RU

“Vətəndaşlar azad olunmuş ərazilərdəki evlərini özləri tiksin”

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdəki evlərini özlərinin tikməsi ilə bağlı təklif irəli sürülüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında danışıb. 

Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür - evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır: “Amma, dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir.

Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Səbəb sadədir: iş yeri azdır, dolanışıq zəif, iqtisadi həyat formalaşmayıb. 

Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək”.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
qafqazinfo.az

1Источники