RU

“Efirlərə getmirəm, yolunu azanlara məsləhət verirəm, 1 ay doğum günüm qeyd olunur” - Səkinə İsmayılovadan 70 illik yubileyinə bir neçə söz - ÖZƏL+FOTO

“Azərbaycan xalqı çox gözəl xalqdır. Mən onlara təşəkkür edirəm ki, xalqım məni belə istəyir. 50 ildir ki, sənətə xidmət edirəm. Bu illər ərzində çox şükür olsun Allaha ki, bu sevgi artdı ki, azalmadı. Çünki hər kəs çox yaxşı bilir, görür ki, xalqımız sənətkarlarına dəyər verir. Mən düşünürəm ki, sən öz işini, sənətini, şəxsiyyətini sevəndə, qiymət verəndə xalq da səni sevir və dəyər verir”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, professor, “Şöhrət” ordenli, ustad xanəndə Səkinə İsmayılova deyib.
 
Doğum gününü, 70 illik yubileyini qeyd edən sənətkar efirlərə nadir hallarda çıxdığını bildirib:
“İllərdir ki, mən efirlərə getmirəm. Dəvət edirlər, çox deyirlər, israr edirlər, ürəklərini qırmamaq üçün deyirəm ki, “inşallah ad günümdə”. Fevral ayının əvvəlindən axırına qədər mənim doğum günüm qeyd olunur. Maşallah olsun. Dəyər verdiyim, istədiyim, qabiliyyətinə bələd olduğum aparıcıların verilişlərinə gedirəm. Bu il də fevral ayının əvvəlindən doğum günümü qeyd etməyə başlayıblar”.
 
Muğam sənətində yeniliklər edən xanım xanəndə bu sənəti hər zaman qoruduğunu bildirib:
“Çox şükür olsun Allaha ki, sənətlə bağlı elə bir arzum yoxdur. Həmişə sənətin düzgün istiqamətdə inkişaf etməsinə, Azərbaycan muğamının klassik ifa üslubunu qoruyaraq ona xidmət etmişəm. Zaman-zaman kimlərsə yolunu azanda onlara məsləhət verdim, onları bu yoldan çıxmamağa çağırdım. Çünki klassiklərdən, böyük sənətkarlardan bizə gələn muğamı zədələməyə ixtiyarımız yoxdur. Biz onu olduğu kimi də gələcək nəsillərə çatdırmağa çalışmalıyıq. Bu mənə hər zaman fərəh hiss verir ki, mən muğamı düzgün istiqamətdə təbliğ etmişəm. Bu gün də sənətə xidmət edirəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində dərs deyirəm, tələbələr yetişdirirəm. Bu da əlbəttə ki, məni sevindirir. Muğamımızın gələcəyi bizim gənclərin əlindədir”, - deyə sənətkar bildirib.
Избранный
19
moderator.az

1Источники