Xalq rəssamı Davud Kazımov lirik mənzərələri, əmək mövzusuna həsr olunmuş süjetli tabloları və yüksək bədii keyfiyyətə malik qrafika əsərləri ilə Azərbaycan təsviri sənətində özünəməxsus yer tutur. O, yaradıcılığında ölkənin cənub bölgələrinin təbiətini və insanlarını, eləcə də Xəzər dənizində yerləşən “Neft Daşları”ndakı neftçilərin həyatını böyük ustalıqla əks etdirib. Bolqarıstan, İspaniya və digər ölkələrə səfərlər zamanı əldə etdiyi müşahidə və təəssüratlar əsasında yaratdığı silsilə əsərlər Davud Kazımovun bədii dünyasını daha da zənginləşdirib. Xüsusilə vurğulamaq lazımdır ki, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və Mirzə Əli Möcüz kimi ədiblərin əsərlərinə verdiyi bədii tərtibat Azərbaycan kitab qrafikası sahəsinə mühüm töhfə olub. Ekspozisiyada müəllifin natürmortları, portretləri və tematik tabloları xüsusi yer tutur. Birinci zalda nümayiş olunan “Nərgizlər”, “Xrizantemlər”, “Asterlər” adlı çiçək natürmortları rəssamın incə kolorit duyumunu və rəng harmoniyasına həssas münasibətini parlaq şəkildə əks etdirir. Bu əsərlərdə ləçəklərin zərif fakturası, işıq və kölgə keçidləri poetik ovqat yaradır və tamaşaçını estetik bir aləmə aparır.
“Səhər”, “İsti gün” adlı mənzərələrdə və digər tablolarında təbiətin nəfəsi, günəş işığının dinamikası, landşaftların emosional və canlı təsviri xüsusi diqqət çəkir. “Lənkəran qadınları” əsərində isə yerli sakinlərin xarakteri və həyat ritmi səmimi və parlaq boyalarla ifadə olunub. “Bolqar silsiləsi”, “Əl-Hambra” və “İspan rəqsi” əsərləri müəllifin xarici səfərlərindən qaynaqlanan təəssüratların bədii ümumiləşdirilməsini əks etdirir. Bu tablolar canlı kompozisiya vasitəsilə müxtəlif mədəni mühitlərin koloritini, hərəkətini və ritmini tamaşaçıya çatdırır. “Ana”, “Məhsul bayramı”, “Bağda” əsərlərində əmək, torpaq və insan mövzuları yüksək bədii həllini tapıb, “Xəzərin yeraltı sərvətləri” tablosunda isə neftçilərin fədakar həyatı təsvir olunub. Ekspozisiyanın sonunda nümayiş etdirilən videoçarx rəssamın həyat və yaradıcılıq yoluna ümumi baxış imkanı yaradır, ziyarətçilərdə Davud Kazımov haqqında dolğun və bütöv təsəvvür formalaşdırır.
Qeyd edək ki, Azərbaycanın Xalq rəssamı Davud Kazımovun 100 illik yubileyinə həsr olunmuş sərgi Azərbaycan Milli İncəsənət Muzeyində 31 mart 2026-cı il tarixinədək davam edəcək.