RU

Rusiyanın təzyiq ssenariləri bir neçə kateqoriyada qiymətləndirilə bilər POLİTOLOQ AÇIQLADI

ain.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Rusiya ilə Ermənistan arasında münasibətlərdə müşahidə olunan gərginlik, xüsusilə Ermənistanın seçkiöncəsi dövründə ciddi geosiyasi və təhlükəsizlik risklərini ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Moskva və İrəvan arasında strateji fərqliliklər, ziddiyyətlər, eləcə də Ermənistanın Qərb ölkələri ilə əlaqələrini genişləndirməsi Rusiya üçün regiondakı mövqelərini qorumaq baxımından narahatlıq mənbəyidir: "Bu kontekst, Rusiya tərəfindən seçkiöncəsi dövrdə müxtəlif təsir mexanizmlərinin işə salınması ehtimalını artırır. Rusiya tərəfindən tətbiq edilə biləcək təzyiq ssenariləri bir neçə kateqoriyada qiymətləndirilə bilər. Siyasi təsir mexanizmləri arasında daxili siyasi qüvvələrin fəallaşdırılması, Kremlin tərəfdarı hesab olunan partiyaların seçki kampaniyalarında aktivləşdirilməsi, həmçinin diplomatik mesajlar və ultimatumların göndərilməsi yer alır. Məqsəd hökumətin legitimliyini zəiflətmək, seçkiöncəsi ictimai etimadsızlıq yaratmaq və strateji qərarlarda təzyiq göstərməkdir. Hərbi və təhlükəsizlik təzyiqləri də mühüm rol oynaya bilər. Moskva sərhəd bölgələrində hərbi manevrləri artıraraq və 102-ci hərbi bazanın statusunu strateji mesaj mexanizmi kimi istifadə edərək Ermənistan hökumətinə təzyiq göstərə bilər.

İqtisadi və enerji rıçaqları Rusiya üçün daha incə, lakin effektli təzyiq vasitəsidir. Təbii qaz və elektrik tədarükünün məhdudlaşdırılması, idxal-ixrac kanallarına nəzarət, eləcə də investisiya axınlarının manipulyasiyası Ermənistan hökumətinə təzyiq yarada bilər. İnformasiya və hibrid təzyiqlər də Rusiya tərəfindən fəal şəkildə istifadə oluna bilər. Media və sosial şəbəkələrdə seçki kampaniyalarına təsir, dezinformasiya və ictimai narazılığın artırılması yolu ilə daxili siyasi stabillik zəiflədilə bilər. Bu, həm hökumətin, həm də seçki prosesinin legitimliyinə təsir göstərmək üçün kifayət qədər çevik və effektiv vasitədir.

Yəni belə demək mümkünsə seçkiöncəsi dövrdə Rusiya tərəfindən Ermənistana qarşı həm siyasi, həm iqtisadi, həm də hərbi və hibrid təzyiq ssenarilərinin həyata keçiriləcəyi olduqca real görünür. Düşünürəm ki, daha çox informasiya və iqtisadi kanallar vasitəsilə təzyiq müşhaidə olunacaq. Lakin buna baxmayaraq Ermənistan Qərb müttəfiqlərinin köməyi və düzgün atılan addımlarla Rusiya təsirlərini müəyyən dərəcədə neytrallaşdıra bilər. Beləliklə, Rusiya-Ermənistan münasibətlərindəki gərginlik yalnız daxili siyasi proseslərə deyil, həm də region təhlükəsizliyinə təsir göstərir və strateji qərarların alınmasında önəmli rol oynayır. Odur ki, seçkiöncəsi dövr, həm region aktorları, həm də beynəlxalq müşahidəçilər üçün diqqətlə izlənməli bir mərhələdir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
sia.az

2Источники