RU

Müqavimət simvolundan təcrid olunmuş liderə: Müharibə onları necə dəyişdi?

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

1460 gündür davam edən Rusiya-Ukrayna arasında gedən genişmiqyaslı müharibədə əsas diqqət mərkəzində Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin durur. Onların qərarları, idarəetmə tərzi və beynəlxalq mövqeləri müharibənin gedişatını müəyyən edib.

Qaynarinfo xəbər verir ki, "Sky News" hər iki liderin imicinin ölkə daxilində, beynəlxalq aləmdə və şəxsən necə dəyişdiyini təhlil ediblər.

Zelenski - şoumenlikdən müqavimət simvoluna

Müharibə illərində Volodimir Zelenski müasir liderlər arasında ən diqqətçəkən dəyişikliklərdən birini yaşayıb. Siyasi olaraq təcrübəsiz kimi görünən lider, demokratiya və müqavimət simvoluna çevrilib.

2022-ci il işğalının əvvəlində onun Kiyevdə qalmaq qərarı həlledici məqam idi. İddialara görə, o, müttəfiqlərinə bu sözlərlə cavab verib:

"Döyüş başladı. Mənə nəqliyyat yox, sursat lazımdır".

O vaxtdan etibarən gündəlik videomüraciətlər, cəbhəyə səfərlər və davamlı ictimai çıxışlar onun idarəçilik üslubunun tərkib hissəsinə çevrilib. Müharibə əvvəli kostyum geyinən prezident, indi demək olar ki, yalnız hərbi geyimdə görünür və bu, onun müharibə dövrü lideri obrazını gücləndirir.

Cəmiyyətin yorğunluğu, iqtisadi çətinliklər və daxili qalmaqallarına baxmayaraq, Zelenskinin dəstəyi nisbətən yüksək səviyyədə qalır.

Beynəlxalq arenada o, Ukraynanın diplomatik səylərinin simasına çevrilib. Müxtəlif ölkələrin parlamentlərinə müraciət edərək, müharibəni demokratiya ilə avtoritarizm arasındakı mübarizə kimi təqdim edib və əsas müttəfiqlərin dəstəyini qoruyub.

Müharibə onun şəxsi həyatına da təsir göstərib: işğalın başlanğıcında ailəsi təhlükəsizlik səbəbilə təxliyə edilib. Birinci xanım Telena Zelenskaya bildirir ki, prezident ailəsi ilə zaman keçirməkdə daha həssas olub və sadə şeyləri daha çox dəyərləndirir.

Putin - izolyasiya və "müharibə dövrü lideri" rolu

Vladimir Putin üçün dörd illik müharibə həm beynəlxalq statusunu, həm də daxili rolunu dəyişdirib. 2022-dək Qərblə münasibətlər gərgin olsa da, işğaldan sonra Rusiya diplomatik izolyasiyada qalıb.

Ölkə daxilində dəstək dövlət informasiya siyasəti, müxalifətin məhdudlaşdırılması və səfərbərlik ritorikası sayəsində saxlanılır. İlk dövrdə müsbət rəy artımı sonradan sanksiyalar, səfərbərlik və həyat xərclərinin artımı ilə bir qədər azalsa da, rəsmi sorğular yüksək dəstək göstərir.

2022-ci ildən bəri Rusiya mediasına ciddi nəzarət gücləndirilib, müharibəni tənqid edənlər cinayət məsuliyyətinə cəlb edilə bilər. Buna baxmayaraq, hərbi ailələrdən bəzi narazılıq səsləri eşidilir.

Beynəlxalq səviyyədə Kremlin tərəfdaş dairəsi daralıb, Moskva ilə əməkdaşlığa açıq ölkələrlə işləyir. ABŞ-la əlaqələr isə siyasi konyunkturdan asılı olaraq dəyişib.

Şəxsi baxımdan Putin də müharibənin onu dəyişdirdiyini qəbul edib: bir mətbuat konfransında bildirib ki, daha az zarafat edir və demək olar ki, gülmür. Onun fiziki və diplomatik izolyasiyası da əvvəlki dövrə nisbətən artıb.

Günay

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
qaynarinfo.az

1Источники