ehtiyatı” artıq orta yaşlı və fiziki imkanları məhdud şəxslərdir. Bu, ordunun gücləndiyini deyil, tükəndiyini göstərən əlamətdir.

Müharibənin yükünü Moskva yox, kasıb regionlar daşıyır

Statistika başqa bir həqiqəti də üzə çıxarır: bu müharibədə Moskva ölmür. Ölənlər Rusiyanın ucqar kəndlərindən, yoxsul respublikalarından, sosial perspektivi olmayan regionlardan gəlir. Paytaxtda hər 10 min kişidən yalnız bir neçəsi müharibədə ölübsə, Tuva, Buryatiya və digər kasıb bölgələrdə bu göstərici onlarla dəfə yüksəkdir. Bu regionlarda müqavilə maaşı bir çox ailə üçün yeganə çıxış yolu kimi təqdim olunur.Beləliklə, Kreml faktiki olaraq müharibəni periferiyanın hesabına aparır, paytaxt isə bu faciəni televizor ekranından izləməklə kifayətlənir.
Müharibənin ilk illərində ölənlərin böyük hissəsi həbsxana koloniyalarından çıxarılan məhkumlar və işğal olunmuş Donetsk-Luqansk bölgələrinin sakinləri idi. Onların çoxunun Rusiyada ailəsi, sosial əlaqələri və ya ictimai səsi yox idi. Onlar öldükdə ölkə susurdu. Bu, təsadüfi deyil. Analitiklər hesab edir ki, Kremlin əsas strategiyası itkiləri cəmiyyətin siyasi təsir gücü olmayan hissələri arasında cəmləşdirmək idi. Çünki paytaxt övladlarını itirməyə başlayanda müharibələr bitir. Müharibə başlayandan bəri təxminən 7 min rus zabiti həlak olub. Bu, ordunun idarəetmə sistemini sarsıdan ağır zərbədir. Yeni zabitlərin hazırlanması illər tələb etdiyindən, Kreml cəbhədə sağ qalan sıravi əsgərləri sürətlə komandir təyin edir. Eyni zamanda, generallar da təhlükəsiz deyil. Müharibə ərzində ən azı 13 rus generalı öldürülüb, bəziləri cəbhədə, bəziləri isə Rusiyanın özündə müəmmalı hücumlar nəticəsində öldürülüblər. 200 min nəfərin ölümü bir şəhərin yox olması, on minlərlə ailənin atasız, minlərlə uşağın yetim qalması deməkdir. Amma Rusiyada bu ölüm dalğası milli faciə kimi deyil, statistik sətirlər kimi təqdim olunur. Çünki Kreml üçün əsas məsələ itkilərin sayı deyil, müharibənin davam etməsidir. /Musavat.com/

Избранный
20
2
turkustan.az

3Источники